Onlayn ictimai-siyasi qəzet
“099RENTECAR″ Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru dələduzluqda ittiham edilərək hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, MMC-nin direktoru Cavidan avtomobillərin günlük icarəyə verilməsi ilə məşğul olub. O, tanışı Samirin “Toyoto” markalı maşınını icarəyə vermək, gündəlik qazanc əldə etmək üçün razı salıb. Bir müddət qazanc əldə etdikdən sonra sahibinin xəbəri olmadan avtomobili satıb. İstintaqla müəyyən edilib ki, zərərçəkmiş şəxsə 30 min manat ziyan dəyib.
Cavidan ifadəsində əməlindən peşman olduğunu, borclarının yaranmasına görə bu cür hərəkətə yol verdiyini deyib:
“Mənə baş etibarnamə verilmişdi. Borclarıma görə maşını satdım. Əldə etdiyim pulu da digər borclarıma verdim. Əməlimdən peşmanam. Dəymiş zərər ödənilib. Məhkəmədən bunu nəzərə almasını xahiş edirəm”.
Zərərçəkmiş Samirin ifadəsindən hadisənin üstünün necə açılması məlum olub: “Maşın Şirvan şəhərində icarəyə verilirdi. Bir müddət sonra maşını Şirvanda görmədim. Maraqlananda məlum oldu ki, maşın başqasının adına keçirilib”.
Samir zərər ödənildiyi üçün Cavidandan şikayətçi olmadığını deyib.
Məhkəmənin hökmü ilə Cavidan barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cavidan həbsdən azadlığa buraxılıb.
İ.Muradov
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ