Onlayn ictimai-siyasi qəzet
İnternetdə belə bir başlığa rast gəldim: “Deputatın qudası nazir müavininin adından istifadə etməklə dələduzluqda ittiham olunur”.
Hökumətimizin internetə baxan idarəsinə dərindən minnətdarıq, onların sayəsində 70 ildir bizim məhəlləyə fibrooptik əlaqə naqili çəkilib qurtarmaq bilmir. Hətta arada Somali qaçqınları yüksək sürətli internetə keçəcək, biz burdan-bura, Binəqədidə sürüncəkli qalmışıq.
Maraqlıdır ki, altı-yeddi il qabaq bu fibro teması çıxmışdı, 3-4 il qabaq gəlib baxıb getdilər, keçən ildən dirəklər basdırıldı, yazda kabelləri çəkdilər. İndi qalır interneti düzüb-qoşmaq, güman edirik bu hadisə də gələn ilə düzələr. Yadıma bir köhnə fotokollaj düşdü. Məzmunu belə idi ki, amerikalılar Marsda su axtarır, bizimkilər də suda mars. Uyğun olaraq “Kuriositi” qurğusunun və hansısa plyajda suyun içində nərd atan azərbaycanlıların fotoları verilmişdi.
Uzun sözün qısası, yəqin diqqətli oxucular da artıq bu ağlaşmanın mənasını anladılar: internetin zəif sürəti üzündən heç o xəbəri açıb içinə baxa bilmədim. Nəticədə indi mənə qaranlıq qalmışdır, həmin deputat kimdir, qudası niyə onun özünü qoyub nazir müavininin adından istifadə edib, o nazir müavini kimin müavinidir və sairə.
Həmçinin, nazirin öz adından istifadə edərək dələduzluq zamanı pul qazanmaq ehtimalı, müavininin adından yararlanıb dələduzluq etməkdən daha az gəlirlidirmi? Yəni, ümumilikdə söhbəti bilmirəm.
Bu isə vətəndaşlarımızı narahat edən amillərdən sayılır. Rabitə ciddi məsələdir. Cəmi 35 il qabaq əlini qulağının dibinə qoyub küçədə gedən adam görsək dəli deyərdik, indi isə mobil telefonu və tik-toku olmayan dəli sayılır.
Bəlkə elə bu cür yaxşıdır. İnternetin hamısını bağlasınlar, biz də başımızı ataq, sakitcə yataq. Əski zamanlardakı kimi. Allah Qorbaçovun evini yıxsın.
Lakin bir ümidverici ehtimalım var ki, həmin deputat mənim yaşadığım dairəni təmsil etmir. Çün, bizim deputat çoxdan ölübdür, yerinə isə başqasını qoymayıblar. Hərçənd, ola bilər bizim deputat sağdır. Bunu, türkün sözü, “komplo teorisi” kimi yazmıram. (Əlbəttə, Yer boşqab şəklindədir, buna sözüm yoxdur). Sadəcə, bizim deputat dünyada yeganə deputat idi ki, heç vaxt seçkidə divara şəklini vurmazdı. Seçicilərlə görüşməzdi. Bəzi videolarda deputatımızın yalnız əli görünürdü. Bir də maşınının kapotunu çəkənlər olub. Ancaq həmişə qutudan özü çıxırdı.
İndi biz onu diri olarkən yaxından görmədiyimiz, səsini eşitmədiyimiz üçün, güman edirik ölməyi də yalandır. Allah bilir. Bir də gördün növbəti seçkidə başqa dairədən çıxdı.
Əlbəttə, belə olsa bizim dairədə böyük narazıçılıq yaranacaqdır. Fövqəlbəşər keyfiyyətlərə malik, qeyb aləmindən xəbərdar deputatımızı yadlara qıyıb vermərik.
Çörəkli adam başqa şeydir. Adam var oxuya bilmədiyin xəbərindən köşə çıxır. Adam da var beş-üç milyon pul qazanmışdı, hələ də onun üstündə kimisə tuturlar. Söhbət Tağı müəllimdən gedir. Metronun müdiri olmuş adam. Yeraltı dünyasının kralı. Tağı müəllimin milyonlarını əkişdirmək üstündə MTN generallarından universitet müəllimlərinəcən bir sürü şəxs mühakimə edilib. Biz elə bilirdik onlar bitibdir. Lakin sən saydığını say... Metronun pulu tükənməyən yeraltı sərvətlərə daxildir, bunu öyrənmiş olduq. Təzəlikcə Tağı müəllimdən 2-3 milyon qoparan növbəti dələduzu ələ keçiriblər, məhkəməyə çıxarılıb. Tağı müəllimin özü isə, deyir, ağır xəstədir, əlil arabasında ifadə verməyə gəlirmiş.
Əlbəttə, əlillərin, xəstələrin pulunu yemək heç kimə qismət olmayıb, olmayacaq da. Bu haqda hədisdə deyilir ki, bir gün Harun...
Yenə internet kəsildi, hədis yarımçıq qaldı.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ