İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları döymək haqda pritça

Quska müəllim 6 il türmədə yatandan sonra azadlığına bir ay qalmışdı ki, şanlı hökumətimiz onun əməllərində yeni cinayət əlamətləri aşkar etdi. 5 milyon yeyintiyə yol veribdir. Tutulmazdan qabaq. 

Bundan hansı nəticə çıxarmaq olar? Deməli, şanlı hökumətimizin hələlik Quska müəllimi əfv eləmək barədə qəti qərarı yoxdur. Və nə qədər ki, o qərar yoxdur, müəllim içəridə dəxi 6 il yatsın - xeyri olmayacaqdır. Azadlığa çıxmağa az qalmış təzə cinayətlərinin tapılması mühəqqəqdir. Axırda işlətdiyim arxaik ərəb sözüdür, anlamı gerçək, doğru-zad deməkdir. 

Əlbəttə, Quska müəllimin türmədə saxlanması əsrlər boyunca davam edə bilməz. Heç burada hansısa çirkin məqsəd aramağın da mənası yoxdur. Maşallah, bizdə insan hüquqları əməlli qorunur. Tutulmalar da qanunvericiliyə əsasən olur. 

Yeri gəlmişkən, qanunvericilik yaxşı sözdür, qanun və vericilik hissələrindən yaranmışır. Müdriklər bizi öyrədibdir ki, eşq - verməklə alınır! Verdin - adındır, yedin - dadındır, qaldı - yadındır. Bu temada hələ bir pritça da bilirəm, onu mütləq bura pərçimləməliyəm. 

Deyir, qədim əyyamlarda bir sufi dərviş varmış, həqiqət axtarırmış. Gəzə-gəzə gəlir çıxır bir qalaçanın qabağına. Görür qalaçanın bir kərpici gümüşdən, bir kərpici qızıldan qayrılıb, başı buluddan nəm çəkir, ayağı yerdən. Nəsə, söhbəti çox uzatmayaq, yoxsa oxucular da bizə 6 il nallayar, tam haqlı olaraq. Dərviş qapını döyür, içəridən səs gəlir: “Kimsən?” Dərviş deyir: “Mənəm”. Səs deyir: “Çıx get, sənə burada yer yoxdur”. Dərviş kor-peşman minir qatara, qayıdır Naxçıvana (məsəl üçün). Uzun illər sonra yenə gəlir qapının önünə, içəridən yenə soruşurlar: “Kimsən?” Dərviş deyir: “Sən”. Bu dəfə qapı açılır. 

Şübhəsiz, burada anlayanlar üçün böyük hikmətlər yatır. Fürsətdən istifadə edərək Qazaxıstan prezidentinə təşəkkürümü çatdırıram, çünki onun sayəsində məşhur memarımız Elbəy müəllimin adının əslində Elbay olmasını öyrəndik. Halbuki neçə illərdir jurnalistlərimiz dirəşib kişinin ismi-şərifini Elbəy yazır. Belə şeyləri bilmək vacibdir. Məsələn, eks-mədəniyyət nazirimiz Əbülfəz müəllimin adı da sənəddə, dəftər-kitabda Əbülfəs idi. Bəzən Əbülfəz yazırdılar, Əbülfəz Elçibəylə qarışıq düşürdü. Axırda elə ona görə işdən çıxartdılar. Rəhbərliyi əsəbləşdirirmiş. 

Qayıdaq mövzuya. Mövzu isə odur ki, başqa bir istedadlı gəncimiz arvadı, model Razi xanımı narazi salmış, onu döymüşdü. Hökumətimiz də yenə haqlı olaraq cavanı türməyə basdı, neçə ilsə iş verildi. İndi təzə tema çıxıb, sən demə, bu gənc həm də dələduz və fırıldaqçıymış. Və kimi aldatsa yaxşıdır? Birbaşa Avropa Yenidənqurma və İnkişaf Bankını! Təsəvvür elə. Bu bankı 30 il qabaq Avropada hökumətlər qurublar ki, iqtisadiyatın inkişafına dəstək verilsin, bədbəxtlər bizim ölkədə fırıldaqçıya tuş olublar. Ölkəmizin beynəlxalq imicinə, ekonomik reytinqlərinə zərərdir. Arvadını döyürsən, cəhənnəmə döy. İqtisadiyyatımızın günahı nədir, ay yaramaz?! 

Yuxarıdakı abzasda yarıtmaz ifadəyə yol verdiyimi anlayıram. Heç kimi döymək olmaz. Ancaq nə etməli, təsir altına düşürük. Dünən adını çəkmək istəmədiyim bir xalq yazıçımızın müsahibəsini oxudum, deyir uşaqları döymək lazımdır, əks halda, müəllimə hörmət qoymazlar. 

Bu da bizim qabaqda gedən dəmirbəndli... Elə bil uşaq çaqqal-zaddır, sirkdə təlim keçirsən, arada qamçı vurmasan odlu halqanın arasından tullanmaz. O boyda yaş yaşayıb, hələ də anlamır ki, heç bir insanı - yaşından və məqsəddən asılı olmayaraq - döymək olmaz (yeri gəlmişkən, mən bu baxımdan boksu da idman yox, vəhşilik sayıram, lakin bu başqa temadır). 

Hələ “metodu” dəstək üçün müəllimlərin uşaq vaxtı özünü çox döydüyünü misal çəkir. Təvazökar adamdır. Hesab edir döyülməyi böyüməsində böyük rol oynamışdır.

Məşədi İbad demişkən, beləsini yıxıb yerə ağzına-ağzına vurasan...   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024