Onlayn ictimai-siyasi qəzet
Çox adamın bildiyi bir köhnə lətifə var. Yazım, bilməyənlər də bilsin.
Deməli, bir dəfə yol qırağında qoyulmuş nəzir qutusuna öz nəzirini salıb aram addımlarla yolun o üzünə keçən qarını maşın yüngülvari vurur, arvad asfalata yıxılır, bu dəmdə görür ki, bir cavan oğlan nəzir qutusuna ianə salır. Nənə qışqırır ki, ay oğul, ora nəzir salma, o qutu işləmir.
İndi onun sözü olmasın, üç gündən bəridir ABŞ-ın xarici siyasətini tənqid edənlərin önündə sinəsini sipərə çevirən həmvətənlərimizə demək istəyirəm ki, boşuna özünüzə əziyyət verməyin, “o qutu” işləmir. 2003-cü ilin oktyabrında xarab olandır, hələ də düzəltməyiblər.
Bəzi dostlar ABŞ səfirinin (eləcə də onun fransalı həmkarının) adının ölkəmizə “etinasızlıq”da çəkilməsindən xeyli pəjmürdə olublar: biri istehzayla deyir, bu nədir, ABŞ-a müharibə elan edirikmi, o biri həyəcanla deyir, indi ABŞ dönüb bizə sanksiya tətbiq eləsə, necə olacaq, bir başqası isə “daşdan keçən arqument” tapir: “Ona qalsa, Rusiyanın səfiri də Şuşaya getməyib, bəs onun adını niyə çəkmirik?”
Bu işlərdən agah olanlar isə deyirlər ki, Rusiya səfirinin Şuşaya “ayaqaçdısı” olub, amma o birilər ümumiyyətlə, getməyiblər və getməkdən imtina edirlər, öz tövrləri ilə göstərirlər ki, oralar mübahisəli ərazidir.
Nə oldu, dünyada o qədər separatçılıq motivi ilə mübahisəli duruma düşən regionlar var, heç biri mübahisəli olmadı, amma Pənahəli xanın daş qoyduğu Şuşa mübahisəli yer oldu?
İndi ABŞ-ın və ya Fransanın İspaniyadakı səfirləri bu ölkənin yekə bir parçası olan və sırf dinc yolla, referendumla ayrılmaq istəyən Kataloniyaya getmirlərmi? Getməsinlər, desinlər, ora mübahisəli yerdir. Amma əksinə elədilər axı. O vaxt Kataloniya Jeneralitetinin 130-cu prezidenti Karles Puçdemon xalqın iradəsi ilə Kataloniyanın İspaniyadan ayrılmasına dair aktı elan edəndə ABŞ da, Fransa da, o biri Avropa dövlətləri də yekdilliklə dedilər ki, katalonlar qələt edirlər, otursunlar yerlərində, onlar İspaniyadan ayrıla bilməzlər. Yazıq Puçedemonu isə futbol topuna döndərdilər, o ölkədən bu ölkəyə, bundan ona qova-qova durdular (heç “Barselona” o qədər ötürmə etmir), arada kişinin deputat mandatını da ləğv elədilər, bir neçə dəfə tutub təcridxanaya basdılar, hazırda bir ildir İtaliyanın Sardinya adasındadır və elə ediblər ki, sinyor adanı tərk edə bilmir.
Bəs eyni şeyi “artsax”ın haybaşısı Arayik Arutyunyana niyə etmədilər, etmirlər və etmək fikrində deyillər? Sabah bizim XTQ-nin igid əsgərləri Arayiki qulaqlayıb Bakıya gətirsələr, “narahatlıq” dolu bəyanatlar bir-birinə calanmayacaqmı?
Belə çıxır ki, İspaniya öz daxilindəki “məxməri separatizmi” hərbi güc yoluyla boğanda haqlıdır, amma Azərbaycan təpədən dırnağa qədər silahlanan və ölkəni terrora məruz qoyan “erməni separatizmi”ni Daşdəmirə döndərib yumşaldanda haqsızdır? Puçdemon pıxıdır, Arutyunyan çiçidir, ay Blinken?
Yazıq katalonlar ispanlara bir güllə, bir top atmamışdılar (“Barsa”nın “Real”ın qapısına vurduğu toplar sayılmır), amma onlara “siz də öz müqəddəratınızı həll etmək hüququna mailksiniz” deyən olmadı. Ümumi sayları 8 milyonu ötən, 151 ildir müstəqil olmaq istəyən katalonların dövləti yoxdur, amma o tərifli Qərb və Rusiya Qafqazda sayları 3 milyona çatmayan ermənilərə ikinci dövlət düzəltmək istəyirdilər.
Yəni dünyada belə işlər, belə haqsızlıqlar, ədalətsizliklər var. Və onlara cavab vermək lazım gələndə çox qəşəng bir bəhanə tapılır: “Bütün müqayisələr qüsurludur”. Bəli, qüsurludur, Puçdemon demokratdır, Arutunyan – terrorçu. Onlara tərsinə və fərqli yanaşanlar isə cığal və tərəfgirdir.
Əlbəttə, hamımız bilirik ki, bu məsələdə cənab səfirlərin təqsiri yoxdur. Okeanın o və bəriki tayındakı dövlətlərin baş binasından deyilir ki, Şuşaya getməyin, onlar da getmirlər. Bu səfirlərin yerində Azərbaycan sevdalısı Stenli Eskudero olsa, o da gedə bilməzdi.
Beş Şərq ölkəsində (İran, Hindistan, Pakistan, Tacikistan və Özbəkistan) səfir olmuş cənab Eskuderoya ona görə “Azərbaycan sevdalısı” deyirəm ki, o, 2000-ci ildə səfir missiyasını bitirəndən sonra ölkəsinə qayıtmadı və düz 22 ildir Bakıda yaşayır, burada karlı biznes qurub, siyasətə-filana da qarışmır.
Yeri gəlmişkən, hökumət dairələrinə bir ideya verim: hazırkı səfirlər Qarabağa getmirlərsə, elə Stenli bəyi avtobusa mindirib Şuşaya aparmaq olar. Qoy getsin, baxsın, əl-əlbət, xoşuna gələcək, bəlkə hələ orda biznes qurmaq da istəyəcək. Üstəlik, adam ovçuluğa meyllidir, ola bilər, Laçın meşələrindəki ayıların öhdəsindən özü gələcək.
Uzun sözün kəsəsi, ABŞ bizə qarşı düz eləmir, ona görə də biz onlara deməliyik ki, “sənin anan yaxşı qadındır, Con”, elə şeylər eləmə.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ