İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyənin NATO və nüvə texnologiyası HƏMAS-ın güdazına getdi 

 

Tehran və Ər-Riyad arasındakı general Qasım Süleymani səddi

Çinin vasitəçiliyi ilə İran ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər xeyli istiləşdi. İş o yerə çatdı ki, bu iki ölkə arasında qarşılıqlı şəkildə səfirliklər açıldı. Qərbin, xüsusən ABŞ-ın xoş qarşılamadığı bu proses yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri ilə müşahidə olundu. İran və Səudiyyə Ərəbistanı bir birinin ünvanına təriflər yağdırdılar. Bütün bunlara baxmayaraq bu ölkələr arasında mövcud olan antaqonist ziddiyyətlər aradan qalxmadı. Sadə bir misal deyim: Ötən bazar ertəsi Səudiyyənin “Əl-İttihad” futbol komandası Asiya Çempionlar Liqası matçında İranın “Sepahan” komandası ilə qarşılaşmaq üçün İsfahana səfər etdi. Bağdadda ABŞ tərəfindən öldürülən İnqilab Keşikçiləri Qvardiyasının generalı Qasım Süleymaninin 3 büstünü meydançanın girişində görən qonaqlar stadionu futbol oynamadan tərk etdilər. İranlılar üçün Qasım Süleymani qəhrəman, səudiyyəlilər üçün isə terrorçudur. Səudiyyə Ərəbistanı stadionda büstlərin olmasını təxribat kimi qiymətləndirdi...

qasim.jpg (45 KB)

Bəziləri HƏMAS-ın şənbə günü İsrailə qəfil hücumunu dünyanın biganəliyi ucbatından İsrailin fələstinlilərə qarşı yeritdiyi qəddar siyasətinə cavab kimi şərh edə bilər. Ancaq bu əməliyyat üçün seçilmiş vaxt və əməliyyatın miqyası xüsusi əhəmiyyət kəsb edir və geosiyasi amilə işarə verir. Sirr deyil ki, İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulması prosesi sürətlənmişdi. Məhz bu amil HƏMAS da daxil olmaqla İran və onun müttəfiqlərinin müqavimət oxunu hərəkətə keçməyə sövq etdi. Ən azı bu ehtimal son dərəcə yüksəkdir. Məsələn, “elpais.com” saytı yazır ki, Təl-Əviv və Ər-Riyad arasında danışıqların hansı nöqtədə olduğunu çox az adam bilir. Keçmiş yüksək rütbəli səudiyyəli məmur bir neçə gün əvvəl saytın yazarı ÁNGELES ESPINOSA bildirib ki, "Birləşmiş Ştatlar Səudiyyə krallığının addım atması üçün mümkün olan hər şeyi və görüləsi işin daha çoxunu edir". Mediada dərc olunan sızmalara görə, Səudiyyə Ərəbistanı ABŞ-ın “əsas qeyri-NATO müttəfiqi” elan olunacaqdı. Yəni İsraillə eyni səviyyədə müdafiə paktında yer alacaqdı. Bu müqavilə Səudiyyənin uranın zənginləşdirilməsini də əhatə edən mülki nüvə proqramına sahib olmağına imkan verəcəkdi.

İsrail 2020-ci ildə dünyada “Abraham Accords” (İbraihim anlaşması) kimi tanınan xarici siyasət xəttinə keçid etdi. Qısa zaman ərzində Səudiyyə ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş kimi ərəb ölkələri ilə münasibətlərini inkişaf etdirdi. Ümumiyyətlə, Ərəb dünyasında vəziyyət belədir ki, dominant mövqeyə sahib olan Səudiyyə Ərəbistanının xeyir-dua verdiyi işlər sürətlə həyata keçir. Məhz elə ona görə də ABŞ və İsrail Səudiyyə Ərəbistanı ilə Təl-əvivin münasibətlərinə xüsusi önəm verirdi. İranla münasibətləri xeyli yaxşılaşdıran Səudiyyə Ərəbistanı nədən İsrail ilə də anlaşmağa çalışırdı? Bu suala fərqli cavablar verilə bilər. Əsas məsələ isə odur ki, Səudiyyə Ərəbistanı ilə İran arasında qarşılıqlı inamsızlıq hökm sürür. Səudiyyə Ərəbistanı dünyada sünnilərin, İran isə şiələrin hamisi kimi çıxış edir ki, bu da qarşılıqlı münasibətlərə əlavə gərginlik gətirir və münasibətləri məzhəb müstəvisinə keçirir.

iran səud.jpg (39 KB)

Səudiyyə Ərəbistanı üçün İsraillə əlaqə qurmaq asan iş deyil. Hətta krallığın güclü adamı, hakimiyyətin cilovunu ələ aldıqdan sonra böyük cəsarət əlamətləri göstərən vəliəhd şahzadə Məhəmməd bin Salman üçün belə bunu etmək çətindir. Səudiyyə krallığı fələstinlilər üçün İsraildən ən azı minimal güzəştlər qoparmalıdır, ancaq İsrailin indiki ultra-radikal hökumətinin belə güzəştlərə gedəcəyi inandırıcı görünmür. Ona görə də vəliəhd-şahzadə üçün İsrailə münasibətdə risk elementləri həddindən artıq yüksəkdir. Müşahidəçinin fikrincə, şahzadənin İsraillə razılaşmaya “hər gün daha da yaxınlaşırıq” kimi açıqlamaları sövdələşmənin fayda və ziyanını ölçərkən ortada olan tərəddüdlərdən xəbər verirdi.

“Bu, İranın İsrail və Səudiyyə Ərəbistanı arasında sülh müqaviləsi bağlanacağı ilə bağlı xəbərlərə cavabıdır”. İsrailin xarici kəşfiyyat agentliyi Mossad-ın keçmiş yüksək vəzifəli zabiti Haim Tomer BBC-yə belə deyib.

mossad.jpg (117 KB)

“Bəli, doğrudur ki, İran HƏMAS üçün bir nömrəli avadanlıq təminatçısıdır və onlar Suriyada və hətta İranda təlim keçiblər”. Onun sözlərinə görə, İsrail son aylarda HƏMAS rəsmilərinin hərəkətini izləyirdi.

“Biz Saleh əl-Aruri (təşkilatın hərbi qanadının rəhbəri) və HƏMAS-ın digər liderlərinin Livan və İrana tez-tez uçduğunu görürdük...

Təsadüfi deyil ki, dünyanın nüfuzlu xəbər agentliklərindən olan “Bloomberg” iddia edir ki, İsrail HƏMAS-ı yer üzündən silə bilər, amma İran bu müharibədə artıq qalib gəlib. Yəni rəsmi Tehran strateji hədəflərinə vara bilib.

Bu arada HƏMAS-ın İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatına müharibə elanı ilə cavab verən və Qəzzanı bombalayan İsrailə, ən böyük müttəfiqi ABŞ-dan böyük dəstək gəlib. Amerika bölgəyə çoxlu sayda döyüş gəmisi və döyüş təyyarəsi göndərib. Bura Amerikanın ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Fordla yanaşı, F-35 və F-16-lar da daxil olmaqla bir çox döyüş təyyarəsi də daxildir.

7694421.jpg (2.03 MB)

Amerika belə bir hərbi qüvvəni niyə İsrailə yardım üçün göndərib? Bəllidir ki, İranın əlinin altında HƏMAS kimi xeyli silahlı qruplaşmalar var. Məsələn, Livandakı Hizbullah, İraqda adi Əl-Əmirin rəhbərlik etdiyi Bədr Briqadası, Yəməndəki üsyançı husilər, Suriya ordusu... İranın göstərişi ilə hərəkətə keçə bilər. Amerika bu kimi qüvvələri belə fikirlərdən daşındırmaq üçün dəmir əzələ nümayişinə üstünlük verdi. Orası da var ki, HƏMAS İranı bu müharibəyə cəlb etmək istədiyi kimi, İsrail də ABŞ-ı bu müharibəyə təhrik edir. Çünki İsrail təkbaşına İranda yalnız lokal hərbi əməliyyatlar keçirə bilər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ancaq İsrailin İranla müharibəyə başalaması üçün Amerika yaşıl işığı yandırmalıdır. İndiki dönəmdə isə, yəni Ukrayna-Rusiya müharibəsinin qızğın çağında bu, Amerikaya lazım deyil. Hazırda “İsrail İranı vuracaqmı” sualı gündəmi zəbt edib. İran 88 milyonluq ölkədir. Ərazisi Ukraynadan az qala 3 dəfə böyükdür. Belə bir ölkəni İsrail təkbaşına ram edə bilməz. Amerika isə İranı ən yaxşı halda bombalaya bilər. Ancaq İran ərazisində quru əməliyyatlar keçirmək indiki dönəmdə real görünmür...

Amerikanın, eləcədə bütövlükdə Qərbin vəziyyəti xeyli çətinləşib. Çünki əvvəl yalnız Ukraynaya dəstək vermək gərəkirdisə, indi İsrailə də arxa-dayaq durmaq lazımdır. Bir çox təhlilçilər qeyd edir ki, Yaxın Şərqdə alovlanan bu müharibə Ukraynanı pis vəziyyətdə qoyacaq. Çünki qərbin prioriteti dəyişdi. İsrail Ukraynadan önə keçdi.

Bir maraqlı məqamı da qeyd edək. Müharibə başlayandan dərhal sonra İran dini liderinin ən yüksək rütbəli hərbi müşaviri Rəhim Safavi bəyan etdi ki, İran “Əl-Əqsa tufanı” əməliyyatlarını dəstəkləyirik və onu təqdir edir. HƏMAS rəhbərliyi isə İranın bu əməliyyata dəstək verdiyi xüsusi şəkildə qabartmağa başladı.

Az sonra İran Xarici İşlər Nazirliyi “Əl-Əqsa tufanı” əməliyyatlarında rəsmi Tehranın yer almadığını bildirdi: “İranın rolu ilə bağlı ittihamlar siyasi səbəblərə əsaslanır”. Bu isə o deməkdir ki, İran HƏMAS-a ciddi dəstək versə də Yaxın Şərqdə böyük müharibəyə hazır deyil. İran yaxşı başa düşür ki, gərginlik artdıqca ABŞ və Avropa İttifaqının, bütövlükdə NATO-nun İsrail ilə birlikdə İrana qarşı əməliyyata başlama ehtimalı yüksəlir. İranın isə ultra-müasir texnologiyaya sahib olan tərəflərlə müharibə edəsi gücü yoxdur. Ona görə də Qərbin ağır sanksiyalarından əziyyət çəkən İran gərginliyin daha da dərinləşməsindən qaçır...

Amerikanın Əfqanıstandan geri çəkilməsi müəyyən illüziyalar yaratdı. Haradan baxsaq da aydın şəkildə görəcəyik ki, Yaxın Şərqdə ABŞ-ın ciddi maraqları var. Amerika bu regiondan bir qədər çəkilsə də, ancaq regiona dərhal daxil olmaq imkanını da özündə saxlayır. Amerika onu da yaxşı bilir ki, o, Yaxın Şərqi tərk etsə, həmin boşluğu Rusiya, Çin və İran dərhal doldurmağa çalışacaq. Heç şübhəsiz ki, Türkiyə də bu prosesdən kənarda qalmayacaq...

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Oktyabr 2024

22 Sentyabr 2024

21 Sentyabr 2024

14 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

02 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024

25 Avqust 2024

23 Iyun 2024

22 Iyun 2024

16 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

25 May 2024

23 May 2024

15 May 2024

03 May 2024

02 May 2024

04 Aprel 2024

03 Aprel 2024

01 Aprel 2024

27 Mart 2024

23 Mart 2024

20 Mart 2024

17 Mart 2024

16 Mart 2024

14 Mart 2024