Onlayn ictimai-siyasi qəzet
HƏMAS-İsrail müharibəsinə köklənən və bu məsələyə aşırı həssaslıq göstərən vətəndaşlarımız tərəfindən Azərbaycanın xarici siyasət kursu ciddi şəkildə təftiş olunur. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaranmalıdır. Bu mövqe dəfələrlə Azərbaycan prezidenti səviyyəsində ən yüksək kürsülərdən elan olunub. Ancaq ictimai rəy İsraildən yanadır. Azərbaycan xalqı 44 günlük müharibə zamanı İsrailin Azərbaycana verdiyi dəstəyi unutmur. Heç Azərbaycan iqtidarı da İsrailə minnətdarlıq hissini itirməyib. Azərbaycan-İsrail münasibətləri ilə bağlı təkcə bircə faktı deyəcəm. İlham Əliyev bu münasibətləri aysberqə bənzədib. Yəni görünən-üzdə olan bütövün onda biridir, aysberqin onda doqquzu isə suyun altındadır. Bəzi dostlarımız bu münasibətlərin sıfırlanmasının tərəfdarı kimi çıxış edir. Bəs bu münasibətlər niyə sırfırlanmalıdır? İslam həmrəyliyi, Müsəlman dünyasının birliyi əsas arqument kimi götürülür.
Yaxşı, II Qarabağ müharibəsi zamanı İslam həmrəyli, Müsəlman Dünyası harada idi? I Qarabağ müharibəsində harada idilərsə, II Qarabağ müharibəsində də orada idi, desək, yanılmarıq.
Sirr deyil ki, İslam dünyası sünni-şiə ayrımçılığı səbəbindən iki yerə parçalanıb. Beynəlxalq arenada sünni müsəlmanların lideri kimi Səudiyyə Ərəbistanı, şiə müsəlmanların lideri kimi İran çıxış edir. Düşünün ki, II Qarabağ savaşında İran da, Səudiyyə Ərəbistanı da Ermənistanın yanında olub. İranın Ermənistana verdiyi dəstək o qədər açıq və netdir ki, bu işdə mübahisəlik bir şey yoxdur. Əlbəttə, İranla müqayisədə Səudiyyə Ərəbistanının Ermənistana verdiyi dəstək xırda bir şey kimi görünür. Ancaq istənilən halda Səudiyyə Ərəbistanı Azərbaycanın yağı düşməninin yanında olub. Niyəsini də deyim. 2010-cu illərin əvvəllərindən etibarən Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər soyumağa başladı. Türkiyə ilə problem yaşayan Səudiyyə Ərəbistanın Türkiyənin dostlarına qarşı da düşmən mövqe sərgilədi. Ümumiyyətlə, Türkiyə ilə Səudiyyənin münasibətləri tarixən gərgin olub. Hər iki ölkə Ümumdünya Ticarət Təşkilatı, G20 və İslam Əməkdaşlıq Təşkilatında yer alır. 2013-cü ildə “Pew”-un qlobal rəy sorğusuna əsasən, türklərin 26%-i Səudiyyə Ərəbistanına müsbət, 53%-i isə mənfi rəy bildirmişdi. Osmanlı ilə Səud sülaləsi arasında ilk müharibə hələ uzaq 1811-1818-ci illərdə olub. O vaxt səud sülaləsi Osmanlı imperiyasından ayrılıb müstəqil dövlət qurmaq istəyirdi, təbii ki, Britaniya imperiyasının dəstəyi ilə. 2014-cu ildə Səudiyyə Ərəbistanı Türkiyənin BMT-nin 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü olmasına imkan vermədi. 2017-ci ildə Qətər-Səudiyyə Ərəbistanı qarşıdurmasında Türkiyə Qətərin müdafiəsinə qalxdı. Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən Camal Qaşıqçı məsələsi iki ölkə arasındakı münasibətləri daha da pisləşdirdi...
Xatırladım ki, Məhəmməd Mürsi İsa əl-Əyyat Misirin beşinci və demokratik seçki yolu ilə seçilən ilk prezidentidir. O, Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədri idi. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi. Sonra nə oldu? Cənab Mürsi Misirdə şəriət qanunlarını tətbiq etmək üçün hərəkətə keçdi. Bu isə Qərb tərəfindən təpki ilə qarşılandı. Amerikanın göstərişi ilə Misirdə hərbi çevriliş baş verdi. 2013-cü ilin iyulunda general Məhəmməd Hüseyn Tantavi prezidenti devirərək iqtidara gəldi.
Bu olay Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətləri dalana dirədi. Niyə? Çünki Səudiyyə Ərəbistanı, daha doğrusu səud sülaləsi 1928-ci ildə yaranmış Müsəlman Qardaşları təşkilatını öz mövcudluğuna təhlükə hesab edirdi. Türkiyə isə əksinə, Müsəlman Qardaşları təşkilatına hərtərəfli dəstəyini əsirgəmirdi. Bu təşkilata bir də Qətər qucaq açıb. Bə, Müsəlman Qardaşları təşkilatına müxalif olan hansı ölkələrdir? Bəhreyn, Misir, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri.
Müsəlman Qardaşları təşkilatı İslam Dünyasında ən güclü təşkilat hesab olunur. Onlar qeyri-müsəlman dövlətlərin, yəni Qərbin İslam Dünyasında at oynatmasına qarşı çıxır. Qərblə ittifaqda olan rejimləri devirməyə çalışır.
HƏMAS-İsrail savaşında Müsəlman Qardaşları təşkilatı varmı? Var. HƏMAS elə 1987-ci ildə Müsəlman Qardaşları təşkilatının Fələstindəki şöbəsi olaraq yaradılıb.
Türkiyə niyə Müsəlman Qardaşları təşkilatına bu qədər önəm verir? Dediyim kimi, bu təşkilat İslam Dünyasında xüsusi çəkiyə malikdir və ən önəmlisi isə odur ki, bu təşkilat İslam Dünyasında Türkiyənin dominant rolda çıxış etməsindən yanadır.
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ziddiyyətlər digər müstəvilərdə də müşahidə olunur. Və zaman-zaman bu münasibətlərdə istiləşmə-soyuma baş verir. Məsələn, indi bu münasibətlər xeyli istiləşib. Səudiyyə Ərəbistanı ilə Türkiyənin münasibəti müsbətə və ya mənfiyə doğru inkişaf edəndə bu, Səudiyyə Ərəbistanının yaxın ətrafı sayılan Körfəz Ölkələri tərəfindən həmən nəzərə alınır və onlar da eyni davranış sərgiləyirlər. Yəni Səudiyyə Ərəbistanı ilə Türkiyənin münasibətləri pisləşibsə və ya yaxşılaşıbsa bu, həm də o deməkdir ki, həmin ölkələrin də Azərbaycana münasibəti müvafiq olaraq dəyişib.
II Qarabağ müharibəsində Səudiyyə Ərəbistanının Ermənistanın yanında olması çoxlarına inandırıcı görünməyə bilər. Ən azı ona görə ki, hələ də bu ölkələr arasında diplomatik münasibətlər qurulmayıb. Bəli, bu, doğrudur. Ancaq Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlər gərginləşən kimi Türkiyənin dostları və düşmənləri yada düşür. Nəticədə Azərbaycanla Ər-Riyadın münasibətləri pisləşir, Ermənistanla isə yaxşılaşır. Tarixi faktlara nəzər salaq: 2019-cu ildə Səudiyyə Ərəbistanı ABŞ Konqresində erməni soyqırımının tanınması üçün tədbirin sponsorluğuna razılıq verdi. Səudiyyənin ABŞ-dakı səfiri princess Reema bint Bandar Al Saud öz bəyanatında Türkiyəni ikiüzlülükdə suçladı, soyqırımı tanımaqdan imtina etməsinə görə qınadı. Səudiyyə Ərəbistanının Livandakı səfiri də Səudiyyə Ərəbistanının Ermənistana həmrəyliyini nümayiş etdirmək üçün oradakı erməni soyqırımı abidəsini ziyarət etdi.
2018-ci ilin sentyabrında iki ölkə arasında rəsmi münasibətlərin qurulmasına baxmayaraq, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və Səudiyyə kralı Salman Ermənistanı müstəqillik günü münasibətilə təbrik etdilər. 2021-ci il oktyabrın 26-da Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə səfər etdi. Prezident Gələcək İnvestisiya Təşəbbüsü forumunda iştirak etdi və burada vəliəhd şahzadə Məhəmməd bin Salmanın yanında oturdu.
Bundan əlavə, 2020-ci il Dağlıq Qarabağ müharibəsi zamanı Səudiyyə Ərəbistanının Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Azərbaycana qarşı Ermənistanı gizli şəkildə dəstəkləməsi də bəlli faktdır. Heç də təsadüfi deyil ki, Səudiyyə Ərəbistanının “Al Arabiya” kanalı Ermənistan prezidenti Armen Sarkisyanın Türkiyə və Azərbaycanı qınayan xüsusi çıxışına şərait yaratdı və beynəlxalq ictimaiyyəti Türkiyə və Azərbaycanın II Qarabağ müharibəsində sinxron hərəkətlərinin qarşısını almağa çağırdı.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı Ermənistana birbaşa dəstək verməkdən çəkinməyə çalışdı, bunun əvəzinə iki tərəfi də problemi həll etməyə çağırdı. Halbuki əvvəllər Səudiyyə Ərəbistanının Azərbaycanı İrana qarşı potensial tərəfdaş kimi görürdü. Azərbaycanın müttəfiqi Türkiyə ilə münasibətlərin pozulması belə fəsadlara yol açdı.
Məsələn, I Qarabağ müharibəsi zamanı Səudiyyə Ərəbistanı birmənalı şəkildə Azərbaycanın yanında olub. Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. 1994-cü ildə Azərbaycan qaçqın seli ilə qarşılaşdı. O vaxt Səudiyyə Ərəbistanı Azərbaycana ən çox humanitar yardım edən ölkələr siyahısında başda gəlirdi. Hətta bir çox qazilərimiz Səudiyyə Ərəbistanında ağır xəstəliklərdən müalicə olunub. Ancaq II Qarabağ müharibəsində yumşaq desək, Ər-Riyad nala-mıxa vurub. Halbuki Səudiyyə Ərəbistanı Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdən biridir. 1994-cü ildə Ər-Riyadda Azərbaycan, 1999-cu ildə isə Bakıda Səudiyyə səfirliyi açılıb. Bakı ilə Ciddə qardaşlaşmış şəhərlərdir.
Elə düşünməyək ki, yalnız Səudiyyə Ərəbistanı Türkiyəyə münasibətə əsaslanaraq Azərbaycanla əlaqələrini tənzimləyir. Ortada Hindistan nümunəsi də var. Mən Hindistan mətbuatını da izləyirəm. Yazırlar ki, II Qarabağ müharibəsindən əvvəl Hindistanda Ermənistan haqqında hər hansı bir məlumat yox idi. II Qarabağ müharibəsi zamanı Pakistan da Azərbaycana dəstək verdi. Daha əvvəl isə Türkiyə və Azərbaycan Pakistana Kəşmir məsələsinə görə arxa durdu. Təbii ki, bu da Hindistanı qəzəbləndirdi. Ermənistan bundan istifadə edərək Hindistanla münasibətlər yaratdı. Düşünün ki, indi Ermənistan 1.5 milyard dollarlıq silah alır. Onun 1 milyard dolları Hindistanın payına düşür...
Biz başa düşməliyik ki, hər bir ölkənin dövlət maraqları var. Və Azərbaycan da istisna deyil. Məsələn, bəzi fanatiklər təklif edir ki, Azərbaycan İsrail ilə münasibətləri kəssin. Niyə? Fələstinə görə. Cəmi iki-üç həftə əvvəl, HƏMAS-ın İsrailə hücumundan qabaq Səudiyyə Ərəbistanı BƏƏ, Bəhreyn və Mərakeş kimi İsraillə əlaqələri normallaşdırmaq yolunda ciddi şəkildə irəliləyirdi. Yeri gəlmişkən, bu ölkələrin hamısı HƏMAS-a qarşıdır. Səbəb də çox sadədir. Çünki HƏMAS “siyasi islamı” təmsil edir və monarxiyaya qarşıdır. Yalnız Qətərdə monarxiyaya dəstək verirlər.
İndi özünüz düşünün, Azərbaycandan çox-çox varlı olan ərəb ölkələri Fələstin probleminə məhəl qoymadan İsrail ilə münasibətlərin daha da yaxşılaşdırmağa can atır, Azərbaycan isə bu münasibətlərə sahibdir. Özü də İsrail ilə çoxlarının həsəd apara biləcəyi “aysberq” səviyyəli münasibətlərimiz mövcuddur. Bu münasibətlərin belə bir mərhələyə gəlib çatması üçün 30 ildən çox vaxt lazım olub. İndi biz mövcud olan bu münasibətlərin üstündən ona görə xətt çəkməliyik ki, HƏMAS İranın sifarişi ilə İsrailə qəfil hücum edib. Belə absurd məntiq olar? “Foreign Policy” “Saudi Arabia Is Mysteriously Absent in the Israel-Hamas War” (Səudiyyə Ərəbistanı İsrail-HƏMAS müharibəsində müəmmalı şəkildə iştirak etmir) adlı məqalə ilə çıxış edib. Birbaşa məqalənin başlığında mövcud durumu dəqiq analiz edirlər. Çünki Səudiyyə Ərəbistanı başa düşür ki, tezliklə HƏMAS-İsrail savaşı bitəcək. İsrail ilə yarımçıq qalmış danışıqlara qayıdacaqlar. Heç şübhəsiz ki, müharibə zamanı Səudiyyənin sərgilədiyi davranış gələcək danışıqlarda hökmən nəzərə alınacaq. Ona görə də Səudiyyə Ərəbistanı özü ilə HƏMAS arasında distansiya saxlayır. Düşünün ki, vəliəhd Məhəmməd bin Salman ilk dəfə noyabrın 11-də Fələstin məsələsinə münasibət bildirib. Özü də son dərəcə yumşaq şəkildə. 1 aydan çoxdur ki, Qəzzada qırğın gedir, bu hələ indi ağzın açır...
Görünən odur ki, ərəb ölkələri Türkiyəni İsrailə qarşı qaldırıb özləri arxa planda başlarını girləyirlər...
Təbii ki, biz Azərbaycan olaraq Qəzzada yaşananlara etiraz etməliyik. Ancaq qədərində. Yəni bu məsələdə ərəblərdən qabağa keçməyə can atmayaq, ərəbdən artıq ərəb olmaq lazım deyil. Heç ərəblər də Qarabağa görə xüsusi fəallıq göstərməyiblər. Tam əksinə, II Qarabağ müharibəsi zamanı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri Türkiyə düşmənçiliyi səbəbindən Ermənistanın yanında olub. Biləsiz ki, Ermənistana dəstək verən təkcə İran deyildi...
Biz adətən ona etiraz edirik ki, ABŞ, Avropa İttifaqı, Fransa, İran... Azərbaycanın daxili işlərinə qarışır. Bizə ağıl öyrətmək istəyirlər və s. Bu, tarixən belə olub. Böyük dövlətlər kiçik dövlətləri öz maraqlarına uyğun şəkildə dizayn etməyə çalışıblar. Dövlət maraqları son dərəcə önəmli bir faktordur. Bir tarixi faktı deyim. Tarixə 30 illik müharibə kimi daxil olan katolik-protestant müharibəsi (1618-1648 ) dönəmində Avropada 8 milyona yaxın insan qırılıb. O vaxt Osmanlı imperiyası dünyanın əsas güc mərkəzi kimi çıxış edirdi. Düşünün ki, Osmanlı imperiyası həmin müharibədə protestantların tərəfindən katoliklərə qarşı vuruşmaq üçün Avropaya 60 min süvari göndərmişdi. Çünki Osmanlın dövlətin maraqları protestantlardan yanı idi. Tutaq ki, Osmanlı üçün katoliklərin qələbəsi önəmli olsaydı heç şübhəsiz ki, onlar katoliklərin yanında yer alacaqdı...
Bu fakta diqqət edin: Azərbaycanda İsrail bayrağı yandırılıb. Bu, 10 il əvvəlin söhbətidir. Nardaranda radikal dinçilər ABŞ və İsrail bayraqlarına od vurublar.
Ermənilər isə Azərbaycan ilə İsrailin arasını vurmaq üçün 10 il əvvəlki kadrları X (Twitter) üzərində tirajlamağa başlayıblar. Dostlarımız da yanlış işlər görürlər. Məsələn, Qəzza böhranının ilk günlərində “Alov qüllələri”ndə (Flame Towers) İsrail bayrağının proyeksiyasın əks etdirən foto məqsədli şəkildə fake xəbər kimi yayılırdı. Halbuki həmin proyeksiya 28 iyun 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa oyunları zamanı iştirakçı dövlətlərdən biri olan İsrail komandasını salamlamaq məqsədilə nümayiş olunmuşdu...
Biz Azərbaycan olaraq öz dövlət maraqlarımızı hər şeydən üstün tutmalıyıq. Proseslərə emosional yanaşma ermənilərin arzusunu həyata keçirər və bizi dünyada müttəfiqsiz qoya bilər. Azərbaycanın isə böyük hədəfləri var. Müttəfiqlərə söykənmədən o hədəflərə varmaq olmaz...
P.S Bir şeyi də deyim. Belə təəssürat yaranmasın ki, elə həmişə Türkiyəyə görə Azərbaycan itirir. II Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türkiyənin itkiləri daha çox olub. O da həqiqətdir ki, Qarabağ Zəfəri nəticə etibarı ilə Türkiyənin gücünə güc qatdı.
01 Oktyabr 2024
22 Sentyabr 2024
21 Sentyabr 2024
14 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
25 Avqust 2024
23 Iyun 2024
22 Iyun 2024
16 Iyun 2024
10 Iyun 2024
05 Iyun 2024
25 May 2024
23 May 2024
15 May 2024
03 May 2024
02 May 2024
04 Aprel 2024
03 Aprel 2024
01 Aprel 2024
27 Mart 2024
23 Mart 2024
20 Mart 2024
17 Mart 2024
16 Mart 2024
14 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ