Onlayn ictimai-siyasi qəzet
Zəhmətkeşlərimiz adətən bahalıqdan şikayətlənir, deyirlər inflyasiya iki rəqəmli ədədlə ölçülməyə başlamışdır, manatın alıcılıq qabiliyyəti aşağı düşür, nə bilim, dünya bazarında quzu əti ucuzlaşır, lakin bizdə quzu qıtlığı yaranmaq üzrədir və sairə.
Sanki hamısı birdən-birə ekonomist olmuşdur. Hər Narxozu qurtaran gömrükçü olmadığı kimi, hər bazara gedən də marketinq dəyərləndirməsi apara bilməz. Gərək hərə öz işiylə məşğul olsun.
Qiymətlərin yalnız artması isə uydurmadan başqa bir şey deyildir. Ucuzlaşma var. Bunu görməmək üçün kor olmalısan. Allah hökumətimizdən razı olsun. Mən indi həmin ucuzlaşan məhsullardan birinin adını burda çəkmək istəyirəm. Əlbəttə, yazmamaq da olardı, bəlkə dövlət sirri haqda qanuna görə bu cürə strateji məhsulların bazar qiyməti açıqlanmamalıdır. O qədər iqtisadi diversiya, sabotaj eləmək istəyən mənfur xarici qara qüvvələr vardı ki... Lakin qəti qərara gəlmişəm, məsləhətləşdiyim bəzi ekspertlər də bu faktı aşkar yazmağın dövlətçiliyimizə xələl gətirməyəcəyindən məni əmin etmişlər, o üzdən ucuzlaşan həmin məhsulun adını burda çəkməkdən qürur duyuram: saqqız.
Bəli. Ötən ilin müvafiq dövrünə nisbətən saqqızın qiymətində mühüm ucuzlaşma vardır. 1 manata satılan saqqız 80 qəpik olmuşdur. 70 qəpiyə satılan saqqız isə artıq 55 qəpikdir! Bu, neçə faiz ucuzlaşma edir, onu hesablamağı artıq ekonomika ekspertlərimizin ixtiyarına buraxıram. Mən özüm də hesablayardım, lakin hazırda vüqarla gələcəyə baxmaqla məşğulam. (Əsl mistikadır, elə bu cümləni yazdığım anda qazi dostum, yazar həmkarımız Məğrub Bədəlsoydan mesaj aldım. İqtisadçı-deputat Vüqar Bayramovun telefon nömrəsini axtarırdı. Lakin məndə belə nömrə yox idi. Görünür dostumuz əsrarəngiz şəkildə mənim fikrimi oxumuş, “vüqarla gələcəyə baxıram” ifadəsini yanlış anlamışdır).
Bu tema Molla Nəsrəddinin əhvalatlarında da var. Bir gün kasıb Molla arvadı çağırır, deyir yeməyə nə var, gətir. Arvad deyir yavan çörəkdən başqa heç zad yoxdur. Molla oturur süfrəyə, çörəyi gəvələyərək fikirləşir: “Ah, kaş bir qazan şorba olaydı, bu çörəyi içinə doğrayıb yeyərdim”. Bu vaxt qapı döyülür, açıb görürlər qonşunun uşağıdır. Uşaq deyir: “Atam xəstələnib, məni göndərdi ki, Mollagil şorbalarından bir kasa da bizə çəksin”. Molla bunu görəndə deyir: “Zalım uşağı, nə qədər həssas olublar, fikirdən də iy çəkirlər”.
Lakin folklora çox qurşanmayaq, biz keçmişə yox, gələcəyə baxmalıyıq. Gələcəyimiz isə parlaqdır. Elə bu saqqızın ucuzlaşması millətə nə qədər böyük fayda verəcəkdir, hesabladıqca qurtarmır. Ehtiyac zənbilimizdə, minimum əmək haqqı, maksimum rüşvət haqqı kimi işlərdə saqqızın böyük rolu var. Əgər bir ağsaqqal 300 manat pensiya alırsa, ötən il bu vəsaitlə 300 saqqız ala bilərdi, indi isə azı 375 saqqız ala bilər!
İlk növbədə, yeməyə heç olmasa saqqız çeynəyirsən, qıraqdan baxanlar ac olduğunu bilmir. Bu da respublikamızın beynəlxalq imici üçün önəmli faktorlardan biri, bəlkə də birincisidir. İkincisi, ata sözümüzdə deyilən kimi, bəzən danışmaqdan çeynəmək yaxşıdır və millət saqqız çeynəyirsə danışmaq ehtiyacı aradan qalxır. Bu da sabitlik üçün vacibdir. Nə biləsən danışsalar nə deyəcəklər? Üçüncüsü, saqqız üz əzələlərini inkişaf etdirir, qırışları aradan qaldırır.
Mədə-bağırsaq sistemi, diş ərplərinin təmizlənməsi, ürək-damar xəstəlikləri, hətta bəzi onkoloji azarların aradan qalxması üçün saqqızın rolu böyükdür. Keçəl başa saqqız yapışdıranda tük çıxır.
Sovet vaxtı Bakıda “Cırtdan” saqqızı istehsal edilirdi, dadı damağımdan getməmişdir, Allah Qorbaçovun evini yıxsın. Hesab edirəm o milli istehsalı bərpa etməyimizin vaxtıdır, hətta gecikirik.
Saqqız ağacı piri haqda el inancımıza görə, bu ağacın altında başını qoyursan daşın üstünə, yatırsan. Əgər yuxuda bir nurani dərviş, bir əlində ağac, bir əlində də təsbeh gəlib dursa başının üstə, desə ki, filankəs, sənin payını verdim, onda muradına çatacaqsan. Yox, əgər dərviş yuxuna girməsə, onda muradın hasil olmayacaq.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ