Onlayn ictimai-siyasi qəzet
“Halvaçı qızı - daha şirin”
(Azərbaycan ata sözü)
Xalqımız çox humanist xalqdır. Elementar bir misal çəkmək istəyirəm. Əgər fikir versəniz, Bakı şəhərində dövlət idarələrinin çoxu yüksəkliklərdə yerləşir. Nəyə görə? Bəlkə xalqın oraları ələ keçirməsindən qorxurlar? Qətiyyən. Göz dəyməsin, bizdə xalqla iqtidarın arasından su da keçmir. Hətta bu yaxında sel-su Abşeron yarımadasını aparmışdı, xahiş elədik, xalq və iqtidar azca aralaşdılar, baxdıq gördük ara qupqurudur. Sanki o boyda, iqlim normasından artıq yağıntıdan bir damcı iqtidarımızla xalqımızın arasına girməmiş, düşməmişdir.
Bəs dövlət idarələrinin relyefin yuxarı qatlarında yerləşdirilməsinin səbəbi nədir? Yalnız hörmət! Yalnız məhəbbət! Xalq istəyir hökuməti daim yuxarıda dursun. Ona görə bizdə deputatlardan tutmuş icra hakimiyyətinə qədər hamısı yuxarı başdadır. Sanki hərəsinə bir qalaça tikib, içində oturtmuşuq. Nağıllar aləmi kimi bir vəziyyətdir. Mən də salnaməçiyəm, bu nağılı yazıram ki, gələcək nəsillər oxuyub şad olsun. Axırda o qədər aş yeyəcəyik, bığımızda düyü qalacaq. Keçəli də evləndirəcəyik, inşallah.
Bəs hökumətin hündür zirvələrdə qərar tutmasının humanizmə dəxli nədir? Hələ anlamayan varsa, izahını yazıram (abunəçilər üçün; xahiş edirəm yazını saytda müftə oxuyanlar izahata baxmasın): məmurlar, deputatlar və sairə hamısı xalqın qulluqçularıdır, elə deyilmi? Qulluqçusuna ən hündür yerdə mənzil seçən, ofis düzəldən millət insanpərvər deyildirmi?!
Başqa misal. Bu yaxında rayonlardan birindən Bakıya tərəf gələn orqan işçisi avtomobil qəzasında həlak oldu. Hamımız ağlaşdıq. Şairlər şeir yazdı, müğənnilər ağı dedi, kino idarəsi də söz verib, bəlkə mərhumun xalq yolunda gərgin əməyi, xalqımıza qulluğu haqda kino çəkildi. Lakin bir nəfər də soruşmadı ki, rəhmətlik içində öldüyü, qiyməti ən azı 100 min manat olan avtomobili hansı pullarla almışdı. Niyə soruşaq? Xalq öz qulluqçusuna hörmət bəsləyib, pul yığıb maşın alıbsa, buna mız qoymaq nəyə lazımdır?
Belə faktlar çoxdur. Sevindirici haldır ki, Ali Məhkəmə də xalqın qulluqçularına humanist mövqedən yanaşır. MTN-in generalı Mövlam müəllimin xırım-xırda, 5-10 milyonluq mal-mülkü müsadirə edilmişdi. İndi onlardan 3 milyon yarımlıq evləri məhkəmə geri qaytarıb. Deyir bunlar onun ailə üzvlərinə, arvad-uşağına aiddir, qanunsuz yolla əldə edilməyib.
Əlbəttə. Hələ məhkəmə ailə üzvlərinə əlavə pul verilməsi qərarı çıxarmalıydı, çünki Mövlam müəllim uzun illər biznesmenləri-zadı tutub soyanda onun ailəsi nə qədər stress keçirib, gözü yollarda qalıb, bəzən gecə səhərəcən yatmayıb generalın yolunu gözləmişlər. Yəqin 3 milyon yarımı da elmi fəaliyyət, qonorar və sairə yoluyla əldə ediblər. Bəziləri mikrorayon dairəsindəki qul bazarında laqonda və parketqaşıyanla dururdular. Şahidlərim var.
Qonorar yazdım, yadıma düşdü. Ortaya bir məzəli məsələ çıxıbdır. Kino zəhmətkeşlərimizin sədri Rasim Balayev dünən hökumətə müraciət yazıb, oradan öyrənmişik. Sən demə, hökumətin nəsə çox əski bir qərarı var, kinoda aktyorlara qonorar, maaş o qərardakı cədvəllə verilməlidir. Deyəsən, hətta SSRİ-dən qalma qərardır (bizdə mədəniyyət sferasında hələ sovet hökuməti davam edir). Uzun sözün qısası, dövlət sifarişi ilə kino çəkəndə aktyor əsl mənada “bir abbası” almalıdır. O üzdən, rejissorlar məcbur olub çox pul verirmiş. Nəticədə Hesablama Palatası həmin pulları yeyinti hesab edib, ona görə dövlət ta kinoya pul vermir. Sən demə, iki ildir bu səbəbdən bizdə kino çəkilmirmiş.
Lakin bu işin həll yolu sadədir: kino işçilərinə dövlət qulluqçusu statusu verilməlidir. Ondan sonra qonorarı sayıb qurtara bilməyəcəklər. Nə özləri, nə Hesablamaçılar.
Azərbaycanda xalqın özü yox, nökəri olmaq sərfəlidir.
24 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ