İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın rektoru qayalara dırmaşarkən

Yaxud, elmi bazar və elmi baza arasında

Ölkəmizdə hər bir nazirliyə rəhbərlik etmək çətindir, məsuliyyətlidir, şərəflidir. Lakin elm və təhsil naziri olmaq daha çətin, məsuliyyətli və şərəflidir. Nəyə görə? Elementar bir misalla yazımıza davam edək.

Bugünlərdə nazir növbəti dəfə mətbuat konfransı keçirtdi. Yeri gəlmişkən, bu konfranslar elə elm-təhsil nazirimizi başqa nazirlərimizdən yaxşı mənada fərqləndirir. Davamlı olaraq jurnalistlər qarşısına çıxan neçə belə nazir, məmur tanıyırsınız? Mən Emin Əmrullayevdən başqasını hal-hazırda tanımıram. Lakin gəlin görək jurnalist tayfası bu görünməmiş iltifatı yüksək səviyyədə qiymətləndirə bilirmi? Gəlin görək.

Son brifinqdə nazirə verilən suala baxın: “Qarabağ Universitetinə qoyulacaq rektor hansı keyfiyyətlərə malik olmalıdır?”. Necə dəhşətli, qandonduran, şok, ilginc sualdır! Nazir də təbii ki, deyib rektoru prezident təyin edəcək.

Yəni, mədəni adam olduğu üçün, sualın keyfiyyətsizliyini üzə vurmayıb. Ancaq mən nazirin yerində olsam (gözəl səslənir, öz aramızdır) deyərdim ki, biz hazırda çalışırıq Qarabağ Universitetinə şir biləkli, aslan ürəkli, qartal baxışlı, pantera sıçrayışlı birisini rektor qoyaq. Həmin rektor sınaq çalışmaları zamanı Şuşa qayalarını ipsiz dırmaşmalı, Murovda qarın içində bərə qurmalı, yanvarın ortasında Sərsəng su anbarına kəllə vurub Qaragölün dibindən çıxmalıdır. Atam, qardaşım, anam, bacım, bu nə bambılı sualdır axı? Qarabağ Universiteti Qarabağın adını daşıyır deyə mütləq oranın rektoru başqa universitetlərimizin rektorlarından fərqlənməlidir? Siz nə yeyirsiniz, nə içirsiniz?

Qarabağ Universitetinin rektoru başqa ali məktəb müdirlərimizin eynisi, tayı olacaqdır. Böyük Məhəmməd Əmin demişkən, “şübhə etməyiniz, vətəndaşlar”. Nə mənada tayı olacaq, onu tələbələrdən və onların valideynlərindən soruşun.
İkinci tərəfdən, nazir əlinizə düşüb, ona sual verin ki, niyə bizdə universitetlərin rektorlarına müstəqillik verilmir, ali məktəblərin kollektivləri özlərinə başçı seçmək azadlığına malik deyil. Sual budur. Problem budur. Yoxsa Qarabağın rektorunun keyfiyyətləri... Ağlıma bir özəllik də gəldi: məncə Qarabağ Universitetinin rektoru ən azı Qurban Qurbanov qədər məşqçiliyi bacarmalıdır. Hətta bəlkə Qurban müəllimi paralel olaraq rektor qoymalıyıq, çünki başqa mütəxəssis tapmırıq.

Elm və təhsil sahəmiz elə gündədir ki, onun dərdini bir adama yükləməklə heç nə alınmayacaq. Sistemli problemdir. Başqa örnək göstərim.

Bu yaxında bir əski deputatın əski qudası evlənirdi. O zaman bütün cəmiyyət nəyi müzakirə edirdi? Düşük söhbətlər: “Niyə keçmiş arvadını boşayıb, özü də 4 uşaqla”, “İcra başçısının pulu olmasa bu qız ona ərə getməzdi”, nə bilim, “Varlılar da ağlayır” və sairə. Hətta Qadın Hüquqları Cəmiyyətinin (???) sədri açıqlama vermişdi, deyirdi inanmıram o zənən xoşbəxt olsun. Guya bunun işi qadınları müdafiə etməkdir. Yazıq qadınlar...

Ancaq işin zibili çoxdan çıxıb axı. Bu başçı vaxtilə, körpə ikən həmin rektorun universitetində saxta vəzifələrlə qabağa çəkilib. Deputat-rektor öz yeznəsinin arxasından basıb, karyera qurub. Gözünə döndüyüm də əli çörəyə çatandan sonra artıq kreslodan düşmüş rektora və ailəsinə qapını göstərib. Əcəb eləyib.

Üstəlik, bu rektor-deputat həmin qızını vaxtilə öz universitetində gülünc, uydurma, yeni qurduğu fakültəyə dekan qoymuşdu. Fakültənin adına baxın: “Xüsusi istedadlar fakültəsi”! Dekanın özünün xüsusi istedadı isə yalnız rektorun qızı olmağıydı.

Əlbəttə, komediya, fars bununla bitmədi. Təzə rektor fakültəni ləğv edibdir. Sonra bu gülməşəkər balanı başqa universitetə rektor müşaviri qoydular. Çünki oranın rektoru əski rektorun dostudur. Üstəlik, onun özü də traybalizmlə tanınır.

Hələ durun, lətifəmiz davam edir: əski rektorun arvadı akademiyada makinaçı-katibə işləyirdi. Lakin 48 yaşında birdən-birə bunda elmi istedad baş qaldırdı. “Elmi irs şöbəsi” adlı karikatur idarə düzəldib bunu da ora rəis yapdılar. Deyəsən hələ də orada elmi kəşflər edir. Makinada.

Ümumiyyətlə, bizim akademiyada o qədər mənasız, avara idarələr var ki, axırda qoymağa ad da tapmırdılar. Bəs nə ad qoyurdular? İnanılmazdır: bizim akademiyada “birinci xüsusi idarə”, “ikinci xüsusi idarə” adlı zırpı təşkilatlar vardır. Sanarsan Mərkəzi Kəşfiyyat İdarəsidir.

Nəsə, bazar günü qanqaraçılıq bu qədər. Bazar günü bazardan yazmaq lazımdır, mən də elmimizdən yazdım. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024