Onlayn ictimai-siyasi qəzet
İnsan haqları üzrə müvəkkil (ombudsman) Milli Məclisdə 2023-cü ilin hesabatını verərkən keçən il idarəyə müraciətlərin artdığını söyləmişdir. 2022-ci illə müqayisədə 2023-də müraciətlərin sayı 10 faiz artaraq 29411 olmuşdur.
Görəsən, uca millətimizin dərdi nədir? Niyə onlar ombudsmanın qapısında özlərinə dərman axtarırlar? 30 min şikayət, üstəlik 1 idarəyə - çox deyilmi? Bəs başqa idarələr nə işlə məşğuldur? Məsələn, Prezident Administrasiyasında məktublara baxan Süleyman müəllim yalnız təşəkkür və təbrik teleqramlarının statistikasını aparırmı?
Əlbəttə, bunlar hamısı ritorik suallardır. Mən bu sualların hamısının cavabını bilirəm. Uca xalqımız da əsasən bilir. Bəs niyə ombudsmanı yorurlar?
Sözgəlişi, keçən il elə bu vaxt Səbinə xanım (milli ombudsmanımızın ismi-şərifi böylədir) Milli Məclisdə hesabat verərkən qəribə rəqəmlər açıqlamışdı. Məsələn, demişdi ki, Azərbaycanda istintaq təcridxanaları basabasdır. “28 May” metrosu kimi (bunu mən deyirəm, hesabatda yoxdur - Z.H.) Rəqəmləri də göstərmişdi: Bakı İstintaq Təcridxanası 2500 nəfərlikdir, lakin orada 3500 nəfər saxlanılır. Şüvəlan türməsi - adam yeri 1050, saxlanan dustaq - 1400. Gəncə türməsi - 700 yerlik, saxlanan 800.
Təqsirləndirilən şəxsləri faktiki üst-üstə saxlayırdılar. Bir çarpayıda iki nəfər yatırdı. Bunun nə qədər axmaq vəziyyət olduğunu mən əsgərlikdə görmüşəm. Sanitar hissədə 6 çarpayı vardı, ancaq xəstələrin sayı 30-a yaxın idi. İnsan nədir, heç toyuğu da belə şəraitdə saxlamaq olmaz. Tünlükdən ölərlər.
Görəsən, Səbinə xanımın tənqidi çıxışı ötən ildən bəri vəziyyətə müsbət təsir etmişdirmi? Bəlkə inanmazsınız, ancaq edib! Noyabrda Umbakıda 1300 yerlik təzə istintaq təcridxanası açılıb. Deməli, ən azı Bakıdakı 1500-ə yaxın artıq dustağın çoxunu ora göndərmək mümkün olub. Mənim hökumət nümayəndələrinə tərif yazmaqdan zəhləm gedir, lakin sanki mənə elə gəlir ki, zənnim məni aldatmırsa, yanılmıramsa Səbinə xanım Elmira xanıma nisbətdə daha yaxşı ombudsmandır. Onu qarşıdan gələn 8 mart münasibətilə təbrik edirəm. İnşallah, işi getdikcə azalsın, bekar qalsın, amin!
Hər kəs öz işini məsuliyyətlə görsə yaxşı olar. Ancaq bəzən elə qəribə işlərə rast gəlirik... Dünən qəzetdə bir əski məhkəmə hakiminin jurnalistlərdən giley-güzarını oxudum. Deyir ağızlarına gələni yazırlar, məsuliyyət hissi yoxdur, hakimlərin qətnaməsinə təsir etmək istəyirlər, COVİD-19-u jurnalistlər düzəldib və sairə (axırıncını mən üstünə qoydum, axı mən də jurnalistəm). Bu adamın adını ilk dəfə oxuyurdum, marağıma gəldi ki, görəsən, hansı yuvanın quşudur. Google-da axtarış verdim. Məlum oldu hakim qaqaşımız haqda internetdə ortaya çıxan xəbər-ətərlər yalnız nepotizm - qohumbazlıq mövzularındadır. Oğlunu hakim qoydurub, yeznəsi hakimdir, arvadı aparatda işləyir, qızı filan məhkəmədə... Fısqırıq bir şey. Elə zənn edirsən Koza Nostra təşkilatı qurub rəhmətliyin oğlu... Ancaq bizə mız qoyur. Ağız büzür. İmkanı olsa, əski taxta çəkici əlində qalsaydı başımızı deşərdi. Əllərinə fağır jurnalistlər düşüb, gələn də vurur, gedən də.
Jurnalist teması açılmışkən... Srağagün Gəncə icra hakimiyyətində tuthatut xəbərləri yayıldı. İcra başçısının müavinləri korrupsiya üstündə damlanıb və sairə. Üstündən az keçməmiş prokurorluq xəbəri yayanlara xəbərdarlıq elədi. Deyir dəqiqləşdirib, hər tərəfin mövqeyini öyrənib yazın. Lap gözəl. O zaman buyur, xəbər ver. Sizin yoxlamanız deyilmi? Bəs idarənin xəbəri necə oldu? “Yoxlamanın nəticələri haqda əlavə məlumat verəcəyik”. Vəssalam. Bunu mən belə anladım ki, tələsməyin, tutduğumuzu özümüz açıqlasaq yazarsınız. Sanki pişiyimiz oğlan doğub, muştuluğu birinci kim istəsə qabağa düşəcəkmiş.
Bəlkə belə tuthatut xəbərləri qəsdən yayılır, sonra təkzib edilir? Marketinq tədbiri kimi.
Allah bilir. O da bizə açıqlama vermir. Axırıncı insan hüquqları hesabatından da 1400 il keçir.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ