İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə istədiyini bilməyəndə

(qar-qurlu köşə)

Bu qış şəhərimizdə çoxlu qarğaya rast gəlmişəm. Hətta onlar bəzən vəhşiləşib dinc zəhmətkeşlərimizə hücuma keçmək istəyirdilər. Alfred Hiçkokun “Quşlar” filmindəki səhnələr gözüm önündə canlandı. 

Adam fikirləşir, nə yaxşı Hiçkokun sponsoru bizim kino idarəmiz olmamışdır, yoxsa o, klip də çəkə bilməzdi. İki ildir bizim bəzi kino çəkənlər və hansısa kino festivalında münsiflər heyətinin üzvü olmuş yoldaşlar Mədəniyyət Nazirliyindən pullarını ala bilmir. Bu haqda mən kino tənqidçisi Hacı Səfərovun açıqlamalarından oxumuşam. Ümumiyətlə, orada yaradıcı adamlara, pis çıxmasın, “Məşədi İbadın hambalı” münasibəti bəslənilir. Bir ara bəstəkar Firudin Allahverdiyə də Musiqili Komediya Teatrı üçün yazdığı müziklin pulunu vermirdilər, axırı nə yerdə qaldı, xəbərimiz yoxdur. 

Qarğa-quzğun mövzusu bizi gör hara gətirdi... Sözümün canı odur ki, “bizim aramızda ala qarğa bala çıxartmaz” məsəli o qədər doğru deyil. Hərçənd kimsə haqlı şəkildə “mız” qoya bilər: şəhərdə çoxalanlar ala yox, qara qarğalardır. Bizim üçün böyük fərqi yoxdur, təki qarğa olsun. Qarğalar xalqın yaxşı yaşamasının göstəricisidir. Yada salaq: “Pendir ağzında, bir qara qarğa, Uçaraq qondu, uca budağa”. Əgər ölkədə pendir istehsalı lazımi səviyyədə olmasa, şair niyə belə yazmalıdır?

Ancaq biz problemin (hansı problemin?) kökünə baxmalıyıq. Bu yaxında məktəbli uşaqlar arasında pis davranışın videosu çıxdı. Söyüşü üzünə yazmaq, başına yumurta çırpmaq, saçını kəsmək kimi şeylər... Həmin günlərdə bir açıqlama məni pis mənada şoka saldı. Telejurnalist kamerasını dirəmişdi zərərçəkənin nənəsi istiqamətinə, ağbirçək ağlamsınaraq (haqlı olaraq - buna sözümüz yoxdur) deyirdi: “Ən dəhşətlisi saçını kəsməkləridir”. Bu, çox problematik cümlədir, mənim fikrimcə. 

Nəyə görə? Ona görə ki, milli mentalitetin qaranlıq mağarasından gələn ifadədir. Yoxsa saçı kəsmək, üstəlik, ucundan-qulağından - niyə ən pis hal sayılsın? Uşaqlar oyun oynayanda da bir-birinin saçını kəsir bəzən. O hadisədə ən təhlükəlisi bəlkə də uşağın başına vurulan yumurtalar idi, çünki yumurta müəyyən qədər bərkdir, başı-gözü zədələyə bilərdi. Ancaq nənə saçın ucundan kəsilən bir topa tükə görə narahat olur. Çünki görüb-öyrəndiyi budur! Gələcək nəsillərə də bu mənasız təlim-tərbiyəni, “əxlaqi dəyərləri” ötürmək istəyir. Qız uşağının saçı uzun olmalıdır, qızın əxlaqı qaşı ilə ölçülür, nə bilim, qızını döyməyən dizini döyər və sairə və ilaxır - özünüz komplektə nə daxildir, məndən yaxşı bilirsiniz. 

Azərbaycan xalqı nə istədiyini müəyyən eləmədikcə belə problemlər davamlı çıxacaqdır. Həmin videodan sonra qızını döyən başqa heyvərə atanın videosu yayıldı. Bu dəfə uca millətimiz valın o biri üzünü qoydu: “Belə atanı kəsməliyik, asmalıyıq, əlin qurusun, şikəst ol” və sairə. Eee? Bəs deyirdiniz qızı döymək lazımdır? Nə oldu? Adam siz deyənə əməl edəndə də pis olur, etməyəndə də? 

“Əhməd haradadır” adlı, 1960-cı illərdə çəkilən bir filmimiz var. Orada valideynləri Əhməd adlı gəncin üzərində hökmranlıq etmək, onu zorla istəmədiyi adamla evləndirmək istəyirdilər. İndi ortaya çıxan “manyak əhmədlər”, sizcə, həmin əxlaqın məhsulları deyilmi? Hara, hansı müstəviyə baxsan zorakılıq səhrası tozanaq qoparırsa, mərhəmət, insansevərlik gülləri harada bitməlidir? 

Kimsə tez ərə veriləndə qara-qışqırıq qoparan kütlə, ərə getməmiş qadına, qıza da əxlaqsızcasına münasibət bəsləyir, ona alçaldıcı “qarımış”, “evdə qalmış” kimi sözlər qoşur. Dövlət nikahı olmadan doğulan uşağa “bicbala”, dini nikahsız doğulan uşağa da “vələdüzna” adı yapışdıran toplum vəhşidir, bunun başqa adı yoxdur. 

Yeri gəlmişkən, bu yaxınlarda Dubay tərəflərdə tragikomik əhvalat olmuşdu. İki sarsaq vətəndaşımızı ərəb polisi cəzalandırmışdı - ölkədən çıxmağa qoymurdular, deyəsən, məhkəmələri olmalıydı. Zənci uşaqla məzələndikləri üçün! Uşağın anası hadisəni görüb, dərhal polis çağırıb. Zənci görəndə hərtərəfli başı dönən camaatımız var, etiraf edək. 

Başqalarını alçaltmaqla ucalmaq olmaz. Yazının ata sözünün də yeri gəldi: “Qarğa görüb quş demə, Xaşıl yeyib aş demə”.  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024