İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolxoz quruculuğu yolunda inamla!

Təzə ədliyyə nazirimiz Oksfordda oxuyubdur. Bunun ədalətin təntənəsinə müsbət təsir edəcəyini güman edirəm. Çünki köhnə ədliyyə nazirimiz Moskvada oxumuşdu, oranın qaydalarını tətbiq edirdi. 

Təhsil önəmli faktordur. İbrahim Tatlısəsə niyə zır savadsız olduğunu irad tutanda həmişə deyir ki, Urfada (sənətkar orada doğulub, boya-başa çatmışdır) Oksford var idi, oxumadım? Bizdə Oksford olmasa da, vaxtaşırı Oksforda tələbə göndərə bilirik. Xalqımız oxumağa, öyrənməyə ciddi fikir verir. Qabaqlar qızı ərə verəndə üstündə diplom cehizi olurdu, indi çalışırıq birbaşa məktəb partasından ərə verək, oxuduqları yadından çıxmasın. Hazırda təhsil müəssisələrimizdən günaşırı maraqlı videolar, qısa filmlər yayılır, bu da incəsənətin yol tapıb üzə çıxmasıdır. Əgər kino ittifaqı iki parça olmuşsa, yarısını Şəfiqə xanım, kinocəmdəyin o biri şaqqasını da Rasim Balayev götürüb aparmışsa, bəs kinonu şagirdlər çəkməsin, neyləsin? İncəsənət həmişə özünə çıxış nöqtəsi tapır. Sovet vaxtı hökumət xarici qrammofon vallarını qadağan etmişdi, musiqisevərlər işlənmiş rentgen plyonkaları üzərində musiqi çap edib gizli yayırdılar. Jarqon dildə bu səs yazılarını “qabırğa” adlandırırdılar, çünki plyonkanı işığa tutanda içində kiminsə sümüklərinin şəkli görünərdi.  

Köhnə ədliyyə nazirinin vaxtında türmələrimizdə xeyli xaricdə oxuyan gənclər saxlanılırdı. Ən son yadıma düşəni Harvardın məzunu Bəxtiyar Hacıyevdir. Bəxtiyar müəllim içəridə təhsilini davam etdirsin deyə hökumətimiz xaricdə dərs demiş Qubad İbadoğlunu da Kürdəxanıya ezam etmişdir. 

Sözgəlişi, bugünlərdə başıma görün nə gəlib. Bir dostla məktublaşırdıq, yazdı ki, Kürdəxanıdaydım, təzə çıxmışam. Təəccübləndim: “Niyə tutmuşdular?” Bu dəfə o heyrətləndi. Axırda məlum oldu mən səhv oxumuşam, dostum əslində “kitabxanadaydım” yazıbmış. Allah Freydə rəhmət eləsin, necə deyərlər, karın könlündəki... Kürdəxanının ictimai-siyasi həyatımızda rolu sürətlə artmaqdadır. Novruz bayramı ərəfəsində növbəti əfv fərmanı imzalayaraq humanizmin təntənəsinə yol açmaq olar. Elə dünən də Su çərşənbəsi idi, bu münasibətlə əhaliyə su verildi. Yaxşı işləri qiymətləndirmək lazımdır. Şair demişkən, ölüm sevinməsin qoy, ömrünü vermir bada... Nəsə, sonrası vacib deyil. 

Ancaq pis xəbərlər oxumaqdayıq, deyirlər Novruzda əfv olmayacaq. Səbəbi isə budur ki, əfv komissiyası toplantılar keçirməyibdir. Vallah, pis çıxmasın, bu, yersiz arqumentdir. Əfv komissiyasına nə ehtiyac var? Hamımız bilirik ki, əfv yalnız dövlət başçısının qərarından asılıdır. O imza atır, vəssalam. Komissiya yersiz qurumdur. Təxminən bələdiyyələr kimi. 

Bələdiyyələr istiqamətində də yeniliklər gözlənilir. Daha bir Oksford məzunu (çaşıb “məzun” sözünü “müəzzin” yazmışdım; Allah, özün saxla, hamısı İranın işləridir) taparaq Bakıya mer qoyacağıq. Zarafat edirəm, Bakı mersiz qalsa da olar. Hökumət bələdiyyələri bir damın altına toplamaq qərarına gəlibdir. Hazırda 1605 bələdiyyə var, bunları azaldıb 500 eləmək istəyirlər. Ləğv, birləşdirmə üsullarıyla. Bizdə bələdiyyə seçkiləri ilk dəfə 1999-cu ildə keçirilib. O zaman 2700 bələdiyyə yaradılmışdı. Sonralar bələdiyyələr 1771-ə düşdü, indi 1605-dir, təzə qanunla 500 olacaqsa, on il sonraya neçə bələdiyyəmizin qalacağını tapana Oksforda məzun bileti mükafatı veririk. 

Yerli özünü idarəçilik qəsdən iflasa uğradıldı. Xalqa başa saldılar ki, sizi özbaşına qoymaq olmaz, kəfəni batırarsınız. Ən yaxşısı bizim sizi idarə eləməyimizdir. Ona görə bələdiyyələr azaldıqca icra hakimiyyətləri çoxaldı. Maşallah, son illər nə qədər yeni rayonlar düzəldilmişdir. Guya bu mənasız rayon bölgüsünü, sümürücü icra hakimiyyətlərini ixtisara salmaq olmazdı? 

Prinsipcə, bunun axırı kolxoz quruculuğuna doğru gedir. Sovet vaxtı da belə idi: balaca kəndləri bir kolxozun çətiri altında böyük kəndə birləşdirirdilər. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

30 Sentyabr 2025

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025