İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz TÜRKLƏRLƏ başqa cür danışacağıq - ERMƏNİ HƏDƏSİ

İlham Əliyevin Nikol Paşinyanın qabağına qoyduğu MÜSAHİBƏ

Ermənistan İrlandiya yolunu seçməlidir

Erməni kimliyi, daha doğrusu, erməni millətçiliyi son 100 ildə Qarabağ və Ağrı dağı (Ararat dağı) kimi simvolların üzərində inşa edilib. Buna “Böyük Ermənistan” xülyası da demək olar. Yəni Azərbaycan Qarabağı, Türkiyə isə Ağrı dağı daxil olmaqla, ermənilərin Qərbi Ermənistan adlandırdığı əraziləri ermənilərə verməlidir. Azərbaycan Qarabağı ermənilərə ərməğan etmədi. Heç Türkiyə də Ağrı dağını ermənilərə bağışlayan deyil...

AGRİM .png (1.21 MB)

Deməli, Ermənistanın 4 qonşusu var. Ermənistan Türkiyə və Azərbaycana rəsmi şəkildə, Gürcüstana isə qeyri-rəsmi şəkildə (Cavaxetiya) ərazi iddiası irəli sürüb. Aydındır ki, Ermənistan Türkiyə və Azərbaycanla anlaşmaq üçün ifrat millətçiliyə söykənən konstitusiyası, gerbi və himnini dəyişdirməlidir. Nikol Paşinyan və tərəfdarları buna can atırlar və dördüncü respublika yaratmaq istədiklərini bəyan edirlər.

Paşinyan ermənilərdən soruşur: “Tarixi Ermənistan, yoxsa real Ermənistan daha önəmlidir”. Onun sözlərinə görə, indi ermənilər üçün əsas sual budur: “Real mövcud olan Ermənistan tarixi Ermənistana xidmət etməlidir, yoxsa tarixi Ermənistan real mövcud olan Ermənistana?”

Nikol Paşinyan məktəblərdə keçirilən “Erməni tarixi” fənnini “Ermənistan tarixi” ilə əvəz etməyi təklif edir. Mürəkkəb metaforadan istifadə edərək deyir ki, biz ermənilər qırmızı paltar geymişik, ətrafdakı öküzləri (Türkiyə və Azərbaycanı) öz paltarımızla provokasiya edirik. Biz qırmızı paltardan, yəni qonşu türk dövlətlərinə ərazi iddiasından imtina etməliyik. Əks təqdirdə Ermənistan həmişə Türkiyə və Azərbaycanın hədəfində olacaq...

NİKOL EN SON.jpg (73 KB)

Paşinyan onu da deyir ki, Ermənistanın ən uca dağı Türkiyədə yerləşən Ağrı yox, Ermənistanda yerləşən Araqats (Alagöz) dağıdır...

Elə İlham Əliyev də açıq danışır: “Bizə Ermənistanda heç bir revanşizm cəhdinin olmayacağına dair möhkəm, təsdiqlənmiş təminat lazımdır. Bu, bizə nə üçün lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik”. Bəs Ermənistanda nə baş verir? Revanşizmə meyl güclənir...

Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə deyir ki, Ermənistan konstitusiyanı dəyişməlidir. Prezident onu da deyir ki, Ermənistanın Müstəqillik Bəyannaməsində də xoşagəlməz şeylər var.

“Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” maddə hələ də yerindədir. Kimsə o maddəni silməyib. Ermənistan konstitusiyasının preambulasında Qarabağla birləşmə məsələsi məhz Bəyannaməyə istinadən ortaya çıxır. Yəni hələ də Ermənistanın Azərbaycan ərazilərinə hüquqi iddiası var. Hə, kimlərsə deyə bilər ki, daha yoxdur. Ancaq ortada olan ən mötəbər hüquqi sənədlər tam əksini deyir. Elə həmin Bəyannamənin 11-ci maddəsində belə yazılıb:

“Ermənistan Respublikası 1915-ci ildə Qərbi Ermənistanda təşkil edilmiş erməni soyqırımının beynəlxalq səviyyədə tanıdılmasına çalışmaqdadır”.

Qərbi Ermənistan deyəndə ermənilər hansı əraziləri nəzərdə tutur?

Osmanlı imperatorluğunun Ərzurum, Van, Mamurətül-əziz, Diyarbəkir, Sivas və Bitlis ərazilərini “Altı erməni vilayəti” kimi tanıyırlar. Bu ərazilər çağdaş Türkiyənin ən azı üçdə biri deməkdir. Hazırda mövcud olan Ermənistandan dəfələrlə böyükdür. Ermənilər hələ də ümid edirlər ki, münasib məqamda həmin əraziləri Türkiyədən qopara bilərlər...

ERZURUM .png (1.04 MB)

Ermənistanın hazırkı gerbi 1918-1920-ci illərdəki ilk respublikadan miras qalıb. İncildəki əfsanəyə görə, daşqından sonra Nuhun gəmisinin dayandığı Ağrı dağı təsvir olunmuş gerb də öz yerindədir. Həmin gerbin üzərində uydurma dörd erməni krallığının simvolları yer alır.

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan himninin də dəyişdirilməsini təklif edib. Çünki himndə də Ağrı (Ararat) məsələsi kimi digər erməni mifologiyaları yer alır...

Nikol Paşinyanın qondarma Dağlıq Qarabağ Respublikasının İrəvanda fəaliyyət göstərən mühacir hökumətini hədələməsi də müsbət hadisədir.

Baş nazir deyir: “Ermənistanda Ermənistan hökumətindən başqa hökumət ola bilməz”. Bu isə o deməkdir ki, separatçıların mühacir hökumət şousu tezliklə ciddi şəkildə cəzalandırılacaq...

Yəni hazırda mövcud olan Ermənistanın konstitusiyası, gerbi və himni erməniləri daim revanşizmə səsləyəcək. Buna kimsənin şübhəsi olmasın.

Bunları niyə vurğulayıram? Azərbaycanda beyni Qərb tərəfindən yuyulmuş bəlli qruplar var. Onlar and-aman edir ki, Ermənistan sülh istəyir, Azərbaycan isə Rusiyanın tələbi ilə Ermənistanı yeni işğalla hədələyir.

Bir anlığa düşünək ki, biz Ermənistanla qeyd olunan dəyişikliklər olmadan sülh müqaviləsi imzaladıq. Bütün dünya da buna “bəh-bəh” dedi. Az sonra Nikol Paşinyan iqtidardan getdi. Revanşa can atanlar iqtidara gəldi. Onda nə olacaq? Deyim sizə. Rusiya yenidən Ermənistana qucaq açacaq. Ermənilər yenidən Azərbaycana qarşı provokasiyalara əl atacaqlar.

Bir önəmli məqam da var. Yanlış olaraq belə bir rəy formalaşıb ki, Ermənistanda yalnız Rusiyaya bağlı Qarabağ klanı revanşizmə can atır. Bu, qətiyyən belə deyil.

Bir önəmli faktı diqqətinizə çatdırım.

Ermənistanın son dərəcə məlumatlı nəşrlərindən olan “Hraparak” elə bugünlərdə maraqlı bir xəbər yaydı. Məlumatda deyilirdi ki, Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Hakob Aslanyan 1-2 ay əvvəl bir müsahibə verib. Deputat deyib: “Belimizi tam düzəltmək üçün bizə 1-1,5 il vaxt lazımdır və ondan sonra biz türklərlə başqa cür danışacağıq”.

İlham Əliyev son görüşü zamanı həmin müsahibəni Nikol Paşinyanın qabağına qoyub və deyib: “Sizin siyasi komandanızda revanşistlər var, siz isə məni başqa şeyə inandırırsınız”.

İLHAMİM.jpg (55 KB)

“Hraparak” yazır ki, həmin olaydan sonra Paşinyan partiyasının üzvləri ilə qapalı görüşdə Aslanyanın ünvanına sərt ifadələr işlədib. Qəzet yazıb ki, Aslanyan bizimlə söhbətində bu əhvalatı inkar etmədi, əksinə, qürurla etiraf etdi ki, Əliyev həqiqətən də onun müsahibəsini ciddi qəbul edib.

Bu fakt həm də onu deməyə əsas verir ki, Azərbaycan rəhbərliyi Ermənistanda gedən siyasi prosesləri intensiv şəkildə təqib edir. Lazım bildikdə isə kəskin müdaxilədən də çəkinmir...

Gələcək nəsillərə bu kimi problemləri miras qoymamaq üçün biz bu işi kökündən həll etməliyik. Kiməsə xoş gəlmək üçün qaçaraq sülh müqaviləsi imzalamaq olmaz.

Tarixdə Azərbaycan-Ermənistan münasibətlərinə bənzərləri olub.

Belə bir nümunələrdən biri haqqında Taras Kuzio söhbət açıb.

TARAS .png (209 KB)

Ukrayna əsilli bu politoloq beynəlxalq mediada Azərbaycanın azsaylı dostlarından biridir. Professor Qərbə bağlı “eurasiareview.com” saytında “To Give Peace A Chance, Armenia Should Follow Ireland’s Example” (Sülhə şans vermək üçün Ermənistan İrlandiyadan nümunə götürməlidir) adlı məqalə ilə çıxış edib.

İrlandiya nümunəsi nədir?

İrlandiya Respublikasının konstitusiyasına 1922-ci il İngiltərə-İrlandiya Müqaviləsindən sonra Birləşmiş Krallığın tərkibində qalan İrlandiyanın şimal hissəsi Ulsterə də ərazi iddiaları daxil edilib. İrlandiya konstitusiyasının ikinci maddəsində deyilirdi:

“Milli ərazi bütün İrlandiyadan, onun adalarından və dənizlərdəki ərazisindən ibarətdir”.

Şimali İrlandiyada davam edən şiddətli münaqişə 1998-ci ildə imzalanmış “Good Friday“ (Yaxşı Cümə) sazişi ilə sona çatdı. İrlandiyanın konstitusiyasını dəyişdirmək üçün həmin ilin may ayında referendum keçirildi. Referendumda iştirak edən irlandiyalıların 94%-i konstitusiya maddəsinin dəyişdirilməsinə razılıq verdi. Bununla da İrlandiya Olsterdə Britaniyanın suveren hissəsinə ərazi iddiasından imtina etdi. İrlandiya xalqı 30 il davam edən Şimali İrlandiyaya olan ərazi iddiasından sülh lehinə əl çəkdi.

Məhz belə bir oxşar addım Ermənistanın iki qonşusu ilə münasibətlərinin normallaşmasına yol aça və bununla da Cənubi Qafqaza sülh gətirə bilər.

Müəllif yazır: “İkinci Qarabağ müharibəsinin Ermənistanın məğlubiyyəti ilə başa çatmasından və 1990-cı illərin əvvəllərində işğal olunmuş ərazilərin böyük hissəsinin Azərbaycana qaytarılmasından dörd ilə yaxın vaxt keçir. Bir il əvvəl işğal olunmuş ərazinin son hissəsi olan Qarabağ 1 günlük antiterror tədbirləri ilə Azərbaycana qaytarıldı. Azərbaycan ərazisinin beşdə birini təşkil edən bu ərazilər beynəlxalq səviyyədə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən suveren Azərbaycan torpaqları kimi tanınıb”.

ANTİTERROR SON.jpg (60 KB)

2020-ci ilin noyabrında atəşkəs sazişi imzalanandan bəri Azərbaycan və Ermənistan dövlət başçıları arasında çoxsaylı görüşlər olub. Rusiya, Avropa İttifaqı və ABŞ bu iki ölkə arasında vasitəçi kimi danışıqların keçirilməsini təmin edib. Ancaq ortada real nəticə yoxdur. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ehtimalı heç üfüqdə də görünmür.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının və sülh müqaviləsinin imzalanmasının mühüm yollarından biri gələcək ərazi revanşizminin hər iki tərəfindəki şübhələri aradan qaldırmaqdır. Ermənistan konstitusiyasının 21-ci maddəsində deyilir: “Ermənistan Respublikasının gerbində qalxan üzərində mərkəzdə Nuhun gəmisi olan Ağrı dağı və tarixi Ermənistanın 4 krallığının gerbləri təsvir edilir”.

Ermənistan konstitusiyasındakı bu cür ifadələr Azərbaycan və Türkiyəyə ərazi iddiaları qaldırır və onun iki qonşusu ilə münasibətlərinin normallaşmasına mane olur.

ARARAT.jpg (310 KB)

Məqalədə deyilir ki, Ağrı (Ararat) erməni xalqının mifik doğulduğu yerdir. Rus millətçiləri də eyni şəkildə Kiyevi Rusiyaya min illik tarix bəxş edən mifik məkan kimi təqdim edirlər. Ağrının (Ararat) erməni tarixindəki yeri V əsrə gedib çıxır. Ermənilər iddia edir ki, onlar Yafətin nəslindəndir. Yafət isə İncildə də adı keçən Nuhun oğludur. Bu əfsanələr “Ararat dağını bütün ermənilərin milli rəmzinə, onun ətrafındakı əraziləri isə ta qədimdən ermənilərin vətəninə çevirir”. Ağrı (Ararat) 1991-ci ildən Ermənistan SSR və Ermənistan Respublikasının gerbində təsvir edilib. Ermənistan pasportlarında və tanınmış erməni brendlərində də Ağrının (Ararat) şəklini görmək olar.

Taras Kuzio yazır: “Bunun niyə təhlükəli olduğunu Ukraynada görmək olar ki, burada Rusiya yanlış olaraq Ukraynanın tərkibinə daxil edilmiş “tarixi rus torpaqlarını” “azad etdiyini” (işğal etmədiyini) iddia edir. Erməni millətçiləri 1990-cı illərin əvvəlindən 2020-ci ilə qədər Qərbi Azərbaycanı işğal edərkən buranın “tarixi erməni torpağı” olduğunu iddia edərək eyni bəhanədən istifadə etdilər... Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması naminə İrlandiyadan nümunə götürməli, öz konstitusiyasını və digər rəsmi sənədlərini dəyişdirərək qonşularına qarşı ərazi iddiaları irəli sürməməlidir... İrlandiya xalqı İrlandiyaya sülh gətirdi. Cənubi Qafqaza sülh gətirmək erməni xalqının əlindədir...”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Oktyabr 2024

22 Sentyabr 2024

21 Sentyabr 2024

14 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

02 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024

25 Avqust 2024

23 Iyun 2024

22 Iyun 2024

16 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

25 May 2024

23 May 2024

15 May 2024

03 May 2024

02 May 2024

04 Aprel 2024

03 Aprel 2024

01 Aprel 2024

27 Mart 2024

23 Mart 2024

20 Mart 2024

17 Mart 2024

16 Mart 2024

14 Mart 2024