Onlayn ictimai-siyasi qəzet
Çalışıram ki, Əli Kərimlinin dediklərinə münasibət bildirməyim. Bəzən o, adamı elə hövsələdən çıxarır ki, susmaq mümkün olunmur...
Oradan başlayım ki, bizim müxalifətin ən böyük səhvi ondadır ki, onlar, xüsusən AXCP İlham Əliyevin Qarabağla bağlı apardığı siyasəti dönə-dönə təftiş edib. 44 günlük müharibədə əldə olunmuş möhtəşəm qələbəni sıfırlamağa çalışıb. Neçə dəfə yazmışam ki, bu, yanlış yoldur. Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir. Bu məsələdə xalq İlham Əliyevi ikiəlli dəstəkləyir. Qarabağ Zəfəri xalqın nəzərində İlham Əliyevə xüsusi status verib. Yəni müxalifətin Qarabağ məsələsini təftiş etməsi intihar cəhdi kimi bir şeydir. Bu yolla xalqın məhəbbətini yox, ancaq və ancaq nifrətini qazanmaq olar...
Və ya işğaldan azad olunmuş ərazilərdə görülən nəhəng quruculuq işlərinə qara yaxırlar. Biri var, özünü öldürürdü ki, İlham Əliyev Füzuli rayonunda ona görə hava limanı tikdirir ki, xalq Bakıda ayağa qalxıb onu iqtidardan qovanda o, özünü Füzuli hava Limanına çatdırsın. Oradan isə təyyarəyə minib Azərbaycandan qaçsın.
Qarabağda görülən işlərə belə bir bəhanə ilə mız qoyurdular ki, bütün bu layihələr pul silmək üçündür, korrupsiya məqsədi ilə həyata keçirilir...
İlham Əliyev Xankəndidə bayrağımızı ucaldır (15.10.2023)
Mustafası o ki, bizim AXCP iki ayağını bir başmağa dirədi və Qarabağ məsələsindən yararlanmağa çalışdı. Yəqin ki, yadınızdadır. Deyirdilər ki, Xocalı nə oldu, Xankəndi nə oldu? Laçın dəhlizi elə, Rusiya sülhməramlıları belə. Müxalifətin çıxışlarında demaqogiya baş alıb gedirdi. İqtidar indi həmin çıxışları qoyur ortaya və o ittihamların fonunda İlham Əliyevin Xankəndindən Azərbaycan bayrağı və gerbinin görüntüləri altında çıxışını yayımlayır. Və ortada olan bu təzad müxalifəti naqolay vəziyyətdə qoyur, xalqın nəzərində onu yerdən-yerə vurur...
Sonrasını da bilirsiz: İlham Əliyev 24 saat ərzində Qarabağda erməni separatizmini bitirdi. Elə bir siyasət yeritdi ki, ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Bu kütləvi köçə görə beynəlxalq səviyyədə Azərbaycanı ittiham etmək üçün ermənilərin əlində heç bir ciddi arqument də yoxdur.
Kimin nə deməyindən asılı olmayaraq İlham Əliyev Azərbaycanın üzləşdiyi erməni problemini heç kimin xəyal belə etmədiyi səviyyədə xalqımızın və dövlətimizin xeyrinə aradan qaldırdı. Mən əminəm ki, İlham Əliyevin bu xidmətini heç kim tarixdən silə bilməz. Hə, bu xidməti bugünkü müxalifət kimi kiçiltməyə çalışanlar olacaq, ancaq mən heç onların da uğur qazanacağına inanmıram...
Mənim düşüncəmə görə, Qarabağ məsələsində müxalifət xalqımız kimi İlham Əliyevin yanında olmalıydı. Olmadı. Daha doğrusu, oldu görüntüsünü yaradıb yenə də bu Zəfəri gözdən salmağa çalışdılar.
Nə qədər absurd olsa da Əli Kərimli indi də bu xətti davam etdirir. AXCP sədri indi də buyurur ki, İlham Əliyev deyəndə ki, Ermənistan istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini açacağıq, mən buna etiraz etdim. Bunu avantüra adlandırdım. Belə çıxır ki, bu avantüradan imtina etmək lazımdır. Dolayısı ilə Əli Kərimli Azərbaycan iqtidarını Zəngəzur dəhlizi məsələsindən imtina etməyə səsləyir. Bu çağırış haradan gəlir? Qərbdən. Əli Kərimli Azərbaycan dövlətinin, bütövlükdə Türk Dünyasının maraqlarına arxa çevirir və Qərbin sözçüsü kimi çıxış edir. Sən axı Azərbaycan siyasətçisisən. Sən Qərbin yox, Azərbaycanın marağından yana olmalısan. Fransa Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edir. Əli Kərimli hərlədib-fırladıb Fransaya dolayısilə da olsa bəraət qazandırmağa çalışır...
Azərbaycan niyə Zəngəzur dəhlizi məsələsində təkid edir? Çünki Zəngəzur dəhlizi olmadan Türk Dünyasının toparlanması, bir araya gəlməsi ciddi maneələrlə üzləşir...
Yaxşı, bir anlığa təsəvvür edək ki, İlham Əliyev də sizin kimi Qərbin çaldığı ilə oturub-durur. Onda necə olacaqdı? Ən yaxşı halda Azərbaycan Qarabağ ermənilərinə dövlət müstəqilliyinə bərabər muxtariyyət verəcəkdi. Laçın dəhlizi də dəf kimi ermənilərin ixtiyarında qalacaqdı. Faktiki olaraq Ermənistanla Qarabağdakı erməni muxtariyyəti birləşib bütövləşəcəydi. Qərb də İlham Əliyevə minnətdarlıq əlaməti olaraq Nobel mükafatı ərməğan edəcəkdi...
Vaxt var idi ki, siz and-aman edirdiniz ki, Heydər Əliyev Azərbaycanın neçə-neçə rayonunu ermənilərə satdı. Yerdə qalan torpaqları da İlham Əliyev ermənilərə satacaq. İlham Əliyev isə 180 dərəcə fərqli nəticə ortaya qoyub. Ancaq siz buna da dodaq büzürsüz, mız qoyursuz. Qərbin ağzı ilə danışırsız.
Ümumiyyətlə, Qərbə Zəngəzur dəhlizi lazımdırmı? Lazımdır. Ancaq bu məsələdə bir əmma var. O da ondan ibarətdir ki, Qərb Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. Bəs nə istəyir? İstəyir ki, o dəhliz beynəlxalq nəzarət altında və ya Ermənistanın nəzarəti altında olsun. Hamı bilir ki, “beynəlxalq nəzarət” elə Qərbin nəzarəti deməkdir. Ermənistanın da Zəngəzurdan keçəcək yollara nəzarət etməsi yenə də Qərbin bölgəni kontrol etməsi anlamına gəlir...
Zəngəzurun dəhliz statusunda olması o deməkdir ki, mən, sən, o, Zəngilandan maşını birbaşa Naxçıvana sürə və ya qatarla eyni yolu gedə bilərik. Eləcə də yüklər hər iki istiqamətə ermənilərin nəzarəti olmadan keçib gedə bilər. Və sən bunu avantüra adlandırırsan. Bu, hətta, avantüra olsa belə biz bunu müdafiə etməliyik. Niyə? Çünki Ermənistan heç vaxt bu qədər zəif, Azərbaycan isə heç vaxt bu qədər güclü olmayıb. İlham Əliyev yüz ildə bir dəfə ələ düşə biləcək bu fürsətdən maksimum şəkildə yararlanmağa çalışır. Sən də Qərbin sifarişi ilə bu işə qulp qoyursan, etiraz edirsən...
Bir şeyi də deyim. Əli Kərimli durub-oturub iddia edir ki, Azərbaycan Rusiyanın vassalı kimi bir şeydir. Yəni ki, Azərbaycan Rusiyadan asılı bir ölkədir. Rusiyanın bütün əmr və göstərişlərin Azərbaycan həmən icra edir. Mən əminəm ki, Əli Kərimli bu tezisi də məhz Qərbin sifarişi ilə tez-tez səsləndirir. Mən Qərb mətbuatını izləyirəm. Dünən Kanadanın Toronto şəhərindən yayımlanan “geopoliticalmonitor.com” saytında gedən “Why Azerbaijan should join NATO” (Azərbaycan niyə NATO-ya üzv olmalıdır?) adlı yazısını təqdim etmişdim. Götür, oxu. Orjinalına da bax. Müəllif yazır: “Rusiya ilə işgüzar münasibətləri saxlamasına baxmayaraq, Azərbaycan həmişə Qərb üçün əvəzolunmaz strateji tərəfdaş olub”. Və bu fikir Qərb mətbuatında qırmızı xətlə keçir. Sən isə kor tutduğunu buraxmayan kimi, yapışmısan ki, yox ki, yox: "Putin çalır, İlham Əliyev oynayır. Nikol Paşinyan isə əsl demokratdır".
Yeri gəlmişkən, həmin məqalədə deyilir ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan İrandan dronlar alır və Rusiyaya ötürür. Rusiya da o silahlarla Ukraynada günahsız insanları məhv edir. Bir də Qərb mətbuatı yazdı-yazmadı, fakt budur ki, "rusiyapərəst" dediyin İlham Əliyev Ukraynaya indiyə qədər 30 milyon dollarlıq yardım göndərib.
Yalnız Rusiya ilə üz-göz olandan sonra-bu yaxınlarda Nikol öz xanımını Ukraynaya ezam etdi. Təbii ki, bu da daldan atılan daş kimi bir şey idi...
01 Oktyabr 2024
22 Sentyabr 2024
21 Sentyabr 2024
14 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
25 Avqust 2024
23 Iyun 2024
22 Iyun 2024
16 Iyun 2024
10 Iyun 2024
05 Iyun 2024
25 May 2024
23 May 2024
15 May 2024
03 May 2024
02 May 2024
04 Aprel 2024
03 Aprel 2024
01 Aprel 2024
27 Mart 2024
23 Mart 2024
20 Mart 2024
17 Mart 2024
16 Mart 2024
14 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ