Onlayn ictimai-siyasi qəzet
“The Wall Street Journal” hələ may ayında belə yazmışdı: “Rəsmi Paris faktiki olaraq Rusiya və İranın Cənubi Qafqazda oyununu gücləndirən mövqe tutub”. Bu, nə deməkdir?
Yəni Fransa prezidenti Emmanuel Makron ABŞ və Avropa İttifaqının (Aİ) yeritdiyi rəsmi siyasətə qarşı çıxır. O da məlumdur ki, Ermənistan-Azərbaycan danışıqlarına özünü zorla dürtən Emmanuel Makronu neytrallaşdırmaq üçün rəsmi Bakı prosesə Almaniya kansleri Olaf Şoltsun qatılmasına nail oldu. Almaniya da bu məsələdə ABŞ və Aİ ilə eyni mövqedə dayanır...
Bəs ABŞ və Aİ (+Almaniya) Fransanın Ermənistan-Azərbaycan məsələsində konkret olaraq nə ilə bağlı fərqli yanaşma sərgiləyirlər? Söhbət məhz qondarma Dağlıq Qarabağdan gedir. Fransa Dağlıq Qarabağa muxtariyyət, mümkün olsa, hətta müstəqillik tələb edir...
Ermənistan mətbuatı yazır ki, Emmanuel Makron iyulun 1-də Fransa ermənilərinin lideri Murad Papazyanla söhbətində təxminən belə deyib: “Artsaxın gələcəyi ilə maraqlanan yeganə şəxs mənəm və danışıqlar prosesinin digər iştirakçıları (o cümlədən Almaniya kansleri Şolts və Avropa Şurasının prezidenti Şarl Mişel) onu (Qarabağı) Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edirlər”.
O da bəllidir ki, Nikol Paşinyan bir neçə dəfə qondarma Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib. Yəni Emmanuel Makron Ermənistanın rəhbərliyindən daha qatı erməni tərəfdarı kimi çıxış edir. Bu isə Avropa İttifaqı üçün böyük təhlükəyə çevrilə bilər. Niyə? Çünki separatizm təkcə Azərbaycanın problemi deyil. Avropada 260-a yaxın separatçı hərəkat var. Ona görə də “EuToday”in London nəşri “Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Fransa üçün sərfəli olmadığını” vurğulayır. Söhbət Fransa istəyən həll modelindən gedir. Xatırladım ki, Fransanın daxilində də 12 separatçı hərəkat var. Bu mənada Fransa özü barıt çəlləyinin üstündə oturub. London nəşrinin fikrincə, bu vəziyyət Aİ daxilində qeyri-sabitlik faktoru ilə bağlıdır: “Əgər üzv dövlətlər Fransanın siyasətini davam etdirsələr, bu o deməkdir ki, Aİ-nin bir sıra üzv dövlətləri müstəqil şəkildə separatçı qurumları, hətta ola bilsin ki, ayrı-ayrı milli azlıqları da tanıyacaqlar". Yəni Avropa İttifaqına daxil olan ölkələr ayrı-ayrılıqda separatizmə dəstək versə, Avropa İttifaqı darmadağın olub gedəcək...
Hazırda ABŞ+Aİ və mütərəqqi dünya Rusiya işğalına qarşı döyüşən Ukraynaya dəstək verir. Ukraynadakı müharibənin əsas səbəbi separatizmlə bağlıdır. Rusiya məhz Ukraynadakı separatizmə dəstək vermək üçün hərbi müdaxiləyə əl atıb. Faktiki olaraq separatizmin ucbatından dünya müharibəsinin bir addımlığındayıq. Nüvə müharibəsinin olmaq ehtimalı da çox yüksəkdir. Yəni separatizm kabus kimi bir şeydir. Bütün dünyanı dolaşır. Bunun fərqinə varmayanlar bu kabusun qurbanına çevrilə bilər...
Onu da unutmaq olmaz ki, ABŞ+Aİ Rusiyanın Moldova və Gürcüstan kimi ölkələrdə də dəstəklədiyi separatizmə qarşıdır. Məntiq onu deyir ki, hazırda Ukraynada faktiki separatizmə dəstək verən Rusiyaya qarşı vuruşan, Moldova və Gürcüstandakı separatizmə qarşı mövqe sərgiləyən Qərb erməni separatizmini alqışlaya bilməz.
Bir tarixə nəzər salaq: "Yaşasın azad Kvebek!" (Vive le Québec libre!) - Fransa prezidenti Şarl de Qollun 1967-ci il iyulun 24-də axşam meriyanın eyvanından Montrealersə salamlama nitqində səsləndirdiyi bu bədnam şüar bütün dünyanı lərzəyə gətirdi. Şarl de Qoll “1967 Expo” sərgisinin açılışı ilə əlaqədar Kvebekin baş naziri Daniel Consonun dəvəti ilə Kanadaya planlaşdırılmış səfərdə idi. Meydana toplaşan şad-xürrəm insanlardan ruhlanan De Qoll hazırlıqsız çıxış etdi. Fransa-Kanada münasibətləri tarixinə De Qollun 1967-ci ildə Kvebekə səfəri 1759-cu ildə fransızdilli Kvebeki özünə tabe etdirən və onları sıxışdırmaq siyasəti yeridən Kanadanın anqlo-sakson elitasına “Qolçuların hücumu”nun kulminasiya nöqtəsi kimi düşdü.
Sonrası necə oldu? Prezident De Qollun çıxışı beynəlxalq qalmaqal yaratdı və bu qalmaqal qismən indi də davam edir. Hökumətin reaksiyası dərhal Ottavadan gəldi. Fransa prezidentinin çıxışı Kanada tərəfindən təxribat kimi qiymətləndirildi. Fransa-Kanada münasibətləri kəskin şəkildə pisləşdi. Beynəlxalq mətbuat, o cümlədən Fransanın “Le Monde” qəzeti prezidentin çıxışını diplomatik protokolun pozulması kimi qiymətləndirdi. İngiltərə-Kanada mətbuatı və siyasətçiləri də öz növbəsində Breton milli hərəkatını boğduğuna görə Fransanın özünü qınamağa başladılar. Bu isə Fransada separatizmin alovlanmasına səbəb ola bilərdi. Necə deyərlər, Fransa büllur sarayda oturub ora-bura daş atmışdı. Bu təhlükəni görən Fransa anqolo-saksonların qarşısından biabırçı şəkildə qaçdı. Və Kvebek məsələsini bir daha açıb-ağartmadı.
Fransa Kvebekdə separatizmə dəstək verdiyi kimi indi də qondarma Dağlıq Qarabağda separatizmə dəstək verir. Aydındır ki, Fransa bu dəfə də biabırçı şəkildə geri çəkilməli olacaq. Çünki mahiyyətdə söhbət Azərbaycandan yox, bütövlükdə Avropa İttifaqının gələcəyindən gedir. Avropa İttifaqı isə öz təhlükəsizliyini bir ovuc erməniyə qurban verə bilməz.
Elbəyi Həsənli, Sürix
Musavat.com üçün
01 Oktyabr 2024
22 Sentyabr 2024
21 Sentyabr 2024
14 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
25 Avqust 2024
23 Iyun 2024
22 Iyun 2024
16 Iyun 2024
10 Iyun 2024
05 Iyun 2024
25 May 2024
23 May 2024
15 May 2024
03 May 2024
02 May 2024
04 Aprel 2024
03 Aprel 2024
01 Aprel 2024
27 Mart 2024
23 Mart 2024
20 Mart 2024
17 Mart 2024
16 Mart 2024
14 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ