Onlayn ictimai-siyasi qəzet
“Düşünürəmsə varam”
(Dekart)
Neuralink adlı ABŞ şirkəti var, milyarder İlon Maskın qrupuna daxildir. Şirkət beyin, sinir, neyronları texnika ilə birləşdirmək yönündə çalışır və bir neçə il qabaq Mask onu alana qədər heç kim tanımırdı. Deyilənə görə Mask bu şirkətin adını Ohayo ştatından olan Mohseni soyadlı mühəndis-elektrikdən 10 min dollara alıb. Əlbəttə, Mohseni şirkəti alanın Mask olmasını sonradan öyrənib, başına-gözünə döyüb. Ancaq nə dəyişəcək...
Yüz milyonlarla dollar investisiya qoyandan sonra Mask Neyrolink-i dünyanın hazırda əsas, gündəm şirkətlərindən biri halına gətirib. Dünən özünə hörmət qoyan bütün mediaların manşetini bu xəbər bəzəyirdi: “Beyninə çip yerləşdirilən adam yalnız fikir gücündən yararlanmaqla kompüterlə şahmat oynadı”.
Adamın adı Nolan Arbo-dur, 29 yaşındadır və 8 il qabaq bədbəxt hadisə nəticəsində onurğası sınıb, iflic olub, çiyindən aşağı heç bir orqanını hiss etmir. Qara yumor kimi çıxmasın, yalnız başı işləyir. Neyrolink onun beyninə çip taxıb, neyronları sap kimi həmin çipə toxuyub, indi Arbo düşünür, düşüncəsiylə çiplə qıraqdakı qurğuya siqnal göndərir. Öncə yalnız kompüter siçanını oynada bilirdi (əməliyyat yanvarın axırında olub), cəmi 2 ay ərzində artıq Arbo həm şahmat, həm mürəkkəb kompüter oyunları oynaya bilir.
Fantastik filmlərdə, nağıllarda gördüyümüz reallığa çevrilir. Hərçənd, şirkət bu xəmirin hələ çox su aparacağını da bildirib. Hansısa problemlər çıxırmış. Əlbəttə, problemləri bizə demirlər. Lakin çip insan beyninə taxılana qədər meymunlar üzərində təcrübələr aparılmışdı və heyvansevərlər etiraz etmişdilər: bir çox meymunlar sınaq zamanı ölmüşdü.
Bütün hallarda bəşəriyyət üçün böyük addımdır. Bu işi paralel olaraq aparanlar da az deyil, örnək üçün, İsveçrədə bir şirkətin çipi ilə iflic adam yeriməyə başlamışdı. Az qala dini hədislərdəki kimi: “peyğəmbər Lazara “qalx” dedi, ölü yerindən durub dirildi”. Yaxud, epilepsiya xəstəliyini çiplərlə sağaldanlar vardır. Sinirlə işləyən protezlər də getdikcə adiləşir.
Ancaq yüz milyonlarla dollar xərclənən bu elmi nailiyyətlər nəyə lazımdır, anlamaq olmur. Məsələn, hər gün müharibələr onlarla, yüzlərlə insanların canını alır. Putinin əmriylə Odessaya atılan raket sağlam insanların, körpələrin beynini bir anda qana bulayırsa, planetin o başında başqa insanların beyninə çip taxıb şahmat oynatmaq taun vaxtı ziyafət kimi bir şey deyilmi? Əcəb təkamüldür. Dirini öldür, ölünü dirilt. Ağlın gücü ağılsızlığın gücü ilə qarşı-qarşıyadır. Kim udacaq, məlum deyil.
O cümlədən, korona epidemiyası vaxtı həmin çipləri müftə-müsəlləm bütün xalqımızın başına taxdılar. Billi Geytsin əmriylə. Nəticədə bu dəqiqə biz evdə oturub səməniyə baxır, acqarına xəyallar qururuq, lakin xəbərimiz yoxdur, beyin enerjimiz Maykrosoft şirkətinin bitkoin gəlirlərinə çevrilir.
Hələ işin siyasi tərəflərinə gəlsək, bu saat bizim hökumət uca xalqımızın beynini uzaqdan oxumaq qabiliyyətinə malikdir. Kim nə yeyir-içir, kim hansı yuvanın quşudur, hansı evdə zibil qabının altında neçə dollar gizlədilib, kim kimi layk edir, kim kiminlə gəzir, sevişir, xaricdən gəlib ölkəmiz üzərindən uçan durnalar harda telini salır və sairə - hamısı hökumətimizə məlumdur. Və məlum olduğu üçün uzaqdan siqnal verəndə xalq o siqnala ellikcə uyur. Qalx deyirsən qalxır, yat deyirsən, yatır. Rəhmətlik Nemət müəllim bir zamanlar bunun manual üsulunu kəşf etmişdi, ancaq orda adından göründüyü kimi, əllə işləmək lazım gəlirdi. (Manus – pis səslənməyinə baxmayın, latınca əl deməkdir). İndi isə toxunmadan, qışqırıb-bağırmadan, yalnız düşünərək idarə edirsən.
Məsafədən beyin oxuyan tarixi şəxsiyyətlərimizdən biri də Tofiq Dadaşov idi. (Volf Messinqin davamçısı). Sovet dövründə onun seansları məşhur idi. Guya fikir oxuyurdu. Lakin adi dələduzluq, sirk nömrəsiydi, foto-video inkişaf edəndən sonra Tofiq müəllimin nömrələri, “kitabı” bağlandı.
Ümid eləyək Maskın ixtirası axırda “nömrə gəlmək” çıxmasın.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ