İnsanlara hürriyət, millətlərə istiqlal!

4 ərəb ölkəsinə hökm edən İranın Azərbaycan planı - Sensasion yazı  

SSRİ mövcud olduğu dönəmdə dünya iki əks düşərgəyə bölünmüşdü. Moskva dünyada sosializmin, Vaşinqton isə kapitalizmin möhkəmlənməsi uğrunda mübarizə aparırdı. Amerika yaxşı bilirdi ki, kapitalist ölkələr onun himayəsinə sığınacaq, sosialist ölkələr isə SSRİ-yə güvənəcək.

9 may 1955-ci ildə ABŞ-ın təklifi ilə Avropada sovet nüfuzunun artmasından narahat olan 12 ölkə 1949-cu ildə qurulan Şimali Atlantika Alyansı-NATO-ya qoşuldu. 14 may 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında sosialist ölkələrinin də hərbi alyansı yarandı. ABŞ və SSRİ arasında davam edən ideoloji qarşıdurma SSRİ-nin süqutuna qədər davam etdi.

Bu mənada İran da ideoloji dövlətdir və var gücü ilə İran islam inqilabını digər müsəlman ölkələrinə ixrac etməyə çalışır. 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi nəticəsində yaranan İran İslam Respublikasının qurucusu, Ayətullah Ruhullah Musəvi Xomeyninin (1979-1989) Səudiyyə Krallığı ilə bağlı vəsiyyəti özlüyündə çox şey deyir: “Müsəlmanlar zalımları, o cümlədən Səudiyyənin kral ailəsini lənətləməli və onlarla mübarizə aparmalıdır. Onlar Allahın əzəmətli ziyarətgahlarına xəyanət ediblər, onlara Allahın lənəti olsun, onların üzərinə Allahın peyğəmbərlərinin və mələklərinin lənəti olsun. Kral Fəhd xalqın var-dövlətinin böyük bir hissəsini hər il Qurana zidd olan, tamamilə əsasız və batil Vəhhabi inancını yaymaq üçün istifadə edir. Kral islamdan və əziz Qurandan sui-istifadə edir. Bu xainə Allah lənət etsin”. İran ilə Səudiyyə Ərəbistanı arasında olan antaqonist ziddiyyətlərin əsasında dayanan faktorların biri də bu vəsiyyətə bağlıdır.

Manouchehr_Mottaki_at_the_World_Economic_Forum_Annual_Meeting_Davos_2008.jpg (2.23 MB)

İranın xarici işlər naziri (2005-2010) Manuçehr Mottaki ilə Abdullah bin Əbdüləziz Əl Səudun söhbəti isə tarixi həqiqətin etirafı baxımından xüsusi önəm kəsb edir. Kral nazirə deyir ki, İran ərəblərin işinə qarışır. Buna cavab olaraq nazir söyləyir ki, ərəblər də müsəlmandır. Yəni biz müsəlman olduğumuza görə müsəlmanların işinə qarışa bilərik. Kral qəti etiraz edir: “Yox, onlar ərəbdir. Persiyalılar ərəblərin daxili məsələlərinə müdaxilə edə bilməz. Bu, onların işi deyil”.

 Təbii ki, İran belə şeylərə məhəl qoymadı və ərəb dövlətlərində özünə müvafiq olan rejimlər yaratmağa çalışdı.

2015-ci ildə Yəməndə vəziyyət nəzarətdən çıxdı. Səudiyyə Ərəbistanı prosesə müdaxilə etdi. Bununla bağlı İranın Ali dini lideri Ayətullah Əli Xameneyi belə bir bəyanat verdi: “Səudiyyə Ərəbistanının Yəmən və onun günahsız insanlarına təcavüzü bir səhv idi, bu, beynəlxalq məhkəmələrdə araşdırılası bir cinayət və genosid aktıdır”.
Xatırladım ki, 2011-ci ildə Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çox ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə xalq ayağa qalxdı. Səudiyyə Ərəbistanı sünni olan Əli Abdulla Salehin, İran isə çoxluqda olan şiə üsyançıların yanında yer aldı.

ali-xamneyi.jpg (40 KB)

Bu sırada tacını yenicə başına qoyan Kral Salman ABŞ-dan “İranın fitnəsinin qarşısını almaq üçün” kömək istədi. Elə həmin il həcc ziyarəti zamanı qırğın baş verdi. Səudiyyə Ərəbistanında azı 464 iranlı zəvvar qətl edildi.

İran İnqilab keşikçiləri Ordusunun (SEPAH) komandanı general-mayor Muhammad Ali Jafari Səudiyyə Ərəbistanını o vaxt belə hədələmişdi: “İslam inqilabı yaxşı sürət alıb və irəliləyir, buna nümunə kimi inqilabın getdikcə artan ixracatıdır. Bu gün təkcə Fələstin və Livan deyil, həm də İraq və Suriya İran İslam İnqilabının təsiri altındadır. İnqilabın ixracı yeni bir səhifə açıb”.

İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Ali Şamxani İran parlamentində çıxışında bir az da irəli getdi: “Yəmənin paytaxtı Sənanın süqutu ilə şiə Husi milislərinin nəzarətinə keçdi. Beləliklə dörd ərəb ölkəsinin paytaxtı bu gün İranın əlindədir. Onlar İran İslam inqilabına mənsubdur. Yəmən inqilabı yalnız Yəmənlə məhdudlaşmayacaq. Yəmənin uğurları sonra Səudiyyə ərazilərinə də yayılacaq. Yəmənlə Səudiyyə arasındakı geniş sərhədlər İran İslam İnqilabının Səudiyyə torpaqlarının dərinliklərinə çatmasını sürətləndirməyə kömək edəcək”.

Bu məqsədlə İran Səudiyyə Ərəbistanındakı şiə icmasından istifadə etməyə çalışdı. Yerli şiələrin nüfuzlu lideri şeyx Nimr al-Nimr 2016-cı ildə İranın bütün etirazlarına rəğmən edam edildi. O vaxt İranın dini lideri Ayətullah Əli Xameneyi xəbərdarlıq etdi ki, Səudiyyə Ərəbistanı şiə ruhanisini edam etdiyinə görə "ilahi intiqamla" üzləşəcək...

e6181b.jpg (163 KB)

İran islam İnqilabını əsasən bu və ya digər ölkədə yaratdığı və dəstək verdiyi terrorçu qruplar üzərindən həyata keçirir. Sirr deyil ki, rəsmi Tehran eyni siyasəti Azərbaycanda da həyata keçirməyə çalışır. “Dörd ərəb ölkəsinin paytaxtı bu gün İranın əlindədir” deyən molla rejimi eyni hədəfə varmaq üçün Azərbaycan Islam Müqavimət Hərəkatı- Hüseynçilər qrupu yaratdı. Bu silahlı qruplaşma Azərbaycanda “Kərimə dövləti” qurmaq istədiyini bəyan etdi. “Kərimə dövləti” dedikdə Azərbaycanda  İran rejiminə bənzər idarəçiliyin formalaşması nəzərdə tutulur.  2015-2016-cı ildən siyasi səhnədə görünməyə başlayan bu qrupun yaradıcısı Tohid İbrahimbəyli (və Orxan Məmmədov) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı Amerika tərəfindən qətlə yetirilmiş general mayor Qasım Süleymaninin Azərbaycandakı eşidən qulağı, görən gözü hesab olunurdu. Elə bu qruplaşmaya da "Hüseyniyyə" adını Qasim Süleymani verib.  Bu qruplaşmaya Qum və Məşhəd şəhərlərində təhsil alan azərbaycanlı tələbələr cəlb olunub və onlar İŞİD-lə mübarizə aparmaq üçün Suriyanın paytaxtı Dəməşq şəhərinə göndərilib. Tohid İbrahimbəyli Dəməşqdə olarkən bəyan edib ki, onların məqsədi təkcə İŞİD-lə mübarizədən ibarət deyil. Onlar həmçinin Azərbaycanda mövcud olan dünyəvi ("secular")  rejimi dəyişməkdə qərarlıdırlar. O da maraqlıdır ki, bəzi iddialara görə bu qrupun bir neçə üzvü könüllü şəkildə II Qarabağ müharibəsində Azərbaycan tərəfindən vuruşub. Ancaq “Hüseynüyyün” təşkilatını Hizbullahın Azərbaycan variantı kimi yaradan Tohid İbrahimbəyli bəyan edib ki, Azərbaycan sionist İsrail ilə yaxınlıq etdiyinə görə o, öz qruplaşmasını Qarabağ müharibəsinə göndərməkdən imtina edib. Əslində, bu qruplaşma o qədər də böyük deyil. Bəzi məlumatlara görə onların cəmi 20 nəfər üzvü var. Ancaq onlar sosial şəbəkələrdə son dərəcə aktivdirlər.

tohid.jpg (32 KB)

O da bəllidir ki, Tohid İbrahimbəyli əslən lənkəranlıdır. O, Ələm və Südabə İbrahimlilərin ailəsində doğulub. Öz soy adına “bəy” ifadəsi artırsa da sonda Məşhəd şəhərinə mühacirət edib. O, 2013-cü ildə Ayətullah Əli Xameneyi ilə görüşüb. 2017-ci ildə isə Nardaran hadisələri zamanı həlak olanlarla bağlı Zəncənda keçirilmiş tədbirə qatılıb. O da məlumdur ki, bu qrup 2020-ci ildə Qaşım Süleymaninin Kimran şəhərindəki qəbrini ziyarət edib. İranın bizim üçün yaratdığı “Hüseynçilər” 2021-ci ildə prezident seçilən İbrahim Rəisini bu münasibətlə təbrik ediblər.

“Hüseyniyyə” üzvləri çıxışlarında İsrail, Türkiyə və ABŞ-a hücum edir, Qərbə nifrət püskürür və  Azərbaycanı bu ölkələrlə diplomatik münasibətlərinə görə tənqid edirlər. Onlar həmçinin azərbaycanlıları ABŞ səfirliyinə və İsrailin maraqlarına qarşı şiddətli hücumlara çağırırlar.

O da maraqlıdır ki, Tohid İbrahimbəyli 2023-cü ilin aprelində Qum şəhərində həbs olundu. Az sonra isə azadlığa çıxdı.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018) Elmar Vəliyev 2018-ci il iyulun 3-də silahlı hücuma məruz qaldı. Bəzi iddialara görə,  Rusiya vətəndaşı Yunis Səfərovun həyata keçirdiyi bu hücumun arxasında Tohid İbrahimbəylinin Hüseynçilər qrupu dayanıb. Belə ki, ekstremist baxışları ilə tanınan şiələrə məxsus "nur-az.com" saytında 2017-ci ildə Elmar Vəliyevin qətlinə açıq çağırış olub.

Kiçik bir haşiyə çıxaraq onu da qeyd edək ki, 2021-ci ilin oktyabrında İranın ali rəhbəri Xameneyinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnajad Bakıdan qovuldu. Bu amil də İranın Azərbaycana təsirini ciddi şəkildə sarsıtdı.

Bu məsələ ilə bağlı Azərbaycanla İran arasında müəyyən gərginlik indi də var. 2022-ci ilin aprelində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” konfransında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev iranlı jurnalistin sualına cavab olaraq deyib ki, o, İran prezidentinə İranda yaşayan, zorakılıq və radikal fəaliyyətlərdə iştirak edən 20 Azərbaycan vətəndaşının siyahısını təqdim edib və onların ekstradisiyasını istəyib. Ancaq müraciətinə müsbət cavab almayıb. Xatırladaq ki, Azərbaycan hakimiyyəti İran rəsmiləri ilə görüşləri zamanı həmişə İrana müəyyən iqtisadi güzəştlər müqabilində ekstradisiya məsələsini qaldırıb. Bu təklif İran tərəfindən həmişə rədd edilib, belə ki, Tehran İran-Azərbaycan sərhədi yaxınlığında İsrailin təhlükəsizlik və hərbi fəaliyyəti ilə bağlı məsələ qaldırıb, Azərbaycan da bu məsələni cavabsız qoyub.

İran prezidenti İbrahim Rəisi Rusiyanın xarici işlər naziri Lavrovla görüşündə ölkəsinin regionda, xüsusən də İran yaxınlığında xarici ölkələrin hərbi iştirakına qarşı olduğunu vurğulayıb. Bu, İranın Türkiyə-Azərbaycan hərbi ittifaqı və İsrailin İran-Azərbaycan sərhədi yaxınlığındakı hərbi və kəşfiyyat fəaliyyətləri ilə bağlı narahatlığını nümayiş etdirir. Bu narahatlıq o həddədir ki, İran, Azərbaycan və Türkiyənin Zəngəzur nəqliyyat dəhlizini yaratmaq planına qarşı çıxır. Onu “sionistlərin və NATO-nun layihəsi” adlandırır.

İran-Azərbaycan münasibətləri bədnam qonşumuz tərəfindən də diqqətlə izlənilir. Məsələn, daşnakların ən nüfuzlu nəşrində  “The Husseyniyyun: Iran’s New Gamble in Azerbaijan?” (Hüseyniyyə: İranın Azərbaycanda yeni qumar oyunudur?) adlı məqalədə deyilir ki, Türkiyənin regionda artan nüfuzunu və Rusiyanın regional status-kvonu saxlamaq ehtiyacını nəzərə alsaq, Tehran və Bakı arasında gələcəkdə qəbul edilən hər hansı siyasi böhran ənənəvi mənada münaqişəyə səbəb olmayacaq. Amma “Hüseyniyyə” hərəkatının meydana çıxması İranın qeyri-ənənəvi vasitələrlə Qafqazda öz rəqibləri ilə üzləşmək imkanlarının olduğunun nümayiş etdirir. İran praqmatik nöqteyi-nəzərdən pantürkizmdən ilhamlanan Azərbaycan milli düşüncəsini İranın şimal əyalətində böyük “azəri” etnik azlığına görə ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirir. İran çox gözəl anlayır ki, belə bir təxribat İsrail tərəfindən həyata keçirilə bilər. 20 iyul 2020-ci il tarixində İsrailin Azərbaycandakı səfiri “Təbrizin Azərbaycan tarixi və mədəniyyəti” adlı kitab oxuyarkən çəkilmiş şəklini Tvitter səhifəsində paylaşdı. Bu tvit anti-İran kampaniyasına çevrildi və orada bir çox azərbaycanlı və israilli Təbrizi Azərbaycanla ilhaq etməyə çağırdı. Buna cavab olaraq İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrail səfirini heç vaxt “qırmızı xətti” keçməməklə hədələyib.

1633931284_1-6.jpg (33 KB)

Göründüyü kimi, İran birbaşa Azərbaycanla münaqişəyə girmək istəmir. Ancaq “Hüseynçilər” kimi proksi qrupun əli ilə Azərbaycanda dünyəvi rejimi islam rejimi ilə əvəzləməyə çalışır. Bu məqsədlə də Azərbaycan dindar kəsiminin inancından sui-istifadə edir. Qum və Məşhəd kimi dini mərkəzlərdə təhsil alan soydaşlarımız molla rejimin tərəfindən zombiləşdirilir. Milli kimliyi və dövlətinə xəyanət edən bəzi gənc ruhanilər təhsil alıb geri döndükdən sonra İranın Azərbaycandakı təbliğatçısına çevrilirlər.

Bax elə bu Hüseynçilər hərəkatının “Ata”sı qismində olan Qasım Süleymani 2020-ci ilin yanvarında 62 yaşında Amerika tərəfindən öldürüldü. Azərbaycanın bir çox məscidlərində mollar Qasım Süleymanini-yəni Azərbaycanda dövlət çevrilişinə xeyir-dua vermiş şəxsi xalqa, xüsusən dindarlara şəhid qismində sırımağa çalışdırdılar. Hətta təbliğatın şiddəti o həddə çatmışdı ki, türk düşməni kimi tanınan, Qarabağda separatçı ermənilərə dəfələrlə dəstək vermiş Qasım Süleymani bəzi mollalar tərəfindən etnik baxımdan türk elan olunmuşdu...

Birmənalı olan odur ki, İran İslam İnqilabının müsəlman Şərqinə ixrac etməkdə maraqlıdır və yeritdiyi xarici siyasətdə bu xəttə üstünlük verir. Azərbaycan Qarabağı erməni separatizmindən birdəfəlik təmizlədikdən sonra Güneydə milli düşüncə daha da güclənib. Təbii ki, İran da bunun fərqindədir və bu prosesin qarşısını almağa, getdikcə güclənməkdə olan Azərbaycan dövlətini zəiflətməyə, mümkün olarsa öz təsiri altına almağa çalışır. Ancaq bu, o qədər də asan məsələ deyil. Bir də ki əgər İran bunu Azərbaycanın ən zəif vaxtında edə bilməyibsə, bundan sonra belə bir perspektivə ümid etməyə dəyməz. İrandan idarə edilən radikal dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslər ciddi nəzarət altındadır. Elə dünən onlardan 9 nəfəri həbs olundu. Şübhəsiz ki, proses davam edəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Oktyabr 2024

22 Sentyabr 2024

21 Sentyabr 2024

14 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

02 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024

25 Avqust 2024

23 Iyun 2024

22 Iyun 2024

16 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

25 May 2024

23 May 2024

15 May 2024

03 May 2024

02 May 2024

04 Aprel 2024

03 Aprel 2024

01 Aprel 2024

27 Mart 2024

23 Mart 2024

20 Mart 2024

17 Mart 2024

16 Mart 2024

14 Mart 2024