Общественно-политическая интернет газета
Bu il bu mövzuda yazmayacaqdım. Göründüyü kimi, AXC-nin yaradılmasının 34-cü ili ilə bağlı yazını bir gün sonra yazıram. Məni buna Aydın Kərimov ad-soyadlı bir oxucumuz vadar etdi.
Dünən o, sosial şəbəkədə adımı tag edərək (işarələyərək) belə bir status yazıb: “Azərbaycanda son 35 ilin gündəmini ən yaxşı bu hadisələrin şahidi olan hörmətli Xalid Kazimli yaza bilərdi. Təəssüf ki, o da neytral mövqedə deyil və Xalq Hərəkatının mənasız liderlərini müdafiə edir”.
Elə oradan başlayım ki, status müəllifi yanılır, bu məsələdə gerçəkdən də neytral möqedəyəm. Hətta o tarixi hadisələrə o qədər neytral və qərəzsiz yanaşıram ki, xalq hərəkatında önəmli rol oynayan, amma sonrakı proseslərdə yol verdiyi qüsurlara görə qəbul etmədiyim şəxslərin də tarixi xidmətini danmıram, təqdir edirəm.
Ona görə də silsiləvi olaraq xalq hərəkatına qarşı bu kimi fikirlərlə çıxış edən Kərimovun “Xalq hərəkatının mənasız liderlərini müdafiə edir” fikrini olduqca yanlış sayıram. Hərəkat da mənalıydı, onun liderləri də, sıravi üzvləri də. Söhbət millətin, vətənin taleyindən gedirdi.
Xalq hərəkatında iştirak edən hər kəs, adi sıravi üzvlərdən tutmuş ta liderlərə, AXC-nin ilk idarə heyətinə qədər hər kəs alqışa, təqdirə layiqdir. Sonradan fələk onların hərəsini öz ambisiya və düşüncələrinə, dünyagörüş və ideoloji inanclarına görə başqa-başqa istiqamətlərə yönəltdi, ancaq startda hamısı fədakar, cəsarətli idilər. Onlar xalqın yolunda, vətən torpağının müdafiəsi naminə güllə qabağına çıxmışdılar, bunu necə danmaq olar?
İndi deyirlər, o imkanı xalqa, o dövrün dissidentlərinə Qorbaçov yaratmışdı...
Qismən haqlı sözdür. Amma unutmayaq ki, Qorbaçovun məqsədi heç də sovet-rus imperiyasının boyunduruğu altında olan xalqların azadlıq, müstəqillik əldə etməsi, sovet dövlətinin dağılması, kompartiyanın hakimiyyətinin itirilməsi deyildi. O, sadəcə, ora-burasından su sızdıran SSRİ adlı köhnəlmiş qayığın altını-üstünü, böyür-başını qırlayıb, rəngləyib yenidən çaya itələmək, bütün sərnişinlərlə birlikdə məchul gələcəyə üzmək fikrindəydi. Qorbaçov düşünmürdü ki, 1988-ci ildə erməni separatizminə qarşı tutduğu mülayim mövqe 3 ilə SSRİ-ni çökdürəcək.
Bir fikir verin, ermənilər kütləvi aksiyalara nə vaxt başladılar, SSRİ-yə daxil olan digər respublikalar (əsasən ölkənin Avropa hissəsində yerləşən ölkələr) nə vaxt başladı. Hamı ermənilərdən ən azı 9 ay, 1 il sonra müxtəlif məramlı mitinqlərə çıxdı. Bu müddət ərzində hamı sakitcə kəşfiyyat apardı, oturub gözlədi ki, sovet dövləti ermənilərlə necə davranacaq. Görəndə ki, ermənilərə bir söz deyən olmadı, əksinə, onlar lap yuxarı səviyyədə təqdir qazandılar, ondan sonra Gürcüstan, Ukrayna, Baltikyanı ölkələr, Rusiyanın özündəki yeni qüvvələr hərəkətləndilər, təşkilatlandılar.
Transparantda yazılıb: "Qarabağ erməni torpağıdır"
Ancaq bir istisna vardı. 1988-ci ilin fevralında ermənilər indiki Xankəndidə və İrəvanda kütləvi aksiyaya başlayanda, A.Kərimovun “xalq hərəkatının mənasız liderləri” adlandırdığı şəxslər də Bakıda etiraz aksiyası keçirmişdilər. Bu, kütləvi aksiya deyildi, heç mitinq də adlandırmaq olmazdı, piket idi və bu aksiya o vaxtkı “Spartak” stadionunda (lap köhnə avtovağzalın həndəvərində) baş tutmuş, müşahidə edənlərə siqnal olmuşdu ki, bizdə də meydana çıxa biləcək oğlanlar var.
Bu şəxslər bu hərəkətləri ilə özlərini amansız sovet DTK-sının yerli filialının, Azərbaycan ofisinin diqqət mərkəzinə salmışdılar. Əslində Qorbaçov ermənilərə qarşı sərt davransaydı, “Krunk” və “Qarabağ” təşkilatlarının liderlərini zərərsizləşdirsə və bu təşkilatları darmadağın etsəydi, o zaman bizdən də məhz bu adamlar həbs olunacaq, işgəncəyə, sürgünə, həbsə məruz qalacaqdılar.
Onlar əsasən AMEA-nın institutlarında, BDU-da və digər ali məktəblərdə işləyən gənc alimlər, şair-yazıçılar və aspirantlar idi.
Elə 1988-ci ilin noyabrında da Azadlıq meydanında kütləviliyi o şəxslər və onların çağırışına qoşulan tələbələr, fəhlələr, bütövlükdə xalq təmin etdi. Nemət Pənahlı alovlu və cəsarətli çıxışları ilə meydanın baş natiqinə çevrilsə də, əslində meydanın düşünən beyni məhz o gənc alimlər idi. 1989-cu ilin dünənki günündə (16 iyul) yaradılan AXC-nin ilk idarə heyətinin ilk üzvləri də onlar oldu.
Bunu necə unutmaq, necə danmaq olar?
Bu şəxslərin sağ olanlarının siyasi iddiaları var deyə tarixi xidmətlərini unutmaq düzgün deyil.
Bu gün aramızda olmayan Əbülfəz Elçibəy, Tofiq Qasımov, Vurğun Əyyub, Hikmət Hacızadə, İsgəndər Həmidov, İbrahim İbrahimli, Ədalət Rəhimli, Məryəm Həsənova, Ağamalı Sadiq, Nəcəf Nəcəfov, Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Vaqif Səmədoğlu, Tağı Xalisbəyli (sonuncu 5 nəfər AXC-nin ağsaqqallar şurasının üzvləri olub) başqaları həmin AXC-nin yaradıcılarından olublar. O sırada sonradan vətən xaini olmuş, dövlətimizə düşmənçilik etmiş birindən başqa hamısı ehtirama layiqdir.
Ya onlar da olmasaydı, meydana çıxmasaydılar, xalqın müqavimətini təşkil etməsəydilər, millət olaraq halımız necə olardı? Yaxşı təşkilatlanmış ermənilər Kremlin əliylə maneəsiz şəkildə Qarabağı əlimizdən almazdılarmı? Bal kimi alardılar. O vaxt onlar hərtərəfli mütəşəkkil, qətiyyətli və həyasız, təşəbbüsü ələ almış, havadarlar şəbəkəsi toplamış durumdaydılar. Bizim kommunist rəhbərlərin içində elcanlı, vətənpərvər adamlar olsa da, həm azlıqdaydılar, həm də heç biri qabağa durub özünü Kremlin gözündən salası, karyerasını baltalatdırası deyildi. Onlara da arxasında gizlənmək üçün qeyri-kommunistlərdən ibarət bir təşkilat lazım idi.
Bu baxımdan ola bilər ki, hərəkatın ilk illərində onlar xalqın meydanda kütləvilik yaratmasına, sonradan AXC-nin formalaşmasına və güclənməsinə müyyən dəstək veriblər, amma sonradan o fəal patriotlardan bir neçəsi siyasi ambisiyalara qapıldılar, hərəkatın gücündən öz mənafeləri üçün yararlanmağa çalışdılar. Ancaq hərtərəfli informasiyaya malik Kreml onların hamısını bir kənara qoyaraq, Vəzirovdan sonra özünə daha loyal olan Ayaz Mütəllibovu respublika rəhbəri təyin etdi.
Xalq hərəkatının liderlərinə hələ də nifrət qarışıq ikrahla yanaşan bəziləri çox zaman unudurlar və belə iddia irəli sürürlər ki, baxın, Orta Asiya respublikalarında – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanda xalq hərəkatları olmadı, amma onlar da müstəqillik qazandılar.
Çox yanlış və diletant fikirdir. Birincisi, bizim xalqı meydanlara toplayan səbəb o ölkələrdə yox idi. Biz dəyən təpik onlardan birinə dəysəydi, bilmək olmazd necə at belinə sıçrayar, Kremlə asi olardılar. İkincisi, Azərbaycanda 1989-cu ilin noyabrında olduğu kimi meydana 1 milyon adam çıxmasaydı və bu, digər üsyankar müttəfiq respublikalara sirayətedici təsir göstərməsəydi, xüsusilə də 20 Yanvar faciəsindən sonra 40 günlük itaətsizlik olmasaydı, SSRİ-nin sütunları hələ 5-6 il, bəlkə də çox dözüb duracaqdı. Sadəcə, SSRİ-yə daxil olan ölkələrin yarısı Moskvanın etibarına, ədalətinə bələd oldular, üzlərini döndərdilər, Rusiyanın özündə kompartiyanın idarəçiliyindən narazılıq pik həddə çatdı və SSRİ çökdü.
Yəni Azərbaycandakı xalq hərəkatı olmasaydı və ermənilər Qarabağı asanca əldə etsəydilər, SSRİ dağılmayacaqdı, 15 müttəfiq respublikanın 14-ü müstəqil olmayacaqdı. Dağılma prosesi uzun illər ləngiyəcəkdi, bəlkə də ruslar bir yolunu tapıb onu yenidən möhkəmlədəcəkdilər. Bu işdə onlara ən çox dəstək verən kim olacaqdı? Əlbəttə ki, Qarabağı alıb rahatlaşmış ermənilər. Ötən əsrin 20-30-cu illərində olduğu kimi, məhz onlar itaət etməyənlərin cəzalandırılması kampaniyasının fəalları olacaqdılar.
Ona görə də nə xalq hərəkatını, nə də onun liderlərini xor görmək lazım deyil. Bu, bir tarixi missiya idi, onların üzərinə düşmüşdü, ortaya çıxdılar, xalqın taleyində müsbət rollarını oynadılar. Onlar təcrübəsizlikdən siyasi səhnədə, hakimiyyət məsələsində uğur qazana bilmədilər, amma lap əvvəldə meydana çıxdıqlarında hakimiyyət-filan söhbəti ağıllarından keçməmişdi, millətin mənafeyi üçün çıxmışdılar. Əsas məsələ budur. Ümumiyyətlə, bu xüsusda darıxmaq lazım deyil, zaman keçir, bu gün-sabah onların siyasi ambisiyaları da olmayacaq.
Ancaq xalq hərəkatına liderlik etmiş şəxslərin tarixi xidmətini danmaq təkcə bu şəxslərə yox, onların ardınca gedərək erməni-rus aqressiyasına müqavimət göstərmiş yüz minlərlə insana qarşı böyük ədalətsizlikdir. Onlar 1988-ci ildə meydana çıxmaqla, 1989-cu ildə AXC-ni yaratmaqla pis iş görməyiblər.
КомментарииОставить комментарий