Общественно-политическая интернет газета
Havadarlı, arxalı olmaq budur: 1 ayın içində BMT-nın Təhlükəsizlik Şurası bir ovuc erməniyə görə iki dəfə baş assambleyanın toplantısını keçirdi.
İkinci bir xalq və ya hadisə göstərin ki, dünya dövlətlərinin üst qurumu olan təşkilatın idarəedici, qərarverici dairəsi həyəcanlı şəkildə bir araya gəlsin.
Belə bir fakt yoxdur.
O vaxt Myanmanın Arakan ştatında yaşayan müsəlman rohincalar dünyada ən çox zülmə, təqibə məruz qalan xalq olsa da, onların səsinə səs verən olmadı, eləcə qətliama və deportasiyaya məruz qalmaları barədə informasiya verdilər.
Myanmalı əsgərlər 1000-dən çox rohincanı İnn Din kəndində güllələyib, kütləvi məzarlıqda basdırıblar. Sonradan Myanma hökuməti genosiddə ittiham olunmaqdan yayınmaq üçün o əsgərlərdən 7-nə ağır cəza kəsib. Bununla belə, 800 min rohinca daimi yaşayış məskənindən didərgin düşüb, Banqladeşə sığınıb.
Son 30 ildə dünyada onlarla xalq irqi, milli, dini zəmində təqibə, qətliamlara məruz qalıb, yaşayış yerlərini kütləvi şəkildə tərk edəsi olublar. Tutsilər, suriyalılar, iraqlılar, əfqanlar, bosniyalılar, albanlar, uyğurlar, ukraynalılar və başqa xalqlar ayrı-ayrı dövlətlərin hakimiyyət orqanlarından zülm-zillət görüblər, BMT nadir hallarda onların taleyinə dair müzakirə açıb.
Ancaq ermənilərin beynəlxalq dayağı necə güclüdürsə, bir acılı şapalaq yeyən kimi havadarları dünyanı ayağa qaldırırlar. Fransa, ABŞ, Kanada, Hollandiya, Almaniya, Norveç və başqa ölkələr həyəcan təbili, saksofonu, şeypuru çalırlar.
Bu dəfəki həyəcanlanmanın, BMT-də “erməni məsələsi”ni qaldırmağın təşəbbüskarı da Fransa idi. Bu dövlət öz keçmiş müstəmləkələrinin bəzilərini başına toplayaraq, Azərbaycana öz vətəndaşlarının təhlükəsizliyini qorumağı “tapşırırdılar”.
Fransa BMT Təhlükəsizlik Şurasının üzvü olmasından artıq ermənilərin xeyrinə sui-istifadə edir.
Taleyin gərdişindən 1945-ci il tarixli BMT nizamnaməsində təşkilatın Təhlükəsizlik Şurasında təmsil olunan beş suveren dövlətdən biri də Fransadır (o birilər Çin, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarıdır). Bu dövlətlər II dünya müharibəsinin qalibləri sayılır, ona görə də BMT təsis edilərkən xüsusi status alıblar.
Halbuki Fransa nasist Almaniyasına 43 günün (10 may-22 iyun) içində biabırcasına məğlub olmuş, sona qədər işğalda qalmış dövlət olaraq nə qaliblərin cərgəsində, nə də BMT TŞ-də təmsil olunmalı deyildi. Hətta nasist rəhbərlərin üzərində keçirilən Nürnberq məhkəməsində Hitlerin yaxın adamlarından birinin əliyə fransız hakimləri göstərərək belə bir söz dediyi məlumdur: “Bunların burada nə işi var?”
Keçmiş vaxtlar heç, indilikdə fransızların BMT-dəki işi ondan ibarətdir ki, işğalçı Ermənistanı, Qarabağda soyqırım aktları törədən separatçı eməniləri dəstəkləsinlər, daima “onların tərəfində olduqlarını” vurğulasınlar, əsl həqiqətin nədən ibarət olduğunu ört-basdır etsinlər, gözə kül üfürsünlər.
Arada adama elə gəlir ki, problemləri xirtdəyə çıxan, vaxtaşırı iğtişaşlarla müşayiət olunan etiraz aksiyalarına meydan olan Fransanın prezidenti Makron öz əlkəsinin qayğıları ilə yaşamır, əsas dərd-səri ermənilərin himayə olunmasıdır. Hələ Parisin meri Ann İdalqo da ona qoşulub, hər gün ermənilərin “haqq işi”ndən danışır, bəyanat, açıqlama, müsahibə verirlər.
O biri Avropa dövlətlərinin siyasi və diplomatik dairələrinin ermənilərə qahmar çıxmasını vaxtilə “xristian təəssübkeşliyi” ilə bağlayanlar Avropasevərlərin etirazı ilə üzləşirdilər. Sonradan artıq bu faktor danılması mümkün olmayan hala gəldi. 8 il öncə Suriyada İŞİD və Əsəd hökuməti tərəfindən öldürülən, yer-yurdundan qovulan və zorlanan yüz minlərlə insanın taleyinə biganə qalan Avropanın günlərin birində bir neçə min xristian yezuitin təqibə məruz qalması haqqında fəryad qoparması və həmin bölgəyə təcili olaraq qoşun yeritməyi müzakirə etməsi avropalıların dini konfessiyalar arasında nə qədər ayrı-seçkilik etmələrinı aydın şəkildə ortaya çıxardı. Amma buna o qədər önəm verən olmadı, söhbət unuduldu, getdi.
Bizim dinc əhalinin son 35 ildə Ermənistan ordusunun hərbçiləri və Qarabağın separatçı erməniləri tərəfindən hansı zülmlərə məruz qaldığını çoxdan belə hadisələrə “fransız qalmış” avropalıların diqqətinə çatdırmışıq. Fikir verən, ciddiyə alan, heç olmasa müzakirəyə çıxaran olubmu? Olmayıb. Heç zaman olmayacaqdı da. Biz toparlanıb ayağa qalxmasaq, haqqımızı biləyimizin gücü ilə tələb etməsək, ömrümüz boyu Avropanın qapısında şikayətçi durumunda, yalvara-yalvara qalacaqdıq ki, yarım əsrdir torpağımız işğaldadır, ermənilərə təsir edin, geri versinlər, Ancaq nə onlar işğalçı ermənilərə bir söz deyəcəkdilər, nə ermənilər istilənib xaraba qoyduqları torpaqlarımızı tərk edəcəkdilər.
Acı reallıq bu idi. Fəqət biz hələ 15 il öncədən dünyadan ədalət gözləməyin əbəs olduğunu anladıq və hazırlaşmağa başladıq.
Nəticə ortadadır: separatizm ocağı, qan çanağı məhvə məhkum edilib, 30 ildən bəri Qafqazın siyasi xəritəsində qara-qırmızı ləkə kimi görünən yerlər bu günlərdə başqa rayonlarımızın işarələndiyi xətlər və rənglərlə əks olunacaq. Bu iş bu il bitəcək.
Qarabağ ermənilərinin rohincaların gününə qoyulmasına gəlincə, bu, olmayacaq. Onları kütləvi qətliam və kütləvi deportasiya gözləmir. Ölkədə qisas hissi ilə alışıb-yanan yüzminlərlə insan, xüsusilə də ermənilərin əlindən zərər çəkənlər olsa da, Azərbaycan dövləti buna, anti-bəşəri cinayətə heç vaxt imkan verməyəcək. Heç bir cinayəti olmayan və qorxmayan mülki insanlar qalacaq, asudə yaşayacaqlar, cinayəti olan və buna görə də qisasdan qorxanlar isə, təbii ki, daha təhlükəsiz yerlərə üz tutacaqlar.
КомментарииОставить комментарий