Свобода людям, независимость нациям!

Elçibəyin 30 il öncəki qalaqurması – Kələkiyə gediş qəsd yox, çarəsizlik aktı idi

Sabah, iyunun 17-dən 18-nə keçən gecə ölkəmizin 2-ci prezidenti Əbülfəz Elçibəyin paytaxtı tərk edərək Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən Kələki kəndinə getməsinin 30 ili tamam olacaq.

Aaradan 30 il keçib, amma bu mövzuda mübahisə, söz-söhbət bitməyib. Hərçənd əvvəlki illərə nisbətən bir xeyli azalıb – o günün şahidləri və mövzunun əhəmiyyəti də eləcə.

23 ildir ki, bu mövzuda polemika Elçibəysiz gedir – o, 2000-ci ilin avqustunda rəhmətə gedib və bir çox sirləri özü ilə aparıb.

elcikelek.jpg (7 KB)

Əslində 1993-2000-ci illər arasında da mərhum Elçibəy Bakıdan Kələkiyə gedişi ilə bağlı insanların umduğu versiyanı dilə gətirmirdi. Həmin müddətin 4 il 4 ayını o, bir günün içində məşhurlaşmış doğma kəndində - Kələkidə yaşamışdı, Bakıya qayıdandan sonra da köhnə söhbətlərə qayıtmağı o qədər də sevmirdi, vacib saymırdı.

Tərəfdarlarının, bitərəflərin, hətta ona düşməncəsinə yanaşanları Elçibəydən umduğu bir etiraf vardı. Əgər o, onu desyədi, hamı rahat nəfəs alacaq, özünü üstündən dağ götürülmüş kimi hiss edəcəkdi. Fəqət Elçibəy sona qədər onu etmədi.

Umulan etiraf təxminən belə olmalıydı: “Bəli, mən Əbülfəz Elçibəy, Bakını ona görə tərk etdim ki, Heydər Əliyevlə aramızda danışıq olmuşdu, razılaşmışdıq, hakimiyyəti ona verməliydim. Mən sözümü tutdum, prezident postunu ona verdim, özümsə doğma kəndimə getdim. Bəli, mən bunu qəsdən etdim, bilə-bilə etdim. Neçə il idi, bu planı həyata keçirmək istəyirdim, 1993-cü ilin iyun ayının 17-dən 18-nə keçən gecə bu planı, nəhayət, icra etdim”.

43751540_566525837097699_9065518837536915456_n.jpg (64 KB)

Birincisi, əgər Elçibəy və Əlyevin arasında belə bir razılaşma olmuş olsa da, birincinin bunu etiraf etməsi onun siyasi karyerasının sonu olardı, ona görə də xlaq hərəkatının lideri olaraq tarixi missiya daşımış bir şəxs bunu etməz, nəinki gələcəyinin, eləcə də keçmişinin üstündən xətt çəkməzdi.

İkincisi, ortada belə bir saziş (şifahi olsa belə) olmadığı təqdirdə elə bir etiraf etmək nəinki çətin, ümumiyyətlə, mümkünsüz idi. 

Məncə, ikinciydi. Ortada heç bir razılaşma, saziş olmamışdı. Elçibəyin qazancı nə idi ki, belə bir addım atsın?

Elçibəyin paytaxtı tərk etməsi sui-qəsd sözləşməsinin nəticəsi deyildi, çarəsizliyin nəticəsi idi. Şahmat terminləri ilə desək, o, əsas füqurlarını – parlamentin sədri İsa Qəmbəri, baş nazir Pənah Hüseyni (iki ay öncədən isə daxili işlər naziri İsgəndər Həmidovu) itirmiş və etdiyi qısa qalaqurma uğursuz alınmışdı.

554793.jpg (60 KB)

Həmin vaxt Elçibəy qardaş qanı axıdılmasının əleyhinə idi, üstəlik, qiyamçıların qarşısına çıxmalı olan hüquq-mühafizə orqanları rəhbərləri tərəddüd içində idilər və prezidentin əmrini yerinə yetirməkdən imtinaya meyllənmişdilər. Prezident qiyamçıları silah gücünə durdurmağı əmr etsə də, bu əmrin yerinə yetiriləcəyi şübhə altındaydı.

Elçibəy məhz ona görə taym-aut götürdü ki, Əliyev yaranmış situasiyanı idarə etsin, qiyamı lokallaşdırsın, qiyamçıları cilovlasın.

Əslində hələ iyun ayının əvvəllərində Heydər Əliyevin Bakıya dəvət edilməsilə qiyamçıların və onların havadarlarının əsas planı pozulmuşdu. Onlar hakimiyyətə başqa birinin yox, son nəticədə Ayaz Mütəllibovun və ya Vaqif Hüseynovun gətiriləcəyini gözləyirdilər. “Əliyev variantı” bu planı pozdu. Bu təqdirdə əsas məsələ Elçibəyin hakimiyyətdən gedişi oldu. Qiyamçılar və onların havadarları Elçibəyin prezident səlahiyyətlərinə xitam verilməsindən sonra Surət Hüseynovun baş nazir olmasına ona görə razılaşdılar ki, onlar bu postu müvəqqəti hesab edirdilər, düşünürdülər ki, çətini hakimiyyətə yiyələnmək, legitimlik qazanmaqdır, 1-2 ilə yaşı 70-i keçmiş Əliyevi də yola salmaq çətin olmayacaq.

1433409244.jpg (32 KB)

Bu planların sonrasını bilirsiniz. 1994-cü ilin sentyabr ayının axırı, oktyabr ayının əvvəli yenidən hərəkətlənən qiyamçılar faciəvi şəkildə uduzdular. Əliyev onları uşaq kimi aldatdı, işi bişirdi, sonda iki gedişə də yox, bir həmləylə mat qoydu.

Elçibəyin gözlənilmədən Kələkiyə getməsini ona görə hələ də həzm edə bilməyənlər var ki, onların, gözlədikləri kimi, 2-3 ilə “atdan düşüb-atlanmaq” planları alınmadı. İldən-ilə necə bir tarixi şansın əldən çıxdığı bütün acılığı ilə ortaya çıxdı və onlar bu aqibətə görə “sui-qəsdə məruz qalmışlıq” sindromuna tutuldular.

Elçibəy isə bu addımı qəsdən atmamışdı. 2000-ci ilin əvvəllərində yazdığım bir yazıda bu məqama toxunmuş və qeyd etmişdim ki, bu saat qardaş-qardaşa kənddə icra nümayəndəsi postunu güzəştə getmir və ömürlük qanlı-bıçaq olurlar, kim kimə padşahlıq hədiyyə edər.

Mərhum liderimiz bu yazı çıxan gün zəng etmişdi, yazının bu yeri çox xoşuna gəlmişdi, bərkdən gülür və deyirdi: “Onu yaman yazmısan”. 15-20 gündən sonra müsahibə üçün evində görüşəndə də Elçibəy həmin yazıya qayıtdı və gülə-gülə və başını bulaya-bulaya eyni sözü təkrarladı.

Bu mövzuda rəhmətliyin demədiyi, deyə bilmədiyi nəsə vardı. Məncə, o, təxminən 1 həftə və ya 10 gün sonra Kələkidən Bakıya dönməyi planlaşdırıb. Amma bu alınmayıb və onun hansı səbəbdən alınmadığına dair incəlikləri heç kəsə demək istəmirdi.

332828.jpg (66 KB)

Elçibəy Kələkiyə qəfil gedişini ən yaxın silahdaşlarına – İsa Qəmbərə, Pənah Hüseynə, Arif Hacılıya, Əli Kərimliyə nədən deməməsinin səbəbi də bəllidir. Onlar bilsələr, Elçibəyi fikrindən daşındıra bilərdilər, bu gedişin çıxış yolu olmadığını deyərdilər.

Bax, məsələnin məhz bu yeri onun “Kələki hicrəti”nə şübhələri artırır.

1591427212_220344_150524428350300_2142093_o.jpg (34 KB)

İndi elçibəyçilərin, onun sabiq komandasının sıravi üzvlərinin, orta ranqlı funksionerlərinin Elçibəydən bəlli bir miqyasda incikliyini anlamaq olur, elə surətçilərin, mütəllibovçuların, vəzirovçuların Elçibəyə düşmən kəsilməsinin sirri də dərində deyil.

Bəs YAP-ın Elçibəyə münasibəti nədən hələ də mənfi çalarlıdır? Axı o hakimiyyəti onlara qızıl məcməyidə verdi. O zaman AMİP daha güclüydü, Elçibəy hakimiyyəti ona da verə bilərdi, revanşistlər də zəif deyildi, məlum addım atılmasa, onlar hakimiyyətə qayıdacaqdılar. Amma 2-ci prezident məhz YAP-ın xeyrinə seçim etdi. 

 

Нет комментариев

Новости автора