Свобода людям, независимость нациям!

Eks-generalın 30 milyonu – məlum oldu ki, Çovdarov əfv edilib, bəraət almayıb

Son ayların ən maraqlı, eyni zamanda ən müəmmalı məhkəmə işi budur: ləğv olunmuş MTN-in sabiq idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının üzərindən həbsin götürülməsi, sonra həmin əmlakın yenidən müsadirə olunması...

Bu iki qalmaqallı qərarın ikisi də Bakı Apelyasiya Məhkəməsində verilib. Əvvəlcə, 2022-ci ilin dekabrında hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib, daha sonra Bakı Apelyasiya Məhkəməsinin başqa hakimi Mirzəli Abbasovun sədrlik etidiyi hakimlər heyəti eyni məhkəmənin qəbul etdiyi əvvəlki qərarı ləğv edib və Akif Çovdarovun “8-ci kilometr” bazarındakı payı da daxil olmaqla ümumilkdə 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə edilib.

Akif Çovdarov iş adamı deyil. O, dövlət məmuru, poqon daşıyıcısı olub və qanunlara görə biznes fəaliyyəti ilə məşğul ola, bu qədər varidat toplaya bilməzdi. Bu şəxsin bu qiymətdə daşınmaz əmlak sahibi olması üçün 102 il boyunca qara qəpik xərcləmədən maaşını yığması lazım idi. Demək, hara çəksələr, necə izah versələr də, gün kimi aydındır ki, sabiq generalın 30 milyonu qanunsuz və zəhmətsiz gəlirlər hesabına formalaşıb.

Üstəlik, Akif Çovdarova qarşı irəli sürülən iitthamların içində “mənimsəmə və ya israfetmə”, “külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq etmək”, “rüşvət alma” və sair ağır cinayət maddələri vardı. Ona 2017-ci ildə Bakı Hərbi Məhkəməsində məhz bu cinayətlərə görə 12 illik həbs cəzası kəsmiş, 30 milyon manatlıq əmlakını müsadirə etmişdilər. Paralel olaraq, Çovdarov general-mayor rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilmişdi.

Sabiq təhlükəsizlik zabitinin 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılması sırf koronavirus pandemiyası və səhhətində yaranmış problemlərlə əlaqələndirilirdi. Belə olmasa da, bu, Çovdarovun bəraət qazanması deyildi, əfv olunmasıydı. Fəqət belə anlaşılır ki, eks-generalın müsadirə edilmiş əmlaklarının geri qaytarılması barədə qərar qəbul edən hakimlər məsələni səhv anlayıblar, elə biliblər, adam tamamən bağışlanıb və artıq ondan alınan hər şey geri qaytarılacaq. Bəlkə də onlar düşünblər ki, bu tərəqqi ilə Çovdarovun rütbəsi də, köhnə vəzifəsi də geri veriləcək.

Əks təqdirdə 30 milyonluq əmlakı sabiq idarə rəisi və eks-generala qaytarmaq cəsarəti göstərən hakimlərin hərəkətini izah etmək mümkün deyil. Onlar bu addımları ilə Bakı Hərbi Məhkəməsinin 12 illik həbs barədə qərarının doğruluğunu şübhə altına almış olurdular.

İndi Bakı Apelyasiya Məhkəməsinin başqa hakim heyəti də öz həmkarlarının qərarının doğruluğunu şübhə altına alıb. Bu üç qərardan ən azı biri doğru deyil, axtarsan, altında başqa şeylər də tapmaq olar. Prinsipcə, belə yanlış qərarlar çıxaranlar cəzalanmalıdırlar. Amma hələ ki bu xüsusda bir informasiya yoxdur.

Ona görə də Akif Çovdarovun vəkili Kamandar Nəsibov çıxarılmış qərardan Ali Məhkəməyə şikayət verəcəklərini deyib və əlavə edib ki, Ali Məhkəmədə onların xeyrinə qərar verilməyəcəyi təqdirdə Avropa Məhkəməsinə şikayət vermək haqda düşünəcəklər.

Çox güman ki, bu, elə düşüncə olaraq da qalacaq və nə Çovdarov, nə də onun vəkili Avropa Məhkəməsinə üz tutmayacaqlar. Çünki bu, həm Azərbaycana qarşı hüquqi savaş açmaq olardı (Avropa Məhkəməsinə çıxsa Çovdarovun işinin adı belə olacaq: “Akif Çovdarov Azərbaycana qarşı”), həm də güman ki, Avropa Məhkəməsi rüşəvotxirluq, quldurluq, mənimsəmə yolu ilı qazanılmış milyonların məsələsini siyasi iş kimi qəbul etməyəcək. Üstəlik, hökumət acığa düşüb 12 illik cəzanın çəkilməmiş hissəsi ilə bağlı məsələyə yenidən qayıtsa, it də gedər, ip də.

Çovdarovun müsadirə olunmuş əmlakının qısa mündəricatı isə belədir: “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzinin səhmlərinin yarısı - 8.1 milyon manat; Biləcəridə iki yerdə torpaq sahəsi (95 və 300 min manatlıq) Yasamalda mənzil 231 min 500 manatlıq); Xətaidə mənzil (125 min manatlıq); Bülbül prospektində mənzil (483 min mana); Novxanı qəsəbəsində torpaq sahələri (86 min manat və 71 min manatlıq); həmin qəsəbədə iki villa (800 və 700 min manatlıq); Sarayda, Xızıda, Qəbələdə, Şamaxıda, Kürdəmirdə torpaq sahələri və tikililər, Bakı şəhərində qarajlar, Binəqədi rayonunda 4941 kv.metrlik 6 mərtəbəli bina, Bakıda, Cavadxan küçəsində 7 mərtəbəli qeyri-yaşayış binası və s.

Bu, Çovdarovun əlindən alınmış əmlaklardır, güman var ki, bir bu qədər də əlindən alınmamış varidatı var. Ona görə də gərək sabiq general ziyanın yarısından qayıtmağı nəf saysın.

Bu pis presedent ola bilərdi, o zaman son illərdə həbs edilən generalların, polkovniklərin, nazirlərin, nazir müavinlərinin, İH başçılarının hamısı müsadirə olunmuş əmlaklarını geri istəyəcəkdilər.

 

Нет комментариев

Новости автора