Общественно-политическая интернет газета
Belə situasiyalarda adətən yüz ilin təşbehindən istifadə edir, “region barıt çəlləyinə dönüb” deyirlər.
İndiki durumda bu, reallığı dəqiq ifadə edir. Gələn xəbərlər göstərir ki, regionda yeni savaş tonqalı çatılır, bir qığılcım lazımdır ki, od-alov Qafqazı bürüsün.
Əslində hələ 44 günlük müharibənin başa çatmasından bir həftə keçməmiş Ermənistan silah toplamağa başlamışdı, Hindistana, Fransaya, başqa ölkələrə silah üçün ağız açırdı.
O zaman bu dövlət 5 mindən artıq həlak olan, 3 o qədər yaralanan, 5 o qədər fərarilik edən, 7 o qədər gözü qırılan, döyüş ruhunu itirən hərbçilərini nəzərə alaraq, revanşa girişməyin mümkünsüz olduğunu dərk edirdi. Erməni militaristlər 15-16 yaşlı gənclərin böyüyüb çağırışçı olmasını gözləməyə məcbur idilər.
İndi həmin yeniyetmələr əsgər yaşına çatıblar və Ermənistan dövləti üzünə tük gəlməmiş uşaqlara hərbi forma geydirərək, onları Azərbaycanla sərhəd rayonlarda dislokasiya olunmuş hərbi hissələrə gətirib.
3 il əvvəlki kütləviliklə olmasa da, yenə Ermənistan ordusunda müddətdən artıq hərbi xidmət keçənlər var. Ölümü gözə almış bu şəxslərin ya hərbçi olmaqdan başqa çarələri yoxdur, ya da qisas hissi gözlərini örtüb, onlar 44 günlük müharibədə düçar olduqları məğlubiyyətin əvəzini çıxmaq istəyirlər.
Təbii ki, Azərbaycan hərbçilərinin əli armud toplamır, sayıqlığı əldən vermədən, döyüş təmrinlərini axsatmadan təlim keçir, düşmənin hər hansı bir həmləsini önləmək üçün lazımi məkanlarda lazımi sayta toplaşır, əlləri tətikdə gözləyirlər.
Rusiya Ermənistan hakimiyyətinə son dərəcə qəzəbli olsa da və onu cəzalandırmaq fikrinə gəlsə də, yeni komandan təyin etdiyi “sülhməramlı” hərbi kontingentini Qarabağın dağlıq hissəsində, Xankəndidə əmrə müntəzir saxlayır. Bu kontingentin əsas məqsədi Qarabağ ermənilərini, daha dəqiqi, Ermənistan ordusunun Xankəndidə və onun ətrafında qalan birləşmələrini qorumaqdır.
ABŞ uzun illərdən sonra, nəhayət, Ermənistana hərbi birləşmə göndərməyə nail olub. Amerikalı hərbçilər bu ölkəyə “Tərəfdaş qartal” hərbi təlimlərində iştirak etmək üçün gəlirlər və belə bir xəbər yayılıb ki, onlar təlim (11-20 sentyabr) bitəndən sonra da Ermənistanda qalacaqlar. Belə bir şey olsa, bu, o demək olavcaq ki, əslində ABŞ hərbçilərinin Paşinyanı rusiyalı hərbçilərdən qorumaq üçün qalırlar.
Fransanın hərbi-diplomatik missiyasının bir ayağı İrəvandadır, gedirlər, gəlirlər. Bu dövlət istənilən vaxt Ermənistana hərbi kontingent göndərməyə hazırdır və bu planın qarşısında artıq heç bir hüquqi-siyasi baryer yoxdur.
Bu arada cənub qonşumuz İrandan da belə bir xəbər gəlir ki, Tehran öz sərəncəmanında olan ordunun bir hissəsini Araz qırağına doğru hərəkətə gətirib və Ermənistanın ərazi bütövlüyünün pozulması halında məsələyə müdaxilə etməyi düşünür.
Bu, öz yanından hövllənmək cəhdidir. Düzdür, Ermənistan hərbi üstünlük əldə etmək üçün bütün dövlətlərə minnətçi düşməyə hazır dövlətdir, amma indiki halda, ABŞ-ın, Fransanın, Rusiyanın bu kiçik dövlətin içində olduğu bir zamanda İran ordusunu nəinki Arazın bəri tayında, Qafanda, heç öz tayında da görmək istəyən yoxdur.
Bircə o qalıb ki, açıq düşmənçilik ortamında olan İranla ABŞ gəlib-gəlib Ermənistanda müttəfiq olsunlar.
Hərçənd bu kombinasiya o qədər də nadir deyil. 75 ildən bəri dünyanın hər tərəfində kəskin qarşıdurmada olan ABŞ və Rusiya (bir ara - SSRİ) dünənə qədər məhz Ermənistana münasibətdə müttəfiq deyildilərmi? İkisi də Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həll olunmasını, Azərbaycanın güzəştə getməsini (separatçı rejimə müstəqillik verməsini) istəyirdi. İkisinin də diplomatları bir-birinin sözünə qüvvət verə-verə “münaqişənin hərbi yolla həll mümkün deyil” deyir, Azərbaycana öz torpaqlarını müharibə yolu ilə geri almaq haqqı tanımırdı. Hələ bu dövlətlərin ikisindən də zəhləsi gedən Fransa da həmin “erməni ittifaqı”nın içindəydi.
Bəli, böyük dövlətlərin nəzərləri yenidən Qafqazın cənubundakı sərhədlər qovşağına dikilib. Türkiyə də buradadır və səfi bəllidir. Toplamda yeddi dövlətin (ABŞ, Rusiya, Fransa, İran, Ermənistan, Türkiyə və Azərbaycan) maraqlarının toqquşduğu, hərbi qüvvələrinin toqquşa biləcəyi bir durum yaranıb və bu, haqlı olaraq, obrazlı şəkildə “barıt çəlləyi” kimi ifadə olunur. Ən pisi odur ki, bir çox dövlətlər bu “barıt çəlləyi”nə kibritlə yaxınlaşırlar.
Təbii ki, normal düşüncəli, əsl himanist adamlar həmişə müharibəyə qarşıdırlar. Ancaq savaş qaçılmaz olduğu halda ondan qaçmaq qorxaqlıq və fərarilikdir. Belə hərəkətin axırı işğalla, əsarətlə bitir.
İndiki gərgin situasiyada ən maraqlısı odur ki, dünənə qədər revanşdan, hücumdan, itirilən mövqeləri geri almaqdan danışan ermənilər hazırda bütün dünyaya haray-həşir salıblar ki, Azərbaycan hücuma hazırlaşır.
Görünür, artıq yaranmış gərginliyə ermənilərin əsəbi dözmür və yeni müharibədən qorxurlar. Əsəb müharibəsi od-alovlu müharibənin bir hissəsidir. Düşmənin bu mərhələni uduzması yaxşı xəbərdir.
Qoy həmişə sülh olsun, əmin-amanlıq olsun!
КомментарииОставить комментарий