Общественно-политическая интернет газета
Vaxtilə (34 il öncə) Hollivudun populyar filmlərindən birində - “Evdə tək”də otel sahibi roluna çəkilmiş Donald Tramp indi ölkə sahibidir və Ağ Evdə tək oturacaq.
Onun haqqındakı “Ağ Evdə tək oturacaq” ifadəsi, əlbbətə, məcazi, siyasi mənadadır. Məişət baxımından o, yenə də ölkənin baş iqamətganına köçlü-külfətli yerləşəcək - həyat yoldaşıyla, qızıyla, kürəkəniylə, oğluyla.
Ancaq Tramp ABŞ tarixində Ağ Evə 4 illik fasilədən sonra qayıdan ikinci prezident olduğu (birinci 132 il öncə Qrover Klivlend olub) və seçicilərindən triumfal səs topladığı üçün indi əvvəlkindən daha ötkəmdir və dövləti tək idarə etməyə meyllidir.
1-ci prezidentliyi dövründə ona öz ideyalarını həyata keçirmək üçün həm Konqresdəki opponentləri, həm ABŞ-nin Ali Məhkəməsi mane olurdu. Adamın Tvitter hesabını belə bloklamışdılar, mesaj yazmasına mane olurdular.
İndi onun belə bir problemi yoxdur, adı X qoyulmuş keçmiş Tvitter platformasının sahibi ən yaxın dostu İlon Maskdır. Artıq Tramp sərbəst şəkildə xalqa ünvanlanan mesajlarını yaza bilər, izləyiciləri də milyonlarladır.
Hiss olunur ki, indiyədək onunla intriqa aparan, hər sözünün başına ip salan, hər addımına rəng verən ABŞ mediası da Trampa qarşı bir az yumşalıb.
Respublikaçılar partiyasının Konqresdə üstünlük qazanması onun işini asanlaşdıracaq, təşəbbüslərini bloklamayacaqlar. Bu baxımdan Trampın budəfəki prezidentliyi ABŞ-də avtoritarizm meyllərinin güclənməsi ilə əlamətdar olacaq.
ABŞ-nin “dərin dövləti” və ya onun klassik rəqibləri Trampın yenidən hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hər yolu sınadılar. Əvvəlcə onun haqqında cinsi pozğunluq zəminində ifşaedici materiallar yaydılar, üzünə qadınlar qoydular və onlar 40 il əvvəl Tramp tərəfindən cinsi təcavüzə, sataşmaya məruz qaldıqlarını iddia etdilər. Bu faktlar Trampı ABŞ cəmiyyətinin gözündən salmadı.
Sonra ona qarşı müxtəlif cinayət işləri qaldırıldı. Onların hamısı sübut edilsə, Trampı ikiqat ömürlük cəza gözləyirdi. Keçmiş prezidenti müvəqqəti həbsə də aldılar, məhkəmə-məhkəmə gəzdirdilər. Amma o, yenə də bərk qoz çıxdı, şəxsinə qarşı qaldırılmış cinayət işlərinin sırf siyasi ambisiyası ilə bağlı olduğunu açıqladı. Bu, doğrudan da beləydi.
Trampın opponentləri özlərini üçüncü dünya ölkələrindəki hakim dairələr kimi aparır, əsas rəqiblərini qorxutmaq, şəxsi həyatıyla şantaj etmək, türməyə basmaq yoluyla siyasət meydanından çəkilməsinə nail olmaq istəyirdilər. Bu yol da alınmadı. ABŞ fərqli dövlət olduğunu dünyaya göstərdi. Başqa ölkələrdə hakimiyyət dairələri bu qədər basqıyla istədiklərinə nail olardılar.
Axırıncı yol isə Trampın həyatına sui-qəsd təşkil etmək idi, buna da qol qoydular.
Bu məsələdə ABŞ-də zəngin təcrübə var. Ortada Con və Robert Kennedilərin, Merilin Monronun, Martin Lüter Kinqin və başqalarının hələ də tam açılmamış, müəmmalı qalmış qətlləri var.
Trampı da eynilə sələfi Con Kennedi kimi snayper tüfəngil ilə uzaqdan, üzbəüzdəki tikilidən vurmaq istədilər. Onu öz impulsiv hərəkəti xilas etdi. Danışanda, hərəkət edəndə kəskin hərəkətlər etməyi sevən Tramp kəskin nişançının tüfəngin tətiyini sıxan salisədə başını yana döndərməsəydi, güllə onun qulağını siyirib keçməyəcəkdi, ya alnından, ya da gicgahından dəyəcək, beynini dağıdacaq, adam bir güllə ilə öldürüləcəkdi.
Ancaq Kennedinin başına gələn “Dallas müsibəti”in birinci hissəsi təkrarlanmadı, Tramp sağ qaldı. Əvəzində potensial qatil atəşi açandan iki saniyə sonra xüsusi xidmət əməkdaşının daha srrast atəşi ilə öldürüldü.
Ən qəribəsi də bu idi. Kennedinin qatili ertəsi gün öldürülmüşdü və böyük cinayətin izi tam itirilməsə də, dolaşdırılmışdı. Amma Trampın “qatil”i iki saniyə artıq yaşamadı. Əgər onu vuran xüsusi xidmət əməkdaşı bu qədər ayıq-sayıq və sərrast biriydisə, 20 yaşlı atıcı Tomas Kruksu tətiyi sıxmazdan 2 saniyə əvvəl vurardı. Ya da onu əlindən, çiynindən yaralamaqla diri tutar, ifadəsini alar, Trampa sui-qəsdi kimi sifariş etdiyini öyrənərdilər.
Fəqət hər şey klassik sui-qəsdlərdə olduğu kimi alındı: qəsd törədən öldürülüb, şahid yoxdur. Kruksu da Osvald kimi “yalqız nişançı” adlandırdılar.
İndi güman var ki, prezident olandan sonra Tramp bu cinayətin üstünü açacaq, onun həyatına sui-qəsd edənləri cəzalandıracaq.
Ancaq bu Amerikadır. Bu ölkədə zibili daxmadan bayıra çıxarmamağı, palaz altına süpürüb ört-basdır etməyi sevir və bacarırlar. Üstündən 60 ildən çox vaxt keçib, hələ də Kennedinin qətlinə dair sənədlərini bir çoxunu məxfi saxlayırlar ki, ABŞ-nin milli təhlükəsizliyinə, dövlətin reputasiyasına, cəmiyyətin bütövlüyünə xələl gətirə bilər.
Böyük ehtimalla Kruksun törətdiyi terror aktıyla bağlı məhkəmə, mühakimə olmayacaq və o iş bağlanıb gedəcək.
Beləliklə, aydın oldu ki, həm Tramp təxmin olunduğundan güclü adamdır, həm də ABŞ “ölkəni xalqın seçdiyi adam idarə etməlidir” prinsipinə sadiqdir. Hətta o seçilən adam ölkəyə sonradan ziyan gətirsə də, hesab olunur ki, onun qarşısını zorla almaq daha böyük ziyan gətirə bilərdi.
Trampla ABŞ-ni və dünyanı maraqlı günlər gözləyir – heç vaxt olmadığı qədər.
КомментарииОставить комментарий