İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyafət Əsgərov: “Bu terror aktına görə, İran məsuliyyət daşıyır”

Yanvarın 27-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

İclası açan komitənin sədri Ziyafət Əsgərov bildirib ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktı ilə bağlı məlumat hamımızı sarsıdıb. Komitə sədri terror aktını kəskin surətdə pisləyib və bildirib ki, beynəlxalq hüquqa uyğun olaraq Tehrandakı səfirliyimizin təhlükəsizliyini İran qorumalıdır. Lakin, o, bunu etməyib. Ona görə də bu terror aktına görə, İran məsuliyyət daşıyır.
Komitə sədri Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktında həlak olan səfirlik əməkdaşının ailəsinə və yaxınlarına səbir diləyib, hadisədə yaralananların tezliklə sağalmalarını arzulayıb.

Sonra çıxış edən deputatlar Hikmət Məmmədov, Aydın Mirzəzadə, Nizami Səfərov, Arzu Nağıyev, Aqil Abbas, Elman Məmmədov bu terror hücumunu qəbuledilməz adlandırıblar və qətiyyətlə pisləyiblər. Onlar bu terror aktının tezliklə araşdırılmasını tələb ediblər.

İclasda gündəlikdəki “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəsi edilib.

Qanun layihəsi barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, təklif edilən dəyişikliklərə əsasən “Fövqəladə vəziyyət haqqında” Qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir. Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühiti rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır.

Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya yaradılır.
Qanun layihəsinin müzakirəsində Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Məmmədov, komitə üzvü Aydın Mirzəzadə çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Bəxtiyar Sadıqov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR