İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilandan dünyaya açılan hava qapısı

Dünya ictimaiyyətinin diqqəti yendən Azərbaycanın dilbər guşəsi olan Qarabağa yönəlmişdi. İşğaldan azad edilmiş Zəngilan rayonunda beynəlxalq hava limanının açılış mərasimi keçirilirdi. Mərasimdə  qardaş Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın  iştirakı marağı daha da artırmışdı. Xatırladaq ki, bu hava limanı işğaldan azad olunan ərazidə artıq ikincisidir. Ötən il  oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Həmin mərasimdə də qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdi. Hətta hörmətli Prezident  həmin aeroportun ilk əcnəbi dövlət başçısı sərnişini oldu.   Üstündən bir il keçməmiş Qarabağda daha bir hava limanının istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin bariz nümunəsidir.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağdan və Şərqi Zəngəzurdan dünyaya açılan hava limanıdır. Bu hava limanı  Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.

Zəngilan aeroportunun açılış mərasimi  Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir günə – Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümünə təsadüf edirdi.  Düz iki il əvvəl erməni işğalına son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etdi. Belə bir şad  gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması  iki ölkə arasında  dostluq və qardaşlığın əbədiliyinin göstəricisidir. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsinin  ilk saatlarından  qardaş  Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini  ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək  müharibənin son gününə qədər davam etdi. Bu, həm də bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını aldı. Eyni zamanda,  Azərbaycan-Türkiyə birliyinə heç bir qüvvə tərəfindən  xələl gətirilə bilməməsi barədə dünyaya bir mesaj idi.  Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün dünya ictimaiyyəti bərpa edilən, yenidən qurulan  Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyinin şahididir.

İkinci Qarabağ müharibəsindən sonra  Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha  yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir.

Açılış mərasimində iştirak edən qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışını yüksək qiymətləndirdi.  Dedi ki, ikinci hava limanını, həqiqətən, müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir.  Ermənilərin viranə qoyduqları əraziləri göstərən qardaş ölkə  Prezidenti  dedi ki, görəsən ATƏT, Avropa İttifaqı buralara niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.

Qarabağda və Şərq Zəngəzurda yenidənqurma, tikinti-bərpa işləri geniş vüsət alıb. Yaxın gələcəkdə Qarabağ əvvəlkindən də cəlbedici olacaq.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR