Onlayn ictimai-siyasi qəzet
“Hamı anlayır ki, "Zəngəzur dəhlizi" ideyasını həyata keçirmək mümkün deyil". Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib: “Hamı etiraf etdi ki, "Zəngəzur dəhlizi" kimi ideyaları həyata keçirmək mümkün deyil. Bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir".
O qeyd edib ki, Qarabağ ətrafında baş verən hadisələrdən sonra regional sülhün həlli ilə bağlı müxtəlif layihələr irəli sürülüb. Onun sözlərinə görə, Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsa da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb. İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb.
“Müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb” deməklə, səfir hansı tədbirləri nəzərdə tutur və Araz dəhlizi Zəngəzur məsələsini doğrudan da gündəmdən çıxara biləcəkmi?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, İran səfirinin “Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb” deməsi, sadəcə, siyasi bir manevr məqsədilə verilən açıqlama hesab edilməlidir. Əgər İranın Qərb tərəfindən sıxışdırılması və onun regiondakı aktivliyinin azaldılması istiqamətində hər hansı bir hərəkətlilik baş versəydi, bunu tək İran səfiri deyil, hər kəs görə və eşidə bilərdi: “Ola bilsin ki, İran heç kimə bəyan etmədən Qərblə hər hansı bir gizli sövdələşməyə gedib və bu səbəbdən də səfir belə fikirlər səsləndirir. Lakin bu çox az inandırıcıdır. İranın İsrail-HƏMAS savaşında xeyli dərəcədə passivlik nümayiş etdirməsi, İsrailə qarşı zərbələr endirməməsi, o qədər də sərt olmayan bəyanatlardan o yana keçən addımlara getməməsi Tehranın Qərbdən təzyiqləri azaltmaq üçün taktikası da sayıla bilər. Səfirin dediyi "görülən müəyyən tədbirlər"dən biri də bu ola bilər. ABŞ-ın öz təyyarədaşıyan gəmilərini Aralıq dənizinin şərq sahillərinə ezam etməsi sıradan bir məsələ deyil. Birləşmiş Ştatlar bu addımı İsraillə HƏMAS arasında baş verən hərbi toqquşmaya İranın müdaxiləsinin qarşısını almaq üçün atıb. Tehranın hansı tədbirlər görməsindən asılı olmayaraq, İran yenə də hədəfdədir. ABŞ-ın başlıca hədəfi İrandır. Bu toqquşmanın ilk günlərində İranın verdiyi bəyanatlar regionda böyük bir müharibənin başlanacağına işarə idi. Birləşmiş Ştatların hərbi gəmilərinin regiona gəlişi bu münaqişədə İranı neytrallaşdırmaq məqsədini güdürdü. Və o, bu gəlişlə də istədiyinə nail oldu. İran İsrail-HƏMAS müharibəsinə dair ritorikasını dəyişdi.
O ki qaldı Zəngəzur dəhlizi məsələsinə, Şərqlə Qərbi birləşdirəcək yolun Zəngəzurdan və ya Araz çayı üzərindən keçəcəyi hələ tam aydın deyil. Aydın olan budur ki, Ermənistanın Zəngəzur dəhlizi ətrafında başlatdığı siyasi oyunlara cavab olaraq Azərbaycan İranla bu yolun onun ərazisindən keçəcək layihəsini razılaşdırdı. Bir məsələni unutmaq lazım deyil ki, Ermənistan Zəngəzur dəhlizi ətrafında nə qədər oyun oynasa da, bu dəhlizin onun üçün nə demək olduğunu çox yaxşı anlayır. Bu, Ermənistanın bir dövlət kimi regiondakı varlığı üçün hava və su qədər vacib layihədir".
Sabiq nazir hesab edir ki, gələcəkdə həm Araz dəhlizi, həm də Zəngəzur dəhlizi layihələrinin hər ikisi işləyə bilər. Çünki gələcəkdə Şərqlə Qərbi Azərbaycan üzərindən keçərək birləşdirə biləcək bir yox, bir neçə yola ehtiyac yaranacaq: “Hər iki layihənin mövcudluğu isə eyni zamanda yolların şaxələndirilməsi demək olacaq. Bu isə çox önəmlidir. Çünki hər iki dövlət onlara lazım olan hallarda məmuniyyətlə siyasi cığallıq edib yolu bağlaya bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ