Onlayn ictimai-siyasi qəzet
4 il hakimiyyətdə olan Co Bayden Administrasiyası (2020-2024) Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə vurdu. Qondarma soyqırımı tanımaq kimi axmaq qərardan başlamış, erməni lobbisinin bütün gücü ilə dəstəkləyən bu administrasiya Vaşinqtonu Bakıdan uzaqlaşdırmaq siyasətindən geri çəkilmədi.
Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Ağ Evdəki tarixi imzalanma mərasimindən sonra Azərbaycan media təmsilçilərinə verdiyi müsahibədə də bu məsələ üzərində xüsusi dayandı. Dövlət başçısı dedi ki, son beş ildə Azərbaycanın Ermənistana hücum etməyi planlaşdırdığı, guya Zəngəzuru güc yolu ilə ələ keçirmək niyyəti haqda yalan məlumatlar yayılıb.
“Bu anti-Azərbaycan təbliğatının aparıcı qüvvəsi Bayden administrasiyası idi. Biz bunu dəqiq bilirik, çünki avropalı tərəfdaşlarımızla apardığımız danışıqlarda onlar dəfələrlə deyirdilər ki, bu məlumat Baydenin komandasından gəlir. Onlar qəsdən Azərbaycanın guya aqressiv niyyətləri barədə şayiələr yayırdılar”, - deyə dövlət başçısı bildirib.
Azərbaycan Qarabağda tam suverenliyini bərpa etdikdən sonra ermənipərəst dövlətlər Bakının guya Ermənistanın ərazi bütövlüyünə qarşı planlar cızdığı və Türkiyənin dəstəyi ilə Zəngəzur dəhlizini güc yolu ilə açacağı haqda yalanlar tirajlayırdılar. Bu məsələdə Fransa da aktiv rol oynayırdı. Xüsusilə Fransa mediası (məsələn, “Le Figaro”) 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinin guya Azərbaycan silah gücünə özünün icra edə biləcəyi yalanı uydurulurdu. Söhbət kommunikasiyaların açılmasını nəzərdə tutan və Ermənistanın icra etmədiyi 9-cu bənddən gedirdi.
Fransa ilə yanaşı, Hollandiya və Belçikada olan müəyyən dairələr də bu qərəzli kampaniyanın içində yer alırdılar. Belə yalan təbliğatda məqsəd bu idi ki, Ermənistanı güclü şəkildə silahlandırsınlar və bununla bağlı legitim hüquqi zəmin formalaşdırsınlar. Azərbaycanın isə heç vaxt Ermənistana hücum etmək kimi bir niyyəti olmayıb. Ağ Evdə imzalanan sənədlər də sübut etdi ki, Bakının yürütdüyü xarici siyasətin ana xətti regionda qalıcı sülhə və təhlükəsizliyə nail olmaq, qonşuları ilə qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıqdlr.
Bayden və Avropa niyə bu təxribatçı şayiələri yayırdılar?
Azər Badamov
Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Bayden-Blinken Administrasiyası Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə vurdu: “Hətta deyə bilərik ki, iki ölkə arasındakı münasibətlər tarixin minimumuna enmişdi. Bayden müstəqil siyasət yürüdə bilmirdi. O, erməni lobbisinin girovuna çevrilmişdi. Ona görə də Deputatlar Palatasında və Senatda Azərbaycana qarşı qəbul olunmuş kağız parçaların tapşırığı Ağ Evdən verilirdi. Prezidentin zəifliyini görən deputatlar ermənilərdən pul alaraq Azərbaycana qarşı danışırdılar. Hətta Pelosi xala Ermənistana səfərə gəldi. Bayden-Blinken Administrasiyası Azərbaycanın Ermənistana Zəngəzur dəhlizinin açılması ilə bağlı guya hücum edəcəyi ilə əlaqədar beynəlxalq rəy formalaşdırırdı. Məhz bu yolla ABŞ Ermənistana hərbi dəstək göstərməklə Ermənistana hərbi üstünlük qazandıraraq yenidən vəziyyəti gərginləşdirirdi. Fransada da eyni ssenari davam edirdi. Makron Fransasının Milli Assembleyası da anti-Azərbaycan kampaniyasına qoşulmuşdu. Makron Fransası Avropa Parlamentini və AŞPA-nı da ələ alaraq Azərbaycana qarşı hücuma qaldırmışdı. Hollandiya və Belçika Makronun xoşuna gəlmək üçün kağız parçaları qəbul etdilər. Bu, ölkəmizə qarşı böyük haqsızlıq idi. Çünki Prezident İlham Əliyev 10 noyabrda üçtərəfli Bəyanat imzalanandan sonra müharibənin başa çatdığını və digər məsələləri siyasi yollarla həll olunacağını açıq şəkildə bəyan etmişdi. Üçtərəfli bəyanatın 9-cu bəndinin icrasını isə Azərbaycan heç vaxt güc yolu ilə edəcəyini deməmişdi. Biz Zəngəzur dəhlizini tələb edirdik. Çünki Paşinyan sənədə imza atmışdı və bu sənədin icrası Ermənistanın öhdəliyi idi. Zaman göstərdi ki, Azərbaycanın yenidən müharibə etmək planı heç vaxt olmayıb. 8 avqustda imzalanan sənədlər Azərbaycanın dediyi kimi dinc yolla Zəngəzur dəhlizinin açılmasını da təsdiq etdi. Bizim üçün əsas maraqlı məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunmasıdır. Bu məsələ də Azərbaycanın tələb etdiyi kimi öz həllini tapır”.
Deputat onu da bildirib ki, Donald Tramp hakimiyyətə gələndən sonra Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başlayıb: “Prezident ilham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Trampla keçirdiyi görüşlər və imzaladığı sənədlər Bayden -Blinken Administrasiyasının qərəzli siyasətini arxivə göndərdi və 907-ci düzəlişi dayandıraraq Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün müvafiq sənəd imzalandı. O cümlədən Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi paraflanaraq Trampın iştirakı ilə birgə bəyanat imzalandı. Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlərdən sonra Azərbaycana qarşı qərəzli kampaniyaya qoşulmuş dairələr də ölkələrimiz arasındakı sülh danışıqları və Zəngəzur dəhlizinin açılmasını dəstəkləməyə başladılar. Əslində bu, onların Azərbaycana qarşı son 4 ildə apardıqları qərəzli kampaniyanın iflasa uğraması deməkdir. Bu, Prezident İlham Əliyev diplomatiyasının bütün anti-Azərbaycan qüvvələrinə qalib gəldiyini bir daha təsdiq etdi”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, İlham Əliyev savaşın ardından əbədi sülhü də qazanmağa nail oldu: “Təxminən 2-3 il öncə ABŞ və erməni mediası, eləcə də Fransanın bir sıra qəzetləri Azərbaycan haqqında uydurma və yalan dolu informasiyalar yayırdılar. Onlar iddia edirdilər ki, guya Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmağa çalışır. Əslində bununla Bayden və Makron hakimiyyəti Azərbaycanı təxribatlara çəkmək istəyirdi. Rəsmi Bakı isə bu qarayaxma kampaniyalarına səbir və təmkinlə qalib gəldi. Özü də bu ABŞ-də, vaxtilə Co Baydenin əyləşdiyi otaqda - Ağ Evdə baş verdi. Bəli, Zəngəzur dəhlizi açıldı. Naxçıvana quru yolla hərəkətimiz təmin edildi. Üstəlik, rəsmi Bakı vaxtilə bizə qarşı şər kampaniyasına başçılıq edən Fransa Prezidenti Emmanuel Makronu məcbur etdi ki, İlham Əliyevin bu qələbəsini alqışlasın. Azərbaycan Prezidenti dəfələrlə vurğulayırdı ki, biz Zəngəzura tanklarla yox, avtomobillərlə qayıdacağıq. Artıq onun işartıları görünür. Sülh sazişi imzalanandan sonra Qərbi Azərbaycandan olan soydaşlarımız da mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdacaq. Buna hamımız inanırıq. Sadəcə, hər şeyin vaxtı və zamanı var. Ölkəmizin başçısı nəyi nə zaman edəcəyini çox yaxşı bilir. Bu gün Azərbaycana qarşı qarayaxma və təxribatçı informasiya yayanların hamısı eyni gündə - 8 avqustda, özü də Ağ Evdə məğlub oldular. Hətta deyərdim ki, nakauta düşdülər. Əslində onların çirkin kampaniyalarının arxasında erməni lobbisi və Soros Fondu dayanırdı. Azərbaycana qarşı təsir aləti kimi bu cür addımlara gedirdilər. Amma təxribat cəhdlərinin hamısı boşa çıxdı. İlham Əliyev savaşın ardından əbədi sülhü də qazanmağa nail oldu”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ