İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzur dəhlizini Rusiya maliyyələşdirəcək, nəzarət də onda olacaq” iddiası - reaksiyalar

“Rusiya Ermənistan baş naziri Nikol Paşinyanın təklif etdiyi "Dünyanın kəsişməsi" layihəsini maliyyələşdirəcək". Bu barədə Rusiya baş nazirinin müavini, üçtərəfli komissiyanın həmsədri Aleksey Overçuk Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclası zamanı bildirib. 

“Praktik olaraq biz artıq Ermənistan baş nazirinin təklif etdiyi "Dünyanın kəsişməsi" layihəsinin tikintisini dəstəkləyirik", - Overçuk deyib.

Onun sözlərinə görə, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu vasitəsilə Şimal-Cənub yol dəhlizinin dördüncü mərhələsinin tikintisinə vəsait ayrılır. Dəstəyin məbləği, Overçukun qeyd etdiyi kimi, hazırda 150 milyon dollardır. 

Baş nazirin müavini həmçinin vurğulayıb ki, Kacaran tunelinin dəstəklənməsinə dair qərar fondun kollegial orqanları tərəfindən razılaşdırılır. Məbləğ 200 milyon dollardır. Overçuk əlavə edib ki, Ermənistanda investisiya fondunun 10 layihə üzrə portfeli 533 milyon dollar qiymətləndirilir, 300 milyon dollarlıq digər layihələr də müzakirə olunur.

Yəni söhbət həm də Azərbaycanla Ermənistan arasında 35 ildən çoxdur bağlı olan kommunikasiyaların, o sırada ölkəmizin qərb rayonları ilə Naxçıvanı birləşdirən yolların açılmasından gedir.  

Yada salaq ki, 10 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədinin 9-cu bəndində belə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Mümkündürmü? Moskva ilə İrəvanın Zəngəzur dəhlizi məsələsində artıq razılığa gəldiyini söyləmək olarmı?

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov: “Ermənistan hələ də prosesi ləngitməkdədir”

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Paşinyan artıq reallıqları dərk edib, geri addım atmaqdadır: “10 noyabr kapitulyasiya aktının 9-cu maddəsində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə isə Ermənistanın zəmanət verməsi imperativ qaydada təsbit olunur. Həmçinin açıq iradə ifadə olunur ki, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.

Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanın hərbi-siyasi üstünlüyü fonunda sənədin 1, 3, 5, 6-cı maddələri Ermənistan tərəfindən yarımkönüllü şəkildə tədricən icra edilib. Kapitulyasiya aktının 4-cü bəndi, qanunsuz erməni silahlı birləşmələri və erməni ordusunun qalıqlarının Qarabağdan çıxarılması isə hərbi yolla bu ilin sentyabrında baş tutmuş lokal xarakterli antiterror təbirləri ilə icra olundu. 7 və 8-ci bəndlər də faktiki olaraq yalnız Azərbaycanın özünün imkanları və xoş məramı hesabına reallaşmaqdadır. 9-cu bəndə gəlincə, Ermənistan hələ də prosesi ləngitməkdədir. Səbəbi isə aydındır, cənab İlham Əliyevin dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda da ifadə etdiyi kimi, “biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”.

Lakin nəticə etibarı ilə kommunikasiyaların açılması, sülh prosesinin ləngiməsindən zərər çəkən həmin o “pis məsləhətçilər” yox, Ermənistanın özüdür. Düzdür, Paşinyan mütəmadi olaraq kommunikasiyaların açılmasının zərurətindən danışır, lakin problem burasındadır ki, sadəcə danışır, real istiqamətlərdə heç bir irəliləyiş yoxdur. Əlbəttə, Azərbaycan digər layihələrdə olduğu kimi, bu prosesdə də Ermənistana möhtac deyil və alternativlər mövcuddur. İrəvan da reallığın fərqindədir və görünən odur ki, Nikol Paşinyan siyasi karyerasında növbəti dəfə “U” dönüşü edərək geri addım atmağın zərurətini dərk edir. Ermənistanın baş naziri çıxış yolunu  Zəngəzur dəhlizini də əhatələyən kommunikasiyalar kompleksini “Dünyanın kəsişməsi” layihəsi adlandırmaqda görür. Maraqlıdır ki, İrəvan-Moskva münasibətlərinin gərgin dövrünü yaşadığı bir dönəmdə, Overçuk Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclası zamanı ölkəsinin adıçəkilən “Dünyanın kəsişməsi” layihəsinin tikintisini dəstəkləyəcəyini bildirib. Bu isə o deməkdir ki, Moskva nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının həyata keçirməsinə şiddətlə müqavimət göstərən İrəvanın Sorosçu iqtidarının iradəsini qırmaq üzrədir. Əlbəttə, Rusiya-Ermənistan münasibətləri bu ölkələrin daxili işidir, lakin unutmamalıyıq ki, kommunikasiyalar məsələsində əsas maraqlı tərəf Azərbaycandır. Proseslərin gedişi isə göstərir ki, cənab İlham Əliyevin qətiyyəti ilə 10 noyabr bəyanatının 9-cu bəndi - kommunikasiyaların açılması, daha dəqiq desək, Zəngəzur dəhlizinin reallaşması gözlənildiyindən də tez reallaşa bilər. ABŞ-ın Arazdəyəndə inşa etdiyi metallurgiya kombinatının yerini dəyişməsi isə Qərbin də bu prosesdə geri çəkildiyini göstərir. Beləliklə, Ermənistanın layihəyə hansı ad qoymasından asılı olmayaraq Azərbaycanın Zəngəzur dəhlizi ideyasının reallığa çevrilməsi Bakının qələbələrinin davamı hesab olunmalıdır. Məhz cənab İlham Əliyevin beynəlxalq hüququ rəhbər tutması, qonşuların maraqlarını uzlaşdıra bilməsi, habelə ardıcıl hərbi-siyasi qələbələr nəticə etibarı ilə İrəvanın müəyyən mənada Qərbin təsirini inkar edərək Azərbaycanın şərtlərini qəbul etməsi ilə nəticələnməkdədir".

Zelenskidən SOS!: Rusiya Zaporojye AES-i partladacaq! - Ukraynaya tələ  hazırlanır?

Şəhla Cəlilzadə: “Azərbaycan Ermənistanın bu çoxüzlü siyasətini ifşa etməlidir”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə: “Overçukun "Crossroads of Peace", yəni “Sülh Kəsişməsi” layihəsi ilə bağlı fikirləri diqqətçəkəndir. Burada əsas məqam ondan ibarətdir ki, Ermənistanın Avroatlantik inteqrasiyası yolunu tutduğu görüntüsü altında Qərbin müstəsna dəstəyini qazanmağa çalışdığı bir vaxtda Rusiya ilə strateji əməkdaşlığı davam etdirməsi, Rusiyanın qlobal təzyiqlərdən yayınmasında yardımçı olması onun ənənəvi “vassal” funksiyasını davam etdirməsi olaraq qiymətləndirilə bilər. Birincisi, ticarət dövriyyəsinə baxsaq görərik ki, 2023-cü ilin sadəcə 9 ayında isə 4,4 milyard dollara çatıb. Rusiyanın beynəlxalq sanksiyalara düçar olduğu bir zamanda əməliyyatların həcmi və strukturu dəyişdi. Həmçinin ticarətin 90%-dən çoxu rus rublu ilə aparılmaqdadır. Aydın məsələdir ki, Ermənistan Rusiyanın beynəlxalq sanksiyalardan yayınmasında birbaşa rol oynayır və onunla ənənəvi əlaqələrinə davam edir. 44 günlük Vətən müharibəsindən, xüsusilə Qarabağ ermənilərinin kütləvi köçündən sonra Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq üçün Qərbin dəstəyini almağa çalışan Ermənistan dondan-dona girsə də, Rusiya öz platsdarmını rahatlıqla avropalılara təhvil verməz. Odur ki, Ermənistanda hazırkı hökumət öz hakimiyyətini qorumaq üçün qeyri-ixtiyari şəkildə olsa da, Rusiyanın diqtəsinə tabe olur. Ermənistan nəinki Rusiyanın hərbi təzyiqi, heç iqtisadi təzyiqinə də bir ay tab gətirə bilməz və bilmədi. Bu baxımdan 2020-ci il Üçtərəfli Bəyanatının 9-cu maddəsinin icrası, yəni regional kommunikasiyaların açılması artıq qaçılmazdır və zaman məsələsidir. Bu məsələdə Rusiyanın investor tərəf olduğunu nəzərə alsaq, aydındır ki, kommunikasiyaların Ermənistan ərazisindən keçən hissəsində nəzarətçi və pay sahibi də məhz Rusiya olacaq. Qərb bu məsələdə nə qədər öz direktivlərini keçirməyə çalışsa da, bunu bacara bilmədi. Azərbaycan Ermənistanın bu çoxüzlü siyasətini ifşa etməlidir. Bununla yanaşı, nəticə olaraq baş verənlər regional sülh yolunda irəliləyişə təkan vermək gücündədir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR