İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizində İran tankları?

Belə görünür ki, Zəngəzuru özünün “qırmızı xətti” elan etmiş molla rejimi bu dəhlizlə bağlı hər hansı hərəkətlilikdə hətta ən gözlənilməz addımlara əl ata bilər

Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan iranlı sosial media fəalı Reza Abbasi “X” hesabında təhrikedici post paylaşıb.

“Azad İran” xəbər verir ki, o, çəkindirmənin hər bir döyüşdən üstün olduğunu bildirib. “Qafqazda müharibənin başlamasını gözləyib və sonra müdaxilə etmək lazım deyil. Çəkindirmə - elə bu gecə Sünikdə İran ordusu və SEPAH-ın desant qüvvələrini yerləşdirmək və hər hansı bir müharibənin başlanmasının qarşısını almaq deməkdir! Sünikdə yenidən müharibə başlasa, şübhə etməyin ki, o, Ermənistana deyil, İrana qarşı yönəlib...”

Qeyd edək ki, son günlər Zəngəzur dəhlizi ilə bağlı İran mediasında yazılar artıb. Türkiyə XİN başçısı Hakan Fidanın bu ölkəyə son səfərində də dəhliz mövzusunun müzakirə edildiyinin, hətta nazirə “yox” mesajı verildiyi deyilirdi.  İranın Türkiyədəki keçmiş səfiri Firuz Dolatabadiyə  “İran” qəzetinə yazdığı məqalədə Azərbaycanla İran arasında münasibətlərə, xüsusən də Zəngəzur dəhlizi mövzusuna da toxunub: “İran artıq Zəngəzur dəhlizinin yaradılmasına kəskin etirazını bildirib. Çünki bu, İran və Ermənistan arasında quru əlaqəsini pozur, regionun geosiyasi mənzərəsini dəyişdirir. Türkiyə də bundan əvvəl İranın öz ərazisi vasitəsilə Avropaya təbii qaz ixrac etmək planını rədd edərək, əmtəəni almağı və sonra nəql etməyi təklif etmişdi. İran hakimiyyətinin Türkiyənin xarici işlər nazirinə xatırlatması ondan ibarətdir ki, regionun geosiyasətinin dəyişdirilməsi və Ermənistanın nəzarəti və mülkiyyəti altında olmayan Zəngəzur dəhlizinin yaradılması İran üçün müzakirə mövzusu deyil”.

“İran Daily” qəzeti də Zəngəzur dəhlizi, mövcud koridorların İrana hansı zərərlər vurduğu barədə geniş yazı ilə çıxış edib. Belə görünür ki, Zəngəzuru özünün “qırmızı xətti” elan etmiş İran bu dəhlizlə bağlı hər hansı hərəkətlilikdə hətta ən gözlənilməz addımlara əl ata bilər. Ərazi təhlükəsizliyi deyib bölgəyə  tank, hərbi qüvvə çıxara bilərmi?

Sensasiya: “Qərb Rusiyanın dağılmasını istəmir” - Bəs SSRİ-nin çöküşü nə  idi...

Oktay Qasımov 

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi təəccüb doğurmur. Çünki 10 noyabr üçtərəfli bəyanatı imzalanandan sonra və xüsusilə Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etdiyi dövrdən Tehran bu məsələyə qarşı çıxır: “İran Zəngəzur dəhlizinin reallaşmasına ən ciddi əngəl törədən dövlət rolunu öz üzərinə götürüb. Heç təsadüfi deyil ki, Türkiyə Prezidenti də Zəngəzur dəhlizinə İranın mane olduğunu xüsusi qeyd eləmişdi. O baxımdan İran tərəfindən bu günlərdə yenidən səsləndirilən və İranın qırmızı xətti hesab edilən bu məsələ ilə bağlı İran tərəfdən daha çox etirazlar gəlməyə davam edir: ”Bu da təsadüfi deyil. Çünki həm Azərbaycan, həm Türkiyə, eyni zamanda Rusiya da son dövrlər intensiv şəkildə bölgədə bütün kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə bağlı açıqlamalar verir. Bu baxımdan İranın mövqeyi də belə bir durumda diqqətçəkici hesab oluna bilər. İran mediasında rəsmi qurumlara müraciət edilərək Zəngəzura ordu yeridilməsi, o ərazinin İranın nəzarətinə keçirilməsi fikirlərinin yer alması İranda bir sıra dairələrin istəyidir. Sadəcə jurnalistlər və siyasi ekspertləri vasitəsilə bu məsələni tələb şəklində ortaya atırlar. Sanki hansısa radikal addımlara zəmin yaradılır. İran belə bir avantürsit addımı atarsa qarşısında ilk növbədə bir neçə gücü görməlidir. Azərbaycan əlbəttə üçtərəfli bəyanatın şərtlərinə görə Zəngəzur dəhlizinin açılmasını tələb etməkdə tam haqlıdır. Türkiyə bu dəhlizin açılmasında maraqlıdır. Rusiya son dövrlər Zəngəzur dəhlizinin açılmasında marağını açıq şəkildə ifadə edir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya 10 noyabr üçtərəfli bəyanatının qarantor ölkəsi olaraq bu öhdəliyin yerinə yetirilməsinə məsuliyyət daşıyır. O baxımdan Rusiyanın marağı dəhlizin açılmasını tələb edir. Bu dəhlizin açılması Rusiyanı həm İran, həm də Türkiyə vasitəsilə yaxın və orta şərqi birləşdirən əsas xətlərdən biri olacaq. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması həm İranın da tərəfdaşlıq etdiyi Çinin marağındadır. Belə ki, bu dəhliz Çini Avropa ilə bağlayacaq Orta Dəhlizin əsas ünsürlərindən biridir. Heç təsadüfi deyil ki, bu dəhliz açılandan sonra Asiyadan Avropaya daşınmaların həcmində 6-8 milyon ton artım baş verə bilər. O baxımdan İran proqnozlaşdırılmayan bir dövlət olsa da mən Zəngəzura hərbi müdaxilə etmək kimi avantüraya gedəcəyini düşünmürəm. İranın bu addımına qeyd etdiyimiz ölkələrlə bərabər Qərbin necə yanaşması da maraqlı olar. Mən düşünmürəm ki, ABŞ və Qərb İranın bölgədə hərbi cəhətdə yerləşməsində maraqlı olsun. Ona görə də hesab edirəm ki, İranın Zəngəzura tank, qoşun yeritməsi kimi fikirlər İranlı ekspertlərin dili ilə səsləndirilən psixoloji təzyiq vasitəsidir".  

Çingiz Qənizadənin oğluna yeni VƏZİFƏ VERİLDİ

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, İranın Azərbaycana qarşı olduğu 2020-ci ildə 44 günlük müharibə zamanı daha açıq şəkildə ortaya çıxdı: “Müharibədən sonrakı dövrdə isə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla düşmənçiliyini davam etdirdi: ”Eyni davranışlar bu gün da davam etdirilir. Son vaxtlar Zəngəzur dəhlizinin açılması məsələsi müzakirəyə çıxarıldıqdan sonra İran və Ermənistan ittifaqı daha da aktivləşib. Artıq məlumatlar yayılıb ki, İran Zəngəzur dəhlizi keçəcək ərazinin üzərində PUA-larını qaldırıb. Ermənistan isə buna göz yummaqla İranın bölgədə “at oynatması”na faktiki şərait yaradır. İran son günlər daha da qabağa gedərək bəyan edir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla qarşıdurma olacaqsa, Ermənistana hərbi dəstək verəcək, əraziyə hətta hərbi müdaxilə edəcək. Daha çox İran mətbuatında ayrı-ayrı ekspertlərin və jurnalistlərin vasitəsilə dilə gətirilən bu bəyanatlar İranın siyasi, hərbi dairələrinin mövqeyidir. Bu cür adamların vasitəsilə özlərinin çirkin niyyətlərini qabarıq şəkildə ifadə edirlər.  İran SEPAH qüvvələrinin Ermənistanda yerləşdiriləcəyi barədə məsələnin ortaya atılması Azərbaycana və digər bir sıra dövlətlərə təhdiddir. İranın bəzi media orqanlarında hətta uzaqmənzilli raketlərlə Bakını vura biləcəkləri ilə bağlı bir neçə ay öncə yazılar getmişdi. Bunlar hamısı İran rejiminin Azərbaycana hədə-qorxularıdır. İran Ermənistan ərazisinə tank da, digər hərbi texnikalar da yeridə bilər. Amma belə olan halda Rusiyanın və ABŞ-ın və digər bir sıra dövlətlərin mövqeyinin necə olacağını da İrəvan və Tehran düşünməlidir. ABŞ Ermənistanla birlikdə hərbi təlim keçirmək istəyir. Belə bir vəziyyətdə ABŞ İranın hərbi qüvvələrinin də Ermənistanda yerləşməsinə göz yumacaq? Ermənistan bir-biri ilə düşmən olan dövlətlərin silahlı qüvvələrini öz ərazisində yerləşdirmək istəyirsə, bunun necə mümkün olacağı maraq doğurur. Bu, Ermənistan adlı oyuncaq dövlətin nə etdiyinin fərqində olmadığının göstəricisidir. Belə davam etsə, hətta istisna deyil ki, Ermənistan bir müstəqil dövlət kimi dünya siyasi xəritəsindən silinsin". 

Ç.Qənizadə sonda vurğuladı ki, İran Azərbaycana qarşı hər hansı hərbi addım atarsa qarşısında həm də Türkiyəni görəcək. Bunu Türkiyə də dəfələrlə bəyan edib. İran Zəngəzur dəhlizi məsələsində atmaq istədiyi addımları atmazdan öncə bu məqamı unutmamalıdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR