İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdən sonra həyət evlərinin qiyməti bahalaşacaqmı? - Ekspert AÇIQLADI

Elnur Fərzəliyev: “Həyət evlərinə tələbat o zaman artacaq ki...”

Bakıda baş verən zəlzələdən sonra əmlak bazarında həyət evlərinin qiymətində ciddi artım olduğu haqda iddialar var.

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanda fərdi yaşayış evlərinə tələbat artmışdı və qiymətlərin təxminən 10-15 min manat civarında bahalaşdığı deyilirdi.

Bəs Bakıda baş verən zəlzələdən sonra fərdi yaşayış evlərinin qiymətində yenidən bahalaşma müşahidə olunurmu? Hazırda hündürmərtəbəli binalarla bağlı alıcılıq qabiliyyəti necədir?

ferzeli.jpg (200 KB)

Mövzu ilə bağlı əmlak məsələləri üzə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb:

“Ölkədə fərdi evlərə tələbat daha çox 2020-ci il, pandemiya dövründə, sərhədlərin bağlanması, çölə çıxma qadası olduğu zaman artmışdı və həmin vaxt qiymətlər də kəskin artdı. Hansı ki, rayonlara da gediş-gəlişlə bağlı məhdudiyyətlər olduğundan imkanı olan şəxslər kütləvi şəkildə əmlak bazarına müraciət edib, fərdi yaşayış evləri almışdılar.

Daha sonrakı dövrdə isə istər Türkiyədə, istərsə də Bakıda baş verən zəlzələdən sonra həyət evlərinə tələbatın artması təkcə zəlzələ ilə bağlı deyil. Hər il mövsümü olaraq may ayında başlayaraq avqustun sonuna qədər fərdi həyət evlərinə, eləcə də torpaq sahələrinə müştərilər artır. Hər il bu, mövsümi xarakter daşıyır. Yəni bu dövrdə bina evlərinə tələbat azalır, həyət evlərinə isə əksinə, artır. Ötən 3-4 ay əvvəlki qiymətlə indiki qiyməti müqayisə  edəndə bəli, fərq var. Amma bu qiymət fərqinin ötən gün baş vermiş zəlzələ ilə əlaqəsi yoxdur. Təsəvvür edin, zəlzələ gecə saatlarında baş verəndən sonra səhər saat 8-9 radələrində artıq dezinformasiyalar yayılmağa başladı ki, həyət evlərinin qiyməti artdı. Bəzi işbazlar bununla qiymətlərin artmasına çalışırlar. Qiymət artımı o zaman baş verə bilərdi ki, çox sayda bina evlərində dağıntılar olsun və sairə.  Çox sevindirici haldır ki, bu cür hallar baş vermədi, sadəcə hündürmərtəbli binaların üst mərtəbələrində yaşayan insanlar bu zəlzələni daha çox hiss etdilər. Çünki adətən təkanlar olanda hündürlükdə bu təkanlar daha çox hiss olunur.

Daha bir məsələ, əmlak bazarına nəzər yetirəndə görürük ki, son 3-4 ildə satılan əmlakların böyük əksəriyyəti kreditli şərtlərlə satılır. Xüsusən də 2022-ci ildə satılan əmlakların təxminən 60 faizdən çoxu ipoteka və yaxud digər kreditli şərtlərlə satılıb. Hər hansı əmlakın kreditli şərtlərlə, bank vasitəsi ilə satılması üçün mütləq şəkildə çıxarış tələb olunur, yəni həmin əmlakın “kupçası”. Amma araşdıranda  görürük ki, Bakı-Abşeronda 500 mindən çox fərdi həyət  evlərinin çıxarışı yoxdur. O ki qaldı mərkəz ərazilərdə həyət evlərinə, təbii ki, mərkəzdəki həyət evləri əsasən villalar olur və onların da qiyməti çox bahadır, hər kəsin büdcəsinə uyğun deyil.

Təhlükəsizlik baxımından isə deyə bilərəm ki, həyət  evləri zəlzələyə o zaman dözümlü olur ki, onun həyəti geniş formada olsun. Amma bu gün paytaxtın içərisində müəyyən köhnə yaşayış massivləri var, onlar elə bir formada bir-birinə sıx şəkildə tikilib ki, hansısa zəlzələ baş verdikdə burada dağıntılar daha çox olar və bu təcrübəni Türkiyədə də gördük. Belə ki, zəlzələ zamanı elə kənd və qəsəbələr oldu ki, tamamilə silindi. Güclü zəlzələ həyət evi və yaxud bina olmasına baxmır, əsas odur ki, ərazi təhlükəsizlik qaydalarına uyğun yerdə olsun. Məsələn, binaların arasındakı məsafə qorunmalı, çoxmənzilli binaların toplanış parkları olmalıdır. Parklar təkcə istirahət, yaşıllıq  üçün nəzərdə tutulmur, həm də hər hansı təbii fəlakət zamanı insanların ora təhlükəsiz formada toplaşması üçündür. Parklar da hündürmərtəbəli binalara yaxın məsafədə salınmamalıdır.

Beləliklə, həyət evlərinə tələbat o zaman artacaq ki, həmin evlərin çıxarışı, kreditlə satışı mümkün olacaq”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR