İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ zonasındakı mədəni irsdən narahat olan YUNESKO... Qarabağa niyə getmir?

Azər Badamov: “İkili standart" yanaşması davam edərsə, YUNESKO-nu əvəzləyəcək yeni beynəlxalq təşkilata ehtiyac yaranacaq"

YUNESKO ekspertləri zəlzələnin Türkiyə və Suriyadakı tarixi-mədəni abidələrə, xüsusən də xristian abidələrinə təsirini qiymətləndirməyə başlayıb. Bu barədə Associated Press xəbər yayıb. BMT-nin adı çəkilən qurumundan, xüsusən də “Hələbdəki vəziyyətdən narahatıq” ifadə edilib.

Türkiyədəki vəziyyətdən danışan ekspertlər Diyarbəkirdəki qalada bir sıra tikililərin (söhbət bəzi xristian abidələrindən gedir) uçması ilə bağlı xəbərlərin onları kədərləndirdiyini bildiriblər.

İlk baxışda normal narahatlıqdır. Ancaq YUNESKO nədən işğaldan azad edilən Qarabağda dağıdılmış tarixi-mədəni irsimizlə, o sırada məscidlərimizlə bağlı Azərbaycanın çoxsaylı çağırışlarını indiyədək qulaqardı edir? Axı Qarabağda zəlzələdən də betər bir fəlakət - erməni vandallığı baş verib.

Bu fakt bir daha rəhbəri fransız Odri Azulay olan YUNSEKO-nun əslində BMT-yə heç bir dəxli olmadığını və pullu erməni lobbisinin əlində siyasi alətə çevrildiyini göstərir.

Xatırladaq ki, az öncə təşkilatda madam Azulayın adı keçən növbəti korrupsiya qalmaqalı yaşanmışdı.

Xatırlatmaq yerinə düşər ki, ötən ilin noyabr ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə YUNESKO-nun Baş direktoru Odri Azulaya məktub ünvanlamışdı. Məktubda 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun YUNESKO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə YUNESKO missiyasının tezliklə təşkilinə ümid ifadə olunmuşdu.

Azər Badamov: Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti  milli maraqlara, ümumbəşəri dəyərlərə və humanizmə əsaslanır | Tan.Az

 Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, YUNESKO dünya mədəni irsini qoruyan və mədəni irsinin dağılması ilə bağlı hesabatlar hazırlayaraq BMT-yə təqdim edən təşkilat olmasına baxmayaraq bu təşkilatın dünya mədəni irsi ilə heç bir əlaqəsi yoxdur: “Çünki qurum beynəlxalq hüquq normalarına zidd olaraq dünya mədəni irsinə ayrı seçkilikdən yanaşır. Elə bil ki, YUNESKO-ya ancaq xristianların mədəni irsi maraqlıdır. Türkiyədə böyük fəlakət, faciəvi nəticələr yaratmış zəlzələ baş verib. Bu zəlzələ nəticəsində dünya mədəni irsinə daxil müsəlman və xristian abidələri dağılıb zərər gördüyü halda YUNESKO-ya əsasən dağılmış xristian abidələri maraqlıdır. Belə bir yanaşmanı Qarabağda da müşahidə etdik. Azərbaycan Ermənistanın Qarabağda dünya mədəni irsinə dair abidələrimizin dağıdıb təhqir edilməsi ilə bağlı  hesabat hazırlamağa dəfələrlə dəvət etsə də təəssüf ki, heç yaxın da durmadı. Halbuki Ermənistan Azərbaycanın 10 min kvadrat kilometrdən çox ərazidə yerləşən mədəni irsimizi tamamilə məhv edib.

YUNESKO-nun belə yanaşmalarının kökündə onun rəhbərinin fransalı Odri Azulayın olması ilə bağlı olduğunu hesab edirəm. Yəni YUNESKO erməni lobbisinin maraqlarını ifadə edir. Reallıq onu göstərir ki, YUNESKO-nun yanaşmalarının BMT ilə bir bağlılığı yoxdur. Əgər BMT-yə aid beynəlxalq təşkilatlar ölkələrə münasibətləri irqi və dini seçkiliyə görə davam edərsə bu təşkilat  öz əhəmiyyətini itirmiş qurum olacaq. Fikrimcə, dünya mədəni irsinə belə “ikili standart” yanaşması davam edərsə, dünya nizamı YUNESKO-nu əvəzləyən yeni bir beynəlxalq təşkilatın yaradılmasını zəruri edəcək".

Qeyd edək ki, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın eyni zamanda mədəni irsimizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti digər beynəlxalq təşkilatlar kimi, YUNESKO tərəfindən də heç vaxt pislənilməyib. Bu illər ərzində Azərbaycan dövləti tərəfindən edilən çağırışlara heç bir qarşılıq verilməyib, Ermənistanın işğal müddətində mədəni sərvətlərimizin dağıdılması və mənimsənilməsi kimi cinayətləri barədə YUNESKO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərməyib. Azərbaycan Ermənistanın təcavüzü nəticəsində tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması məsələsini YUNESKO qarşısında dəfələrlə qaldırsa da, yalnız laqeyd münasibət görüb.

Təkcə bir faktı vurğulamaq kifayətdir ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın dini, tarixi və mədəni irsinə qarşı hansı miqyasda vandalizm, vəhşilik törətdiyi barədə aydın təsəvvür yaransın. Ermənistan işğal etdiyi ərazilərdə 67 məsciddən 65-ni yer üzündən silib, iki məscid isə yarasız hala salaraq, tövləyə çevirib, orada donuz, inək saxlayıb. UNESCO isə bu illər ərzində belə faktlara göz yumub, İslam irsinin, Azərbaycan mədəniyyətinin yer üzündən silinməsinə səsini belə çıxarmayıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR