Onlayn ictimai-siyasi qəzet
“Laosun Vyentyan şəhərində ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ölkələrinin sammiti öz işinə başlayıb. Hindistan, Yaponiya, Cənubi Koreya və Çin liderlərinin iştirakı ilə Şərqi Asiya sammiti də keçiriləcək. Amerika Birləşmiş Ştatlarını Prezident Co Baydenin əvəzinə dövlət katibi Antoni Blinken təmsil edəcək. Görünür, bu həm Baydenin yaşı və Ağ Evdə qalma müddətinin azalması ilə bağlıdır”.
Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, bu sammit ona görə diqqət mərkəzindədir ki, Hind-Sakit Okean bölgəsi ölkələrinin bir neçəsini yeni liderlər təmsil edəcəklər:
“Bu, avqust ayında Taylandın baş naziri seçilmiş 38 yaşlı Paetonqtarn Şinavatra üçün ilk sammit olacaq. Sinqapuru baş nazir Li Syan Lunqurun əvəzinə rəhbərliyə keçən Lourens Von əvəz edəcək. Bu sammit Yaponiyanın yeni baş naziri Şiqeru İşiba üçün də ilk beynəlxalq toplantı olacaq. Şiqeru İşiba vəzifəsinə yeni başlasa da, bölgədə təhlükəsizliyin gücləndirilməsi məqsədilə bir neçə təşəbbüslə çıxış edib.
Sammit çərçivəsində müxtəlif ikitərəfli görüşlər keçiriləcək. Hindistanın baş naziri Narendra Modi həm sammitdə iştirak edəcək, həm də ikitərəfli görüşlər əsasında həmkarlarıyla müxtəlif mövzuları müzakirə edəcək. Dehli ASEAN-a xüsusi əhəmiyyət verir. Hindistan Xarici İşlər Nazirliyinin toplantı ilə bağlı yayımladığı bəyanatda təşkilat çərçivəsində əməkdaşlığı Dehli üçün Hind-Sakit Okean siyasətinin mərkəzi sütunu adlandırılıb. Dehli sammit çərçivəsində əlaqələrinin tərəqqisini nəzərdən keçirəcək və əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirəcək”.
Elxan Şahinoğlu qeyd edib ki, Vaşinqton üçün də ASEAN xüsusi əhəmiyyət kəsb edir:
“Laosdakı sammit regional təhlükəsizlik, inkişaf və ticarət, o cümlədən davamlı yarımkeçirici təchizat zəncirlərinin yaradılmasının ABŞ üçün başlıca mövzular olacaq. Sammit təşkilatın 2025-ci il üçün əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək. Bundan başqa təşkilatın 2045-ci ilə qədər strateji planları, o cümlədən bölgədə dəyişən vəziyyət və çağırışlar da müzakirə olunacaq”.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ