İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ olmadan çökən binalar - mütəxəssislər deyir ki...

Tikililərin davamlılığının müntəzəm monitorinqi aparılacaq; standartlara cavab verməyən binalar söküləcək

Bir neçə gün öncə  Türkiyənin meqapolisi sayılan İstanbul şəhərində günün günorta çağı üçmərtəbəli bina çökdü. İstanbulun Küçükçekmece rayonunda yaşayış binasının uçması nəticəsində 1 nəfər öldü, 8 nəfər yaralandı. Zəlzələ-zad olmadan binanın uçmasının səbəbləri müvafiq komissiya tərəfindən araşdırılır. 

Bu arada İstanbul Böyükşəhər Bələdiyyəsinin apardığı yoxlamalarda şəhərdə dağılma riski daşıyan 1556 bina müəyyən edilib. Yoxlama tələbi ilə bağlı quruma 160 min müraciət daxil olub və fasiləsiz çalışan mütəxəssislər 35 min tikilidə araşdırma aparıb. 

Araşdırma aparılan binalar dayanıqlığına görə A və B (aşağı risk həddi), C (orta risk həddi), D (yüksək risk həddi) və E (Olduqca yüksək risk həddi) kateqoriyalarına bölünüb. Belə ki, binaların təxminən 50 faizi D və E kateqoriyasının payına düşüb. Nəticələrə görə, 1556 bina hətta sözügedən kateqoriyalarda belə yer almayıb.

Bəllidir ki, Türkiyə kimi Azərbaycan da yüksək seysmik zonada yerləşir. Bəs bizdə, Bakıda da analoji araşdırmalar aparılırmı? 

Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə ötən ay Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib ki, Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlılığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb. Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.

Qasımzadə onu da əlavə edib ki, dünya təcrübəsində mövcud olan bu layihələrdə risk qrupundakı binalar xüsusi olaraq nəzarətə götürülür. Bina sahibləri kritik mərhələdə bu barədə məlumatlandırılacaq.

Son zəlzələ zamanı bəzi binaların zədə aldığını xatırladan Azər Qasımzadə deyib ki, həmin binaların 25 %-i dəmir-beton panelli, 70 %-i daş, 5 %-i isə yığma daş konstruksiyalı olub.

Layihəyə əsasən yeni və köhnə binalara xüsusi cihazların qoyulması nəzərdə tutulur. Bu cihazlar zəlzələlərdən sonra binalarda yaranan zədələri qeydə alacaq. Beləliklə, vahid mərkəzdən neçə binaya zərər dəydiyini asanlıqla müəyyənlədirmək mümkün olacaq.

Bununla bağlı təkliflər müvafiq qurumlara təqdim edilib.

Mühafizə sistemi haqqında nə bilirik? - Elmar Nurəliyev - MÜSAHİBƏ

Elmar Nurəliyev

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Yeni Müsavat”a şərhində qeyd etdi ki, sözügedən məsələ ilə bağlı layihə hazırlanır: “Binaların zəlzələyə davamlılığının monitorinqi ilə bağlı işlər görülür. Çoxmənzilli binaların hər hansı təbii fəlakətə davamlılığı ilə əlaqədar yoxlamalar aparılacaq. Bu həm daş panel, həm beton panel, həm də digər konstruksiyalı binalara, eyni zamanda istismar müddətini başa vurmuş binalara da aiddir. Monitorinqin aparılması çox önəmlidir. Çünki Bakıda minlərlə istismar müddətini başa vurmuş bina var. Bu binalar təbii fəlakət, hətta təbiət hadisələri zamanı kifayət qədər risk daşıyır, dağılma, uçma və s. ehtimalı yaranır. Bu baxımdan genişmiqyaslı yoxlamanın aparılması müsbət haldır. Azərbaycanın seysmik cəhətdən aktiv zonada olduğunu nəzərə alsaq, bundan sonra tikiləcək binaların daha keyfiyyətli, davamlı inşası, həmçinin, o cümlədən istismarı həyata keçirilən binalarda monitorinq aparılması məqsədəuyğun olar. Layihənin detalları barədə ətraflı məlumatım olmasa da,  hesab edirəm bu sahədə ən mükəmməl təcrübə Yaponiya təcrübəsi ola bilər. Zəlzələdən öncə insanların məlumatlandırılmasından tutmuş siqnalizasiya sistemlərinə qədər, binaların tikintisində istifadə olunan aqreqat, detallar, amortizasiya və s. sistemlər baxımından Yaponiya nümunəsi ön sırada dayanır”.

Bakının bir çox ərazisi köçürülməlidir" - Ramil Osmanlı

Ramil Osmanlı

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı mətbuata açıqlamasında bildirib ki, Bakı şəhərindəki binaların zəlzələyə davamlılığı ortalama 8-9 bal olaraq nəzərdə tutulub: “Açıqlanan məlumatlarda görünür ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı təqribən 8-9 bal arasında hesablanır. Amma qeyd etdiyimiz rəqəm tam dəqiq şəkildə aparılacaq monitorinqin nəticələrindən sonra müəyyən olunacaq. Bu gün elə binalar var ki, onlar artıq öz istismar müddətini başa vurub. Bəzi binalar da var ki, yeni tikililər olsa da, ya düzgün ərazidə inşa olunmayıb, ya da seysmik baxımdan aktiv ərazidə inşa olunub”.  

Ekspert standartlara cavab verməyən binaların söküləcəyini bildirib:

“Hər bir halda düşünürəm ki, monitorinqlər başa çatdıqdan sonra biz yekun nəticə haqqında danışa bilərik. Hələlik  Türkiyədə baş verən zəlzələdən sonra dövlət qurumlarımızın açıqladığı məlumatlara istinad edə bilərik. Onlar da binaların davamlılıq göstəricisinin 8-9 bal arasında dəyişdiyini bildirirlər. Bu mənbələr isə tikinti prosesi dövründə həmin icra hakimiyyəti orqanlarının apardığı texniki ekspertizaların nəticələrinə əsaslanır. Təbii ki, əgər seysmik göstəricilər normadan aşağı olarsa və bərkitmə kimi tədbirlər mümkün olmasa, bu halda həmin binaların gələcək taleyi ilə bağlı qərar qəbul olunacaq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR