Onlayn ictimai-siyasi qəzet
Son illərdə ürək xəstəlikləri, xüsusən infarkt hallarının artması müşahidə olunur. Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.
Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər kömək etməyə çalışsalar da, C.İmanovun ürək fəaliyyətini bərpa etmək mümkün olmayıb. Əməkdar artistin vəfatı infarkt probleminini yenidən gündəmə gətirdi.
Bəs infarktın qarşısını almaq üçün nə etmək lazımdır? Kimlər risk qrupundadır?
Kardioloq-terapevt Aytən Yüzbaşıyeva mövzu ilə bağlı Musavat.com-a açıqlama verib.
“Son illərdə idman zallarında qəfil infarkt halları tez-tez eşidirik. Bunun əsas səbəblərini sadalaya bilərəm:
-Gizli ürək-damar xəstəlikləri, nəzarətsiz yüksək təzyiq, xolesterin yüksəkliyi, qaraciyər piylənməsi, artıq çəki, şəkər xəstəliyi və qəfil ağır məşqlər.
– İsinməsiz, birdən-birə yüklənmə ürəyə çox yük gətirir.
– Əlavə risk faktorları kimi isə siqaret və alkoqol, energetik içkilərdən istifadəsidir. Hər biri ayrı-ayrılıqda damarları zədələyir, ürək tutması riskini qat-qat artırır.
Təbii ki, risk qrupunda olmamaq üçün, qorunmağın da yolları var.
Belə risklərdən qorunmaq üçün mütləq edilməlidir:
– İdmandan öncə kardioloji müayinədən keçmək çox vacibdir (EKQ, Exo, təzyiq ölçümü).
– Məşqi isinmə ilə başlamaq, yüklənməni tədricən artırmaq.
– Sağlam qidalanma, kifayət qədər yuxu və təzyiq-şəkər nəzarətdə saxlanılmalıdır.
– Siqaret və alkoqol, enerji içkiləri tamamilə tərgidilməlidir – çünki məşq edən bir insan üçün bu faktorlar ikiqat ziyanlıdır.
Sinədə ağrı və sıxılma, təngnəfəslik, başgicəllənmə, huş itirmə, qeyri müntəzəm və sürətli ürək döyüntülr varsa idman etmək, kəskin hərəkətlər etmək olmaz. İdman sağlamlıq üçündür, amma sağlamlıq yoxlanmadan edilən idman riskə çevrilə bilər. Xüsusilə də siqaret və alkoqol ürəyin düşmənidir – onlarla birlikdə idman etmək ürəyi qorumaq deyil, daha çox riskə atmaq deməkdir.”
"Ürək problemləri ilə bağlı simptomlar nələrdir?” sualına isə doktor belə cavab verib:
“Ürək problemlərinin simptomları problemin növünə və ciddiyyətinə görə dəyişə bilər. Ən çox rast gəlinən simptomlar isə bunlardır:
1. Sinə ağrısı, döş qəfəsində sıxılma,diskomfort hissi, ağırlıq və ya yanma hissi
2.Nəfəs darlığı, fiziki fəaliyyət zamanı və ya istirahət halında çətin nəfəs alma
3. Ürək döyüntüsünün sürətlənməsi və ya nizamsız olması (aritmiya)
4. Başgicəllənmə və ya bayılma
5. Ayaq, bilək və qarın nahiyəsində şişkinlik (ödəm)
6. Səbəbsiz yorğunluq və zəiflik
Bir daha dönə-dönə deyirəm. Vaxtında edilən müayinələr həyat qurtarır. Zamanında müayinə olunmaq lazımdır”.
Könül İbrahim
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ