İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin iki ay vaxtı var - Tramp müharibəni necə dayandıracaq...

ABŞ Ukraynanı yarı yolda qoysa və yardım ayırmasa, rus qoşunları daha çox ərazi götürəcək; bu qlobal savaşda kollektiv Qərb və NATO Kiyevə dəstəyi artırmağa məcburdur - şərh

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılması barədə qanun imzalayıb. Bildirilib ki, hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il fevralın 7-dək uzadılması nəzərdə tutulub. ABŞ seçkilərində Donald Trampın qələbəsindən sonra Kiyevin yanvaradək vaxtı var. 

Bura qədər Cozef Bayden prezident səlahiyyətlərini icra edəcək. Tramp administrasiyasının Ukraynaya dəstəyinin necə olacağı hələlik qeyri-müəyyəndir. ABŞ-ın yeni lideri son seçki çıxışında da bəyan edib ki, müharibəni dayandıracaq. Konqresdə və Senatda da üstünlük respublikaçılarda olduğuna görə yardımların kəsiləcəyi ehtimalı səslənir. Lakin ABŞ-ın Ukraynanı yarı yolda qoyması Rusiyanın hücumlarını sürətləndirəcək və daha çox ərazi işğal ediləcək. Təbii ki, müharibənin əsas sponsorlarından biri olan Böyük Britaniyanın da mövqeyi maraqla gözlənilir. 

Əgər bu iki ay ərzində Ukrayna ciddi dönüş edə bilməsə və Kurskdan da qoşunları çıxarılarsa, o zaman getdikcə vəziyyəti pisləşəcək. Kollektiv Qərbin isə buna rəvac verəcəyi inandırıcı görünmür. NATO ölkələri bir ağızdan Trampa qulaq asmış olsalar, dolayısı ilə Rusiyanın qarşısında məğlub olduqlarını etiraf etməlidirlər. O da var ki, Ukraynada qlobal bir müharibə gedir və yeni dünya nizamının quruculuğunda həlledici dövrdür. Rusiya xarici işlər naziri Sergey Lavrovun təbirincə desək, bu münaqişə ölkəsinin dünyadakı strateji yerini müəyyən edəcək. Əgər birləşmiş Qərb Donbasda gedən savaşda Rusiyanı strateji olaraq məğlubiyyətə uğratmağı, onun başını illərlə bir müharibə bataqlığında qatıb yormağı, zəiflətməyi qarşısına hədəf qoyubsa, o zaman Tramp dönəmində də koalisiya Kiyevi dəstəkləməlidir. Hər şey hadisələrin gedişində daha aydın təsəvvür yaradacaq. 

Ukrayna prezidenti Volodimir Zelenski Trampı “seçkidə təsirli qələbəsi” münasibətilə təbrik edib. O, Trampla sentyabrda görüşünü xatırladıb, Ukrayna- ABŞ strateji tərəfdaşlığını, Qələbə planını, Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymaq yollarını detallı müzakirə etdiklərini yazıb. “Prezident Trampın qlobal məsələlərdə güc yolu ilə sülhə sadiqliyini dəyərləndirirəm. Biz Ukraynada sülhü məhz bu prinsiplə yaxınlaşdıra bilərik. Ümidvaram ki, bunu birlikdə həyata keçirəcəyik”, - Zelenski vurğulayıb. Bu arada, döyüşlərin ən ağır cəbhəsi Donetskidir. Ruslar irəliləyir, yaşayış məntəqələrini tutur. Eyni zamanda Kursk vilayətində toqquşmalar davam edir və şimali koreyalı hərbçilər də iştirak edirlər. Həmçinin Rusiya hava hücumundan müdafiə sistemləri Dağıstanın Kaspiysk şəhəri üzərində PUA-nı zərərsizləşdirib. Dağıstan rəhbəri Sergey Melikovun verdiyi məlumata görə, Mahaçqala hava limanında bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılıb. Dağıstanda mülki və hərbi obyektlərdə təhlükəsizlik rejimi gücləndirilib. Beləliklə, müharibə hər iki tərəfdə davam edir. 

Natiq Cəfərli: “Manatla bağlı qərar verilə bilər” - | KONKRET

Natiq Cəfərli

ReAl Partiyasının sədri Natiq Cəfərli “Yeni Müsavat”a açıqladı ki, Trampın qələbəsi Ukrayna üçün heç də pis deyil. Partiya sədrinin sözlərinə görə, onun komandasının yanaşması daha aqressiv ola bilər: “Bu daha çox Kissencer dövründən qalma ikili yanaşma siyasətidir: yəni əgər ABŞ-ın Rusiyaya təklif etdiyi şərtləri Kreml qəbul etməsə, onda Vaşinqton Kiyevə daha çox silah-sursat verəcək. Eyni zamanda Ukraynaya da təklif ediləcək ki, şərtlərlə razılaşsın, əks halda, yardımlar dayandırılacaq. Yəni hər iki tərəf üçün şantaj metodundan istifadə olunması mümkündür. Düşünmürəm ki, problem tam həllini tapacaq, amma müharibənin tempinin aşağı düşməsi gözləniləndir”.

Ramiz Yunus:”Azərbaycanda siyasi məhbusların sayı 100-dən çoxdur”

Ramiz Yunus 

ABŞ-da yaşayan azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus isə hesab edir ki, seçkiqabağı ritorika ilə real siyasət arasında 50 faizlik bir fərq olacaq: “Tramp bir günə bu müharibəni bitirən deyil. Amma Trampın siyasəti Co Bayden administrasiyasının siyasətindən fərqlənəcək. Hesab etmirəm ki, NATO və Avropa İttifaqı ilə münasibətlər kəsiləcək. Ola bilər ki, müəyyən razılığa gələcəklər. Həm Avropa İttifaqı, həm də NATO anlayır ki, Amerikasız Çin və Rusiya ilə rəqabətə dözə bilməzlər. Ona görə də Ukraynadakı savaşla bağlı Vaşinqtonla Brüssel arasında sövdələşmə olacaq. Çox güman ki, bu, Ukraynanın daha çox ziyanına işləyəcək. Rusiya bundan nə qazanacaq? Bu isə ABŞ-la Çin arasında olan sövdələşmədən asılıdır”. 

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə deyir ki, savaşın necə dayandırılmasının mexanizmi yoxdur: “Ancaq yardımın kəsilməsi ola bilər. Bu da Ukraynaya arxadan zərbə vurmaqdır. Birləşmiş Ştatlar tək Trampdan ibarət deyil. Ehtimal edirəm ki, zamanla müharibə səngiyə bilər. Belə şəraitdə isə 4 region Rusiyanın nəzarətində qalacaq. Məncə, Tramp Putinlə danışmaq və hansısa güzəştlər qoparmağı fikirləşir. Onun müharibəni dayandırmaqla bağlı planı bundan ibarətdir. Yəni Ukrayna da məğlub görünməməli və masadan hansısa qazancla qalxmalıdır. İnanmıram ki, Tramp Kiyevi Moskvaya yedirməyə gəlib. Bu, Amerika adına biabırçılıq olardı”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR