Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə müharibənin bitməsi ilə bağlı növbəti texniki görüşün keçirilməsi üçün intensiv hazırlıqların getdiyini bildirib.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski, Baş Qərargah rəisi Anatoli Qnatov, kəşfiyyat və Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə keçirdiyi uzunmüddətli müşavirədən sonra deyib.
“Cəbhədəki vəziyyəti, perspektivlərimizi və hazırlaşdığımız aktiv hərbi addımları müzakirə etdik. Əsas mövzulardan biri də diplomatik prosesin hərbi əsaslarını təmin etmək idi – yəni növbəti texniki görüş. Məqsədimiz budur ki, bu görüş mümkün qədər tez baş tutsun. Ukraynanın marağı müharibəni uzatmaq deyil, sürətlə və effektiv şəkildə onu bitirməkdir. Lakin eyni zamanda biz istənilən ssenariyə hazır olmalıyıq. Dünyaya artıq bəllidir ki, bu müharibənin davam etməsinə görə məsuliyyət tam şəkildə Rusiyanın üzərindədir,” – deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna real atəşkəs və yeni təhlükəsizlik memarlığının yaradılması üçün konkret addımlara hazırdır: “Biz üzərimizə düşəni edirik, indi dünyadan Rusiyaya təzyiq göstərməsi tələb olunur. Bu təzyiqsiz vəziyyəti dəyişmək mümkün deyil. Biz isə öz payımıza düşən təzyiqi həm müdafiəmiz, həm də fəal hərbi əməliyyatlarımızla təmin edirik.”
Musavat.com
23 May 2025
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ