İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski baş əyməsə də olar...

İlk yayın vaxtı 19.12.2023 23:23

Arestoviç niyə “Украина утратила достоинство” yazacaq qədər irəli getdi?

Ukrayna müharibəsi haqda son günlər xəbərlərin, müxtəlif səpkili açıqlamaların artmasının iki səbəbi ola bilər. Birincisi, müharibənin ikinci ili qurtarır və bəzi yekunlara ehtiyac var. İkinci səbəb ilbaşında tərəflərin nəbzinin yoxlanılmasıdır. Daha çox da Rusiyanın. Çünki heç kimdə daha şübhə belə yoxdur ki, Ukrayna müharibəsinin sifarişçisi də, sponsoru da, savaşın gələcək taleyini də həll edən də ABŞ-dır.

Ağ Evdə Zelenskini qəbul edən Co Baydenin Santa-Klaus kimi “Ukraynaya 200 milyonluq təcili köçürmə ilə hədiyyə” si bir az da ikrahdoğuran mənzərə idi. Çünki kimliyindən asılı olmayaraq publika qarşısında bu cür jest, açıqlama qabalıq kimi qəbul edilir. Nə yazıq ki, Ukrayna kimi dövlət indi məhz o ələbaxan, asılı və ürəkağrıdan durumdadır. 

scale_1200.jpg (75 KB)

Prezident Zelenskinin heç bu cür rəzillikdən tükü də tərpənmir, bu aylar ərzində onun baxışları heç dəyişmədi, adam pul istəməkdən qətiyyən sıxılmır. Zelenskinin səhnə tipi bəllidir, o səbəbdən heyrət etmirsən, bəlkə də dövlətini qorumaq üçün belə rəzilliyə razı olur fikirləşirsin. Belə müharibə qazanmaq olmaz, belə müharibədə olsa-olsa pulu “göyə sovurmaq” olar. İndi deyəsən, həm də Qərbin bəzi dairələri də şübhələnib ki, Ukrayna müharibəsi adı altında böyük pullar kimlərinsə ciblərinə gedir. Gəl ki, bu pulları cibə nədir, 100-lük əksinazlar halında heç fiziki olaraq ortabab banka da daşımaq vaxt aparar... Son olaraq Avropa Birliyi 50 milyard avro ayırıb, amma Macarıstanın veto qoyması səbəbindən fevrala qədər ləngiyir. Konqresdə də Ukraynaya ayrılacaq bir neçə milyardın mübahisəsi var, 2024-də o da hesaba oturacaq. Ortadakı pul görünmür, görünən isə Qərbin də, Zelenskinin də ört-basdır edə bilmədiyi itkilərdir. 

a801ef8d-3760-3eae-992c-848712a5a5f8_850 (1).jpg (74 KB)

Zelenskinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Ukraynanın fəlakətə doğru getdiyini, ölkənin idarə oluna bilməməsi səbəbindən müdafiə qabiliyyətini itirdiyini, Rusiyanın isə hələ də hücum potensialını qoruyub saxladığını deyib. “Biz öz axmaqlığımızın, tamahkarlığımızın, riyakarlığımızın bəhrəsini alırıq ”, deyə, keçmiş müşavir öz “Teleqram” kanalında yazıb. Arestoviçin yalanları haqda müharibənin ilk aylarında çox yazmışam. Bir neçə ay əvvələ kimi o, Ukraynanın görünməyən uğurlarından danışır, qalibiyyət ssenarilər uydurur, “Krımda kofe içməyə az qaldı” deyirdi. Sonra nə oldusa, bir də gördük Arestoviç artıq başqa havalar çalır, son vaxtlar isə belə pessimizmə qapanıb. Əlbəttə o bizdən daha yaxşı bilir vəziyyəti, əks halda, elə həmin açıqlamasında “Украина утратила достоинство” yazacaq qədər irəli getməzdi... 

beeb59ec54b8a12b11618e9a87ea4a50.jpg (135 KB)

Putin də bu gün-müharibənin 664-cü günündə Rusiya Müdafiə Nazirliyinin iclasında iştirak edib, döyüş bölgəsindəki qoşunların nisbi üstünlüyünün olduğunu deyib. Ukraynanın Rusiya ilə müharibəyə zorla cəlb edildiyini, 2014-cü il Maydan olaylarını yada salıb, Krımın ilhaqını yenə də ən doğru qərarı adlandırıb. Müdafiə naziri Şoyqu isə Ukraynanın indiyədək 383 mindən çox hərbçisini itirdiyini iddia edib. Naziri Rusiya ordusunu “dünyada döyüşə ən hazırlıqlı ordu” adlandırıb. 

1082171687_0_236_3222_2048_2072x0_60_0_0_472d0c17610c65e514a002d12a28f782 (1).jpg (183 KB)

Dekabrın 19-da Ukrayna prezidenti də mətbuat konfransı keçirib. Bəzi məqamları online-tekst yayımlarda izlədim. Zelenski də dedi ki, Rusiya 2023-cü ildə döyüş meydanında bir parlaq qələbə belə qazana bilməyib. O, “2024-cü ildə müharibənin bitib-bitməyəcəyini heç kim bilmir” dedi, amma ABŞ-ın dəstəyinin davam edəcəyinə inandığını vurğuladı. Prezident “müharibə edən ölkənin məğlub olmaq riski həmişə var, ancaq qələbəni yaxınlaşdırmaq üçün sözlə deyil, əməldə mübarizə aparmaq və inanmaq lazımdır” dedi. 

Zelenskiyə “deputatlar öz həyatlarını davam etdirirlər, bahalı maşınlar alıb, xaricdə istirahət edirlər. Vəziyyəti dəyişdirmək üçün nə edə bilərsiniz” sualı da verildi. Prezident komandasında korrupsiya olması haqda deyilənlərlə razılaşdığını etiraf etdi, “mən prezident kimi nə edə bilərəm? Mən onları(Radanı buraxmağı nəzərdə tutur) ləğv edə bilmərəm, çünki o zaman seçkilər olacaq, müharibə zamanı seçkilər keçirilə bilməz” dedi. Zelenski onu da dedi ki, Ukrayna Baş Qərargahı orduya 450-500 min nəfərin səfərbər edilməsini təklif edib: “Bu çox ciddi rəqəmdir. Mən dedim ki, bu qərarı vermək üçün mənə daha çox arqument lazımdır”. Zelenskinin sözlərinə görə, bu, “insan məsələsi, ədalət, müdafiə qabiliyyəti və maliyyə məsələsidir”. Amma onu da əlavə etdi ki, “25 yaşdan etibarən səfərbərliyə gəlincə, bunun zəruri olduğuna dair arqumentlər görsəm, onunla razılaşaram”. Zelenski tez-bazar hesablayıb ki, belə formatda səfərbərlik əlavə 500 milyard qrivnaya başa gələcək...

Daha maraqlı nə dedi Zelenski? Zalujnı ilə problemi olmadığını, bir də sülh haqda. Prezident dedi ki, Ukraynanın öz “sülh formulu” var: “Biz beynəlxalq səviyyədə görüşlər, dünya liderlərinin sammiti üzərində işləyirik. Əgər sammitdə sənəd hazırlansa, biz onu Rusiyaya verə biləcəyik. Bu gün Rusiya ilə danışıqlar məsələsi aktual deyil. Onların ritorikasında biz ancaq həyasızlıq və qətl görürük”. 

fd0494dbbcd7b06b95fc7114d8e49432.jpg (93 KB)

Fransız jurnalistin sualı da maraqlı idi: “Növbəti 12 ay üçün qarşınıza hansı məqsədləri qoyursunuz?” Zelenskinin cavabı belə oldu: “Məqsədlərimiz barədə heç nə deyə bilmərəm. Biz Ukraynanın cənubunda çətinliklərlə üzləşdik, çünki hamı danışır, məqsədlərimizi ətraflı müzakirə edirdi. Bağışlayın, amma bu, belə işləmir. Xüsusilə daha çox silaha sahib olan Rusiya ilə. Ona görə də əks-hücumumuzun 2024-cü il üçün hədəflərinin nə olduğunu deyə bilmərəm”.

2024-cü ildə Rusiya-Ukrayna müharibəsində nə olacaqsa, bunu mən də bilmirəm, amma təxminlərimi söyləyə bilərəm. Putin məlum, seçkiyə gedir. Zelenski isə yox, seçkini təxirə salmaqda israrlıdır. Amma buna baxmayaraq, hakimiyyətdə daha bir il duruş gətirə bilməyə bilər. Onunla Putinin bir masada oturması mümkünsüzdür, bunu Zelenski özünə qanunla qadağa da edib. İki Vla(o)dimirin bir masada oturması heç bu savaşı tətikləyənlərin də marağında deyil. Zelenski tükənmiş kimi görünür. Səhnəni tərk etmək zamanı gələndə isə məncə, baş əyməsə də olar, çünki...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR