İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəif zəlzələnin ortaya çıxardığı ciddi problemlər

Bizi qapıda gözləyən fəlakətə necə hazır ola bilərik?

İyulun 3-də gecə saatlarında Bakıda hiss olunan zəlzələ heç bir dağıntı, fəsad törətməsə də, bir sıra ciddi problemləri, reallıqları ortaya çıxarmış oldu.

İlk növbədə zəlzələ sonrası rəsmi qurumların operativliyi məsələsi diqqət çəkdi.

Nəzərə çatdıraq ki, zəlzələdən dərhal sonra paytaxtda bir panik durum yarandı, əhalinin bir hissəsi çoxmərtəbəli binaları tərk edib bağ evlərinə yollandı, bir qisim binaların həyətinə düşdü.

Bu zaman bir mənzərənin şahidi olduq: adamlar həyətə düşsə də, məhz binanın altında dayanmışdılar. Bu, təhlükəsizlik baxımından çox qorxuludur. Belə aydın oldu ki, insanlarda zəlzələ zamanı necə davranmaqla bağlı kifayət qədər bilgi yoxdur.

Digər məsələ müvafiq qurumların reaksiyasıdır.

Zəlzələdən sonra ilk reaksiya DİN-dən gəldi. 7/24 fəaliyyətdə olan DİN sözçüsü Elşad Hacıyev açıqlama yaydı ki, “Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”.

Bir qədər sonra FHN dağıntı olmaması barədə açıqlama yaydı.

Təxminən 1,5 saat sonra TƏBİB gücləndirilmiş rejimə keçidlə bağlı açıqlama yaydı.

Yalnız saat 2 radələrində Qurban Yetirmişli böyük zəlzələ gözlənilmədiyinə dair açıqlama verdi.

Cəmiyyətdə ilk saatlarda bir qədər panik durum vardı. Amma guya saat 2-də, 4-də, 6-da növbəti 6 ballıq dalğa olacağına dair feyk-yalan məlumat dövriyyəyə buraxılsa da, işləmədi. Burada ciddi medianın rolu böyük oldu, çünki saytlar operativ şəkildə şayiələri təkzib edirdilər.

Bütün hallarda ortaya çıxan mənzərə bu oldu ki, fövqəladə, fors-major rejimlərdə işləmək vərdişinə heç də bütün strukturlar alışıq deyil.

Əgər hansısa bir böyük zəlzələ olardısa, ciddi problemlər yaşana bilərdi.

Bu zəlzələ silkələnmək üçün ciddi bir siqnal da oldu.

Zəlzələ sonrası ilə yenə də binaların zəlzələyə davamlılığı məsələsi gündəmə gəldi, eyni zamanda belə rəylər dövriyyəyə buraxıldı ki, Bakıda həyət evləri, torpaq sahələri sürətlə bahalaşacaq.

Bir sözlə, kiçik bir zəlzələ kifayət qədər ciddi məsələləri üzə çıxardı, xüsusilə belə durumlarda davranış, hazır olma məsələsi önəmlidir.

Zəlzələ Azərbaycanda bu problemi ortaya çıxardı - dəhşətli təhlükə

Bəs zəlzələdə kim nə etməlidir?

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mövzuya bu cür şərh bildirib: “Zəlzələdə FHN-in funksiyasını Google icra etdi. Belə ki, zəlzələ ilə bağlı xəbərdarlıq mesajı Google-nin Android platformasından göndərildi. Google "Zəlzələ xəbərdarlığı" xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir.

İndi əksəriyyət müzakirə edir ki, nə üçün “Google” ona bu mesajı göndərməyib, yaxud da nə üçün bu mesaj iPhone telefonu işlədənlərə göndərilməyib. “Apple” şirkətini qınayanlar var.

“Google”nin xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, hətta dezinformasiyaların yayılması da müşahidə edilib. Heç kim soruşmur ki, bəs FHN-in xəbərdarlığı, onun mesajları, onun mobil tətbiqləri və mobil xidməti haradadır?

Uzun illərdi ki, Fövqəladə Hallar Nazirliyi “112 Mobil Xilasedici” tətbiqini hazırlaya bilməyib. “112" qaynar xətt xidməti aktiv olsa da daha effektiv olan uyğun mobil tətbiq yoxdur.

Xatırladım ki, 2016-cı ildə ATL şirkəti FHN-in sifarişi ilə İOS və Android üçün belə bir resurs hazırlamışdı. Lakin sonralar bu mobil resurs hər iki platformadan yığışdırılıb.

Sonralar FHN bir neçə dəfə belə bir mobil resursun hazırlanması haqqında mesajlar versə də indiyədək bu reallaşmayıb.

Xatırladıram ki, digər ölkələrin əksəriyyətində belə bir mobil resurs aktivdir. “112 Mobil Xilasedici” daha operativ reaksiya üçün, ilkin məlumatlandırma və ilkin yardım üçün, əks əlaqə üçün, koordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur.

Zəlzələ Azərbaycanda bu problemi ortaya çıxardı - Video

Maraqlıdır ki, hədsiz geniş resurslara, böyük bir İT idarəyə və komandaya malik olan FHN 7 ildir ki, balaca bir mobil tətbiqi ortaya çıxara bilməyib. Çox düşündürücü və təəssüfləndirici bir haldır".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə öncə zəlzələ anında insanların özlərini qoruması haqqında tövsiyələrini bildirib:

“Zəlzələ təbii fəlakətlər içərisində ən təhlükəli olanlardan biridir. Ancaq insan hər təhlükəyə, gözlənilməz hadisələrə, fors-major hallara hazır olmalıdır. Ehtiyatı əldən vermək olmaz.

- Panika, həyəcan, təlaşa qapanmayın;

- Zəlzələ anında evdəsinizsə qapı arakəsmələrində dayanın (beton arakəsmə, qırmızı kərpiclə hörülmüş yox).

Titrəyişlər bitəndən sonra hər şey qaydasındadırsa, çölə çıxmaq lazımdır;

- Təhlükəsiz toplanış yerlərində dayanın;

- Hündür tikililərdən, reklam lövhələri, dağılma-uçma ehtimalı olan binalardan uzaq durun;

- Liftdən istifadə etməyin;

- Qazı, suyu, işığı söndürün;

- Təhlükəsizlik çantasını götürüb evi tərk edin (sənədlər, qida və s.);

- Rəsmi qurumların xəbərlərini izləyin, göstəriş və tövsiyələrinə riayət edin;

- Dağıntılar varsa, evə geri dönməyin (yalnız rəsmi qurumların icazəsi ilə);

Ümumiyyətlə isə təbii fəlakətlər, fövqəladə hadisələr, təbiət hadisələri və sairə, onlardan 100 faiz sığortalanmaq kimi bir anlayış yoxdur. Yalnız bütün regionda baş verə biləcək bütün təhlükələrə qarşı mütləq önləmə tədbirləri görülməlidir.

Məlum olduğu kimi, regionun coğrafiyasına uyğun olaraq sel daşqınları, meşə yanğınları, vulkan təhlükəsi, sürüşmə, uçqun təhlükəsi ola bilər. Azərbaycan da seysmik cəhətdən aktiv məkanda yerləşdiyindən zəlzələ riski yüksəkdir. Yəni hər an zəlzələ ilə qarşılaşa bilərik. Ona görə də insanlar zəlzələ ilə bağlı ilkin davranışı bilməlidir. Yəni bu təbiət hadisəsinə hazırlıq mərhələsinə, o cümlədən tikintilərin, çox yaşayış binalarının inşasına ciddi diqqət edildiyi qədər həm də insanlar bu cür hallarda özlərini necə qorumalı olduğu haqda məlumatlı olmalıdırlar.

Zəlzələ baş verməmişdən əvvəl hər şəxs  bilməlidir ki, zəlzələ ilə bağlı siqnal aldıqda ilk olaraq nə etməlidir, buna psixoloji və praktik olaraq  hazırlıqlı olmalıdır. Məsələn, gecə, gündüz saatlarında fərq etmir, zəlzələ anında ailə üzvləri hamısı birlikdə qapı arakəsmələrində dayanıb, özlərini qorumalıdırlar. Niyə məhz qapı arakəsmələri? Çünki arakəsmələr daha etibarlıdır, bu da ona görədir ki, tikinti-inşa norma standartlarında qapıarası kəsmələrdə betondan istifadə edilir.  Təhlükə zamanı insan orada özü üçün kiçik bir yer müəyyən edib, özünü divar uçqunundan, üzərinə daş düşməsindən qoruya, bir müddət orada qala bilir. Lakin bu bütün qapı arakəsmələrinə aid deyil. Bəzən tikinti zamanı deyilən normalara riayət edilmir və yaxud otaqlarda dəyişkənlik olunub - bir otaq iki otağa, ya iki otaq bir otağa dəyişdirilib və yaxud ev qırmızı kərpicdən, digər ucuz materiallardan tikilir. Bu zaman qapı arakəsmələri möhkəm hesab edilə bilməz.

Beləliklə, bir müddət arakəsmədə qalır, daha sonra isə zəlzələ təhlükəsi sovuşduqdan sonra qazı, suyu, işığı söndürüb, liftdən istifadə etmədən çölə çıxmaq lazımdır. Lakin çölə çıxdıqda düz binanın qarşısında və yaxud səkinin üzərində oturmaq olmaz. Biz ötən gün belə bir mənzərəyə şahid olduq, şəxslər zəlzələdən qorunmaq üçün avtomobildə özlərinə sığınacaq seçiblər, amma avtomobil düz binanın qarşısındadır. Əlbəttə ki, bina uçsa, birbaşa avtomobilin üzərinə düşəcək. Bu cür məntiqsiz, doğru-düzgün olmayan davranış sərgiləmək bədbəxt hadisəyə gətirib çıxara bilər. Yəni  binadan çıxdıqdan sonra mütləq şəkildə təhlükəsiz yerdə dayanmaq lazımdır. Əslində bununla bağlı binaların həyətində toplaşma yerləri olmalıdır.

Və yaxud müşahidə etdik ki, zəlzələdən sonra insanlar avtomobilləri ilə yollara çıxmışdılar, nəticədə yollarda tıxac yaranmışdı. Sual verəndə ki, yola niyə çıxmışdınız, məntiqli bir cavab verə bilmirdilər.

Ümumiyyətlə, bu cür hadisələrdə insanlar çox zaman panik halında olur və düzgün qərar verməkdə çətinlik çəkirlər. Ona görə də əvvəlcədən insanlara zəlzələ ilə bağlı praktiki təlimlər keçirilməli, maarifləndirilməlidir.

Daha bir məsələ, mərkəzləşdirilmiş koordinasiya sistemi yaradılmalıdır ki, bu cür hallarda insanlar dərhal rəsmi məlumatları, xəbərdarlıqları əldə edə bilsinlər. Eyni zamanda səlahiyyətli qurumlar da bu cür hadisələrə hazırlıqlı olmalıdır. Ötən zəlzələ zamanı gördük ki, xeyli sayda feyk xəbərlər yayılmışdı və insanlar bundan təşvişə düşmüşdülər. Mərkəzləşdirilmiş koordinasiya olmadığından insanlar vaxtında, dəqiq məlumatları haradan, kimdən alacaqlarını bilmirdilər".

“Zəlzələ kimi fövqəladə hadisələrə görə həyət evləri daha təhlükəsizdir tipli fikirlər nə dərəcədə doğrudur?” sualımıza isə ekspert bu cür cavab verdi: “İstər həyət, istərsə də çox yaşayış binaları olsun, əgər tikili standartlara uyğun tikilibsə, layihədə göstərilən normalara riayət olunubsa, onun qorxusu yoxdur.  Sadəcə, insanlarda psixoloji bir anlayış var ki, əgər zəlzələ olarsa, həyət evində çölə daha tez çıxa bilər, dağıntılar altında qalmaz və sairə. Əgər qeyd etdiyim standartlar pozulubsa, əlbəttə ki, həyət evi də dağılıb uça bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR