İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər səlnaməsinin memarı

“Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyinə və sonrakı gedişinə həlledici təsir göstərdi”

30 ilə yaxın müddətdə münaqişənin həlli ilə bağlı Ermənistanın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi. Prezident İlham Əliyevin münaqişənin həllinə dair hər zaman olduğu kimi qətiyyətli və prinsipial mövqeyi təkcə təcavüzkar Ermənistana deyil, eləcə də dünyaya bir mesaj oldu.

İkinci Qarabağ müharibəsində hərbi-diplomatik və informasiya məkanında uğurlar

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.  2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkitə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində mühüm Qələbəsinə həsr olunmuş Zəfər paradı keçirildi.

Bununla yanaşı, Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, Ermənistanın uzun illər yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Azərbaycanın hərb meydanında tarixi Qələbəsini yüksək dəyərləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etdi: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək”.

Bu baxımdan bir sıra aparıcı beynəlxalq KİV-ə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırdı, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin Zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-in gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtmış oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

Ali Baş Komandanın qətiyyətli mövqeyi: ərazi bütövlüyü, suverenlik və tarixi ədalətin bərpası

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Hər zaman, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

Nəticədə, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.

Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Bununla yanaşı,1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxışı zamanı demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 10-da  yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd etdi və  müasir tariximizin yeni dövrünün də məhz sentyabrın 20-dən  (2023-cü il – E.Ə.) sonra başladığını diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.

Şuşanın işğaldan azad edilməsi Zəfər günü kimi tarixə yazıldı

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Azərbaycan Prezidenti İlham Əliyev 39 il sonra, 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı bildirdi ki, Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verildi. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılmış, ev muzeyləri qarət edilmişdir. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdir ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi və həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmiş, 28 il ərzində buna çalışmış, lakin nail ola bilməmişlər. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi.

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

Şuşa Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti

2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.

Mühüm tarixi və siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlmiş və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.

Müttəfiqlik münasibətləri haqqında Bəyannamənin əvvəlində Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində iki qardaş dövlətin prezidentlərinin görüşünün mühüm əhəmiyyəti vurğulanır, 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Həmçinin bu tarixi sənəddə 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin rəhbər tutulduğu bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin “Rəsmi qəzet”də dərc edilərək qüvvəyə minməsi haqqında qərarı imzalayıb. Eyni zamanda, Bəyannamə 2022-ci il fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənmişdir. Dövlət başçısı İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Bununla da Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.

Şuşa Türk dünyasının ictimai fikir və milli ideoloji mərkəzinə çevriməkdədir 

2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.

2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz  Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıdı. Zəfər Qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan azərbaycanlı, o cümlədən 36 alim və 36 iş adamı iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi.

2023-cü il aprelin 8-də Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirildi. 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı, Şuşa şəhərində keçirilən iclasın yekun bağlanış mərasimində Maddi və qeyri-maddi mədəni irs, təbii irsin qorunması və təhsil məsələlərini əhatə edən seminarlarda mütəxəssis rəyləri dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Azərbaycanda keçirilən 9-cu İclasının yekun bəyanat qəbul edildi.

2023-cü il mayın 12-də Şuşa şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa–Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi oldu. Qeyd etmək lazımdır ki,  İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan, bütövlükdə Türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrilmiş, eyni zamanda, Türk birliyinin daha da güclənməsinə təkan verdi.

Bununla yanaşı, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülmüş və “Şuşa-2024-cü il üçün İslam dünyasının  mədəniyyət paytaxtı” elan olundu.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Bu baxımdan İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Qarabağda, o cümlədən Şuşada keçirilən beynəlxalq tədbirlər müstəsna əhəmiyyət daşıyır. Həmçinin, işğaldan azad edilmiş ərazilərə səfər edən xarici ekspertlərin, tədqiqatçıların, ictimai xadimlərin ermənilər tərəfindən işğal vaxtı törətdilən vandalizm aktlarının, xüsusilə Azərbaycanın tarixi memarlıq abidələrinin vəhşicəsinə dağıdılmasının şahidi olması çox zəruridir. Bununla yanaşı, keçirilən beynəlxalq tədbirlər işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması, həmçinin Azərbaycanın mədəni irsinin dünyaya çatdırılması baxımından da çox mühüm əhəmiyyət kəsb edir.

Artıq işğaldan azad edilmiş Şuşada keçirilən mühüm tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir. Bu baxımdan, əminliklə söyləyə bilərik, 2021-2024-cü illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzinə çevrilməkdədir.

Bu baxımdan, qeyd etmək lazımdır ki, 2024-cü il iyulun 6-da Qarabağn tacı, mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatının tarixində yeni bir ənənənin əsası qoyuldu. Belə ki, bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. TDT-yə üzv dövlətlərin qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilir. Zirvə toplantısının həsr edildiyi beynəlxalq əlaqələr,  nəqliyyat, iqlim dəyişikliyi kimi çox vacib sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğuladılar. Zirvə görüşü Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Şuşada keçirilən Zirvə görüşü çərçivəsində həmin gün “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalandı. Bu mühüm sənəddə Türk dünyasının regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu bildirilir.

Sənəddə Türk Dövlətləri Təşkilatının dövlət başçıları geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək, həmçinin yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq genişmiqyaslı minatəmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik diqqətə çatdırılır.  Xüsusilə, TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar.

Qeyd etmək lazımdır ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı bir sıra mühüm məsələlərin müzakirəsi üçün çox zəruri platforma oldu.

 Bütün qeyd edilən faktlara və təhlilə əsaslanaraq əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin müdrik  dövlət başçısı kimi yüksək diplomatik istedadı və milli maraqlara əsaslanan xarici siyasəti sayəsində Azərbaycanın müasir tarixinin yeni və sərəfli dövrü yazılır.

Elçin Əhmədov,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının

 “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri,

beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR