Onlayn ictimai-siyasi qəzet
Ermənistan və onun havadarları Prezidentin Xankəndidən etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır
Martın 18-də Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və xalqa təbrik müraciətində bir sıra mesajlar verib.
Prezident ötəniliki Novruz təbrikində İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almayan Ermənistana xəbərdarlığını yada salıb: “Keçən ilin Novruz bayramı təbriklərimdə mən bu barədə danışmışdım və təəssüf hissimi bildirmişdim ki, İkinci Qarabağ müharibəsindəki onların məğlubiyyəti onlara dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı”. Dövlət başçısı onu da deyib ki, altı ay bundan əvvəl Qarabağda uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir: “Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursa belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.
Prezident tonqalın yandırıldığı meydanın və qarşısındakı binanın uzun illər ərzində separatçıların yuvası olduğunu qeyd edib: “Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən Zəfər meydanı adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır".
Dövlət başçısı hələ də separatizm dəstəkçilərinə Xankəndinin əsl sahibinin kim olduğunu xatırladıb: "Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər".
Dövlət başçısı bir daha faktlarla bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edənlərin Azərbaycan xalqının nümayəndələri olduğunu vurğulayıb. “Durduğum yerdə separatçılar qondarma parlament binası inşa etmişdilər. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası - dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür...”, - deyə dövlət başçısı vurğulayıb.
Dövlət başçısının sonda dedikləri də mühüm mesajlar sırasındadır: “Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq...”
Prezident İlham Əliyevin bu cür xəbərdarlığı daha çox hansı dairələrədir?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Prezidentin bu istiqamətdə bəyanatları, xəbərdarlığı birinci növbədə dövlətin gücünə, dövlətə rəhbərlik eləyən liderin iradəsinə söykənir: “İkincisi, dövlətin başçısının özünün hazırda dayandığı mövqe, nüfuz, özünə inamı, xalqına, ordusuna arxalanması burada öz sözünü deyir. Azərbaycan Prezidentinin mövqeyi həmçinin beynəlxalq qanunlara, beynəlxalq prinsiplərə söykəndiyi üçün bütün bəyanatlarında qətiyyətlidir, arqumentlidir. Aydın məsələdir ki, verilən bəyanatların, verilən mesajların, xəbərdarlıqların konkret ünvanları var. Bunlar birinci növbədə Ermənistana ünvanlanır və biz Ermənistana ayrıca bir subyekt kimi baxmırıq. Ermənistan öz müttəfiqləri və dostları ilə birlikdə Azərbaycana qarşı düşmənçilik siyasətini hələ də davam etdirir. Azərbaycan dövlət başçısının da çox haqlı olaraq dediyi kimi, Vətən müharibəsinə qədərki mərhələdə Azərbaycana qarşı törədilmiş cinayətlərdə Ermənistanın özü ilə bərabər onun müttəfiqləri, qərbli dostları da məsuliyyət daşıyırdılar, bu gün də Ermənistanı sülhə deyil, pozuculuğa təhrik eləyən müəyyən dövlətlər, qüvvələr də Ermənistanla bərabər məsuliyyət daşıyırlar. Beləliklə, Prezidentin verdiyi mesaj bu gün sülh sazişinin imzalanması yolunda Ermənistanı hər cür pozuculuğa sövq eləyən müəyyən Qərb ölkələrinə və başqa qüvvələrə yönəlib. Daha çox da Ermənistanın özünə qarşı xəbərdarlıq şəklində mesaj verilib”.
A.Quliyevin sözlərinə görə, bu mesajlar həm də çox ciddi bir həqiqəti ifadə edir ki, bu gün sülh sazişinin imzalanmamasının bütün məsuliyyəti Ermənistan dövlətinin və onun müttəfiqlərinin üzərindədir. Bundan sonra Azərbaycan sülh müqaviləsinin imzalanması üçün iradəsini mümkün qədər davam etdirəcək. Amma nəticələrin əldə olunmamasına və bundan doğan nəticələrə görə bütün məsuliyyəti yenə də Ermənistan və Ermənistanın dostları daşıyacaqlar.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli isə bildirdi ki, Prezident İlham Əliyevin Xankəndidə Zəfər meydanında çıxışı zamanı səsləndirdiyi fikirlər Ermənistana, və bu ölkənin havadarlarına ciddi xəbərdarlıqdır: “Reallıq ondan ibarətdir ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq sülh sazişi imzalamaqdan, 8 kəndimizi geri qaytarmaqdan yayınır. Əlbəttə, bunlar birmənalı olaraq qəbuledilməzdir, Azərbaycan Ermənistanın bu cür oyunbazlıqları, vaxt udmağa hədəflənən siyasəti ilə barışa bilməz. Ermənistan tez bir zamanda bütün işğalda saxladığı 8 Azərbaycan kəndini Azərbaycana təhvil verməlidir və sülh sazişi imzalamalıdır. Hesab edirəm ki, Prezidentin verdiyi mesajların arxasında bu tələblər dayanır və xəbərdarlıq edilir ki, bizim haqlı mövqeyimizlə hesablaşmasalar, çağırışlarımıza əməl etməsələr yenə də başlarına yumruq endiriləcək. Ermənistan və havadarları bilməlidir ki, əgər sülh yolunu deyil, düşmənçilik mövqeyini, qəsbkarlıq siyasətini davam etsə, bunun aqibəti Ermənistan üçün yaxşı olmayacaq. Necə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində və ondan sonrakı keçən dövrdə Azərbaycanın mövqeyi prinsipial və qətiyyətli olub və bunun nəticələri ortadadır, indi də o cür qətiyyətlidir. Azərbaycan Prezidenti həmişə olduğu kimi, mesajını verdi. Əgər Ermənistan və Ermənistana dəstək verən dövlətlər yenə də mesajlardan nəticə çıxarıb düzgün yola gəlməyəcəklərsə, Ermənistanı yeni acı məğlubiyyət gözləyir. Odur ki, Ermənistan və onun havadarları Azərbaycan Prezidentinin Xankəndidən etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır, Azərbaycanın haqlı tələblərinə əməl etməlidirlər. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi qələbəni daha da möhkəmləndirib. Bu gün bütün görüşlərdə Azərbaycan öz mövqeyini daha da möhkəmləndirir və mən deyərdim ki, cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bir rəqabət mühiti yaradıb. Bu gün Amerika da, Avropa İttifaqı da, Rusiya da bu prosesə öz töhfəsini verməyə çalışır. Bu gün artıq Fransanın bu bölgədə, ümumiyyətlə, prosesdə iştirakı tamamilə zəiflədilib. Fransa indi də Ermənistanı silahlandırmaq yolunu seçib. Azərbaycanın dövlət başçısının mesajı həm də Fransa kimi dövlətlərədir. Həm Ermənistan, həm də Cənubi Qafqazda hökmranlıq istəyinə düşən havadarları unutmasınlar ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət mesajıar verir, çağırışlar, xəbərdarlıqlar edir, qarşı tərəf bundan nəticə çıxarmayanda güc yoluna əl atır və bu yolla haqlı istəyinə nail olur, ədaləti bərpa edir. Əgər Ermənistan yenə də mesajlardan nəticə çıxarıb 10 noyabr üçtərəfli bəyanatının həllini tapmayan bəzi bəndlərini yerinə yetirməyəcəksə, sülh sazişini imzalamayacaqsa, onda məsələ yenə də məcburetmə variantına qalacaq. Baş verəcək hadisələrin məsuliyyəti də Ermənistanın üzərində qalacaq. Bunu İrəvan bilməlidir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ