İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulinin sərhədsiz yaramazlığı - Putindən ölçü götürülməsi istənildi

Duma üzvü bu dəfə də Bakıda mühakimə edilən erməni canilərə qahmar çıxıb - iki mövqe

Xəbər verildiyi kimi, fevralın 26-da (Xocalı soyqırımının 33-cü ildönümü günü) Moskvada MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə təşkil etdiyi dəyirmi masada Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə həqiqətləri təhrif edən və Azərbaycana qarşı böhtanlarla dolu çıxış edib.

Belə ki, bu zat hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı ağzına gələni danışıb, yenə də “ermənidən çox erməni” olmağa, Ermənistana yarınmağa çalışıb. Zatulin Bakıda separatçıların mühakiməsini həyasızcasına həm “şəxsi revanş”, həm də “repressiya” adlandırıb. Eyni zamanda, ağ yalanlarından qalmayıb. İddia edib ki, guya sözügedən şəxslərin hamısı “Minsk Qrupu çərçivəsində ümumi dinc tənzimlənmə prosesində uzun illər ərzində Azərbaycan rəhbərliyinin danışıqlarda tərəfdaşı olub”. Halbuki belə şey əsla olmayıb. Rəsmi Bakı onları heç vaxt danışıqların tərəfi kimi tanımayıb.

Zatulin həmçinin Qafqaza gəlmə olan erməniləri heyrətamiz sırtıqlıqla “Qafqazın ən qədim xalqı” adlandıraraq ərz edib: “Azərbaycanlılar ermənilərlə birlikdə yaşayıblar, ancaq ermənilərdən öncə deyil. Dağlıq Qarabağın tarixi və mədəniyyətinə aid bu və digər abidələr azərbaycanlıların nəinki bu ərazidə mövcud olmadığı, heç bir millət kimi də mövcud olmadığı dövrə aiddir”. Yəni Azərbaycan xalqına qarşı artıq təhqirə keçib. 

“Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin əsassız iddialarına Azərbaycan XİN şərh vermir”. Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq XİN-dən bildirilib. Ancaq bu da faktdır ki, Azərbaycanın Rusiyadakı sabiq səfiri Polad Bülbüloğlu ötən ilin sentyabrında Zatulinin dövlətimiz əleyhinə təxribatçı videomüraciəti ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərmişdi. Səfirin müraciəti isə dövlətin mövqeyini əks etdirir. Bəs Rusiyada Putinin sədri olduğu hakim partiyanın üzvü olan bu yaramaza qarşı niyə tədbir görülmür?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov 

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə Rusiyadakı bəzi qüvvələr, qruplar, həmçinin Konstantin Zatulin Azərbaycana qarşı kəskin mövqeyi ilə həmişə seçiliblər: “Belə qüvvələrin və şəxslərin mövqeyi Azərbaycanın atacağı addaımlara ciddi təsir göstərmir. Amma hər bir halda nəzərə alaq ki, Konstantin Zatulin Rusiya Dövlət Dumasında komitə sədrinin müavinidir, eyni zamanda fəaliyyəti ilə seçilən şəxslərdəndir, Rusiyanın hakimiyyətdəki partiyasının üzvüdür. Belə şəxsin nə qədər şəxsi anti-Azərbaycan mövqeyi olsa belə, özünün rəsmi səlahiyyətlərindən, ona rəsmi səlahiyyətlərinə görə verilən tribunalardan istifadə edib Azərbaycan xalqının heysiyyatına toxunan fikirlər səsləndirməsi əslində Azərbaycan dövlətinin və xalqının narazılığına tuş gəlir”. X.Bəşirov dedi ki, əslində, onun atdığı bu addım Rusiya dövlətinin müvafiq qurumları, Rusiyanın hakim partiyası tərəfindən dəyərləndirilməlidir və o, sadə dillə desək susdurulmalıdır: “Azərbaycanın iradəsinə zidd olsa biz əsrlərlə Rusiya ilə eyni dövlətin tərkibində olmuşuq, buna görə çox sıx əlaqələrimiz olub. Sovetlər İttifaqının süquta uğramasından sonra Azərbaycanla yanaşı Rusiya da müstəqilliyini bərpa edib. Hər iki müstəqil dövlətin bir-birinin tarixinə, kökünə, mədəniyyətinə hörmətləri olmalıdır. Bu, hörmətlə sadəcə qonşu olduğumuza görə deyil, Rusiya ilə Azərbaycan dövləti arasında imzalanan sənədlərdən irəli gələrək olmalıdır. 1991-ci ildən indiyə qədər Azərbaycanla Rusiya arasında 200-ə qədər dövlətlərarası və regionlararası sənədlər imzalanıb. Bu sənədlər hər iki müstəqil dövlətin öhdəliklərini müəyyənləşdirir. Zatulin kimiləri isə bu öhdəliklərə, sənədlərə kölgə salmaqla məşğuldur. Konstantin Zatulin faktiki olaraq 2022-ci ilin fevralında Azərbaycanla Rusiya arasında imzalanmış tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin 11-ci bəndini pozur. Həmin maddədə qeyd olunur ki, tərəflər öz ərazilərində şəxslərin və ya təşkilatların digər tərəfin maraqlarına, ərazi bütövlüyünə, müstəqlliyinə zidd fəaliyyətin qarşısını mütləq almalıdırlar. Bu gün Zatulin 11-ci maddənin tələbinə görə susdurulmalıdır. Bunu Rusiyanın müvafiq rəsmi qurumları etməlidir. Rusiya tərəfinin tədbir görməməsi suallar yaradır. Əgər onlar Zatulin kimi şəxsləri cəzalandırmalı olduqları halda bunu etmirlərsə təbii ki, gələcəkdə bundan Rusiya özü zərər görəcək”.

Diqqət mərkəzi - Azad Məsiyev - 27.10.2020

Azad Məsiyev 

Politoloq Azad Məsiyev isə bildirdi ki, Rusiya bizim əzəli və əbədi qonşumuzdur: “Dünyanın yeddidə birini əhatə eləyən bir dövlətlə qonşuyuq. Münasibətlərimizin yaxşı olması həm Azərbaycanın, həm də Rusiyanın maraq dairəsindədir. Azərbaycan dövlətinin xarici siyasətində qonşularla dinc yanaşı yanaşmaq prinsipinə də üstünlük verilir. Bu prinsiplərin beynəlxalq hüquq normaları çərçivəsində keçirilməsində Azərbaycan maraqlıdır. Təəssüf ki, Rusiyadakı bəzi şəxslər bunları nəzərə almırlar və iki dövlət arasında münasibətlərin yaxşı olmasını istəmirlər”.

Ekspert əlavə etdi ki, Rusiyanın Avropa istiqamətində yolunun bağlı olması Rusiyanın cənub cinahının açıq olmasını zəruri edir: “Cənub cinahının açıq olması üçün isə Azərbaycanla yaxşı əlaqələrin saxlanması zəruridir. Zatulin kimi siyasətçilər isə belə görünür ki, Rusiyanın özünün də maraqlarını nəzərə alımırlar. Rusiyanın Azərbaycanla münasibətlərinin yaxşı olmasını istəməyən ABŞ və onun müttəfiqləridir. Eləcə də Ermənistandır. Belə çıxır ki, Rusiya daxilində bəzi dairələr anti-Azərbaycan mövqeyini ortaya qoymaqla əslində ABŞ-ın, Ermənistanın maraqlarına xidmət edirlər. Rusiyanın müvafiq dövlət orqanları bu məqama diqqət yetirməli və tədbir görməlidir. Rusiyada erməni lobbisinin təsiri altında olan siyasi, ictimai xadimlər, KİV-lər var, Rusiyanın hərbi strukturlarında da ermənilərlə bağlı şəxslər mövcuddur. Onların fəaliyyəti  Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq və düşmən vəziyyətə gətirmyə köklənib. Rusiya hakimiyyəti bu məsələlərə ciddi reaksiya verməlidir və o cür qüvvələrə, şəxslərə qarşı addımlar atmalıdır. Bununla sübut edilər ki, iki dövlətin münasibətlərini korlamaq istəyənlərin cəhdləri əbəsdir. Rusiyada söz sahibi Vladimir Putindir. Onun Azərbaycan Prezidenti ilə dostluq münasibəti var, Azərbaycana müsbət münasibətdədir. Ona görə də Azərbaycan cəmiyyəti cənab Putindən dostluq münasibətlərini korlamaq istəyən rusiyalı siyasətçilər barəsində gərəkən addım atmasını gözləyir. Zatulin kimilərinin çıxışlarına Rusiyadakı Azərbaycan diasporu da cavab verməlidir. Azərbaycan xalqının tarixini, kökünü təhqir etməyə imkan verilməməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR