Onlayn ictimai-siyasi qəzet
Qaragüruh qüvvələr Azərbaycanın Ermənistanla bağlı son jestini sabotaj etməyə başlayıb - rəy
Ermənistandakı revanşist media və müxalifət Prezident İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin götürüldüyü haqda açıqlamasını sabotaj etməyə davam edir. Bu qərarın Ermənistan üçün müsbət tərəfini görməzdən gələn qaragüruhçu qüvvələrə görə, belə bir addımın iki səbəbi ola bilər: ya Əliyev bununla Paşinyana seçkiqabağı dəstək verir, ya da qarşılığında daha bir güzəşt əldə edib.
Bu barədə “Hraparak” nəşri yazıb.
Ermənistan müxalifəti öz növbəsində keçmiş Laçın dəhlizinin guya vaxtilə blokadaya alındığını xatırladaraq, taxılın nisbi təhlükəsizliyinə şübhə ilə yanaşıb. Nəşr yazıb ki, guya hakim komanda daxilində də bir çoxları baş verənləri inamsızlıqla qəbul edirlər.
Təbii ki, erməni müxalifəti və onlara bağlı media resursları qərəzlidir. Ermənistanın xeyrinə nə olsa belə, onlar buna skeptik yanaşır, Paşinyanı Azərbaycana işləməkdə ittiham edirlər.
Xatırladaq ki, məlum qadağanın aradan qaldırılmasına görə Paşinyan, eləcə də iqtisadiyyat naziri Gevorq Papoyan minnətdarlıqlarını bildirərək, yaxın vaxtlarda Qazaxıstan taxılının ilk partiyasının Azərbaycandan Ermənistana göndəriləcəyini qeyd ediblər. Ermənistan hakimiyyəti bunu ciddi diplomatik qələbə kimi təqdim edir.
Bəs erməni radikal-revanşistlərin iddialarının Ermənistan ictimai rəyində hakimiyyət əleyhinə işləməsi mümkünmü? Cəmiyyət daha çox kimə inanır və ya inanacaq?

Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda bu tip iddiaların yenidən aktuallaşdırılması təsadüfi deyil: “Sülh gündəminin real müstəviyə keçməsi, Azərbaycanla münasibətlərin normallaşması perspektivi Ermənistan daxilindəki müəyyən siyasi dairələrin maraqlarına ziddir. Revanşist media strukturları, xüsusilə də keçmiş hakimiyyətə yaxın qruplar üçün sülh prosesi ictimai təsir vasitələrinin itirilməsi deməkdir. Onlar "blokada", “təhlükə”, “təslimçilik” kimi ritorikalarla öz elektoratını qorumağa, Ermənistan cəmiyyətində qorxu sindromunu yenidən canlandırmağa çalışırlar. Bu ritorikanın kökündə isə müharibə psixologiyasından çıxmaq istəməyən siyasi zehniyyət dayanır. Halbuki yeni regional reallıqda Azərbaycan diktə edən tərəf deyil, real əməkdaşlıq təklif edən tərəf kimi çıxış edir. Azərbaycanın bu addımı həm Bakı-İrəvan dialoquna inamı artırmaq, həm də regionda nəqliyyat əlaqələrinin bərpasına töhfə vermək məqsədi daşıyır. Prezident İlham Əliyevin məlum açıqlamasında da bu məqam açıq şəkildə ifadə olunur: Azərbaycan blokada siyasəti yürütmür, əksinə, postmünaqişə mərhələsində iqtisadi inteqrasiyanın təşəbbüskarıdır.
Bu yanaşma həm beynəlxalq ictimaiyyət, həm də regionun sülh tərəfdarları tərəfindən məsuliyyətli liderlik nümunəsi kimi qəbul edilir. Ermənistandakı revanşist qüvvələr isə Azərbaycanın bu xoşməramlı addımını xislətlərinə uyğun olaraq şərh edir və erməni ictimaiyyətini çaşdırmağa çalışırlar".
Deputat qeyd etdi ki, Ermənistanın daxili informasiya mühitində obyektivlik çox vaxt təhrif olunur: “Çünki reallıqlar revanşistlərin illərlə formalaşdırdığı "Azərbaycan təhdidi" mifini dağıdır. Ermənistan cəmiyyətinin böyük hissəsi artıq müharibə ritorikasından bezib. 2020-ci ildən sonra ard-arda baş verən sosial-iqtisadi çətinliklər, mühacirət və siyasi xaos fonunda əhalinin bir qismi reallığı qəbul etməyə məcbur olub. Son ictimai rəy sorğuları da göstərir ki, Ermənistan vətəndaşlarının əhəmiyyətli hissəsi sülh sazişinin imzalanmasını dəstəkləyir. Bu isə o deməkdir ki, radikal dairələrin təxribatçı bəyanatları artıq əvvəlki kimi kütləvi təsir gücünə malik deyil. Lakin informasiya manipulyasiyası təhlükəsi hələ də qalır. Ona görə də Ermənistan rəhbərliyinin informasiya siyasəti daha sistemli və şəffaf olmalı, Azərbaycanla açıq dialoqun siyasi dəyəri ictimaiyyətə aydın şəkildə izah edilməlidir".
E.Mirzəbəyli vurğuladı ki, Azərbaycan regionda sülh və sabitliyin strateji dayağı kimi çıxış edir: “Prezident İlham Əliyevin qərarı revanşist dairələrin təbliğatına baxmayaraq, humanist və uzaqgörən siyasi qərardır. Ermənistanın gələcəyi, onun iqtisadi inkişafı və təhlükəsizliyi məhz bu yanaşmanın qəbul edilməsindən keçir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ