İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan birliyinin əsası necə qoyuldu?

“Bir millət, iki dövlət” şüarı “bir millət 6 dövlət” şüarına çevrilir

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana iki günlük dövlət səfəri Türk dünyası ölkələrinin münasibətlərinin daha da yaxınlaşmasına xidmət etdi. Azərbaycanla Qazaxıstan arasında tarixi dostluq-qardaşlıq münasibətləri hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə dərin özülü qoyulmuş münasibətlərdir. 

Heydər Əliyev Türk dünyasının birliyinə Qazaxıstan da daxil, digər türkdilli respublikaların ikitərəfli münasibətlərinin dərinləşdirilməsi ilə nail olmağın ən effektli yol olduğunu çıxışlarında ifadə edirdi. Ulu öndər bu siyasi xətti çıxışlarında ifadə etməklə təbii ki, kifayətlənmirdi, praktiki addımlarla, türkdilli ölkələrə səfərlərlə, əməkdaşlığı dərinləşdirməklə Türk dünyasının birliyinin təməlini qoyurdu. Heydər Əliyevin azərbaycançılıq ideologiyası eyni zamanda vahid türk birliyində cəmləşməyi də özündə ehtiva edir. Heydər Əliyev və Türk dünyası geniş bir mövzu olaraq, Azərbaycan xalqının Ümummilli liderinin ayrı-ayrı türk dövlətləri və xalqları ilə çoxcəhətli əlaqələrini özündə cəmləşdirir. Heydər Əliyevin türk dünyası ilə siyasi, diplomatik, iqtisadi, sosial, hərbi sahələri əhatə edən çoxcəhətli fəaliyyətində elm, təhsil, ədəbiyyat və incəsənət istiqamətlərinin də özünəməxsus yeri və əhəmiyyəti var. 

Elman Nəsirov sosial şəbəkədə yayılan videodan danışdı - Oxu.az

Elman Nəsirov

Bu barədə “Yeni Müsavat”a danışan deputat Elman Nəsirov tarixi nümunə olaraq xatırlatdı ki, Ümummilli lider Heydər Əliyev hələ sovet hakimiyyətinin Türkiyə Cümhuriyyəti ilə əlaqələrinin ən çətin və gərgin olduğu XX əsrin yetmişinci illərində qardaş ölkənin o zamankı tanınmış dövlət xadimi Süleyman Dəmirəllə ünsiyyət yaratmış və dostluq münasibətləri qurmuşdu: “Məqsəd şübhəsiz ki, bu yolla Türkiyə ilə Azərbaycan arasında əlaqələr yaratmaq idi. Zaman göstərdi ki, dünyamiqyaslı siyasətçinin qurduğu dostluq əlaqəsi uzun illər sonra Azərbaycanın ən çətin günlərində köməyə çatdı. 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasının ermənilər tərəfindən işğalının qarşısının alınmasında və Qarabağ məsələsinin həlli proseslərində Azərbaycan üçün son dərəcə faydalı olmuşdur. Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin özünün xüsusi təyyarəsi ilə Naxçıvana gəlib, burada böyük və etibarlı dostu Heydər Əliyevlə birlikdə işğalçı Ermənistana sərt bəyanatlar səsləndirməsi XX əsrin doxsanıncı illərinin mürəkkəb dövründə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi. Süleyman Dəmirəlin Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində salınmış Ümid körpüsünün açılışı mərasimində Heydər Əliyevlə birlikdə iştirak etməsi və nitq söyləməsi təkcə Azərbaycan üçün yox, Türk dünyasından ötrü son dərəcədə əhəmiyyətli hadisə idi. Türk dünyasının iki nəhəng liderinin 28 may 1992-ci il tarixdə Araz çayı üzərində açdıqları Sədərək-Dilucu Ümid körpüsü yalnız Azərbaycanla deyil, bütün Türk dünyası ilə Türkiyəyə əhəmiyyətli bir qapının açılması demək idi”.

Deputat qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri və bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən “Bir millət, iki dövlət” düsturu öncə Azərbaycanla Türkiyənin milli şüarına çevrilmişdisə, artıq bütün türk dövlətlərinin “bir millət 6 dövlət” şüarına çevrilərək türk dünyasını birləşdirir: “Dahi lider bildirirdi ki, gün gələcək türk dövlətləri vahid bir orqanizm halında ittifaq quracaqlar. Hazırda Türk dünyasının ortaq problemlərini istiqamətləndirmək, qarşılıqlı əməkdaşlıq, birlik və həmrəylik missiyasını nüfuzlu beynəlxalq təşkilat kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatı uğurla həyata keçirir. Bütün bunlar isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən arzularının həyata keçirilməsi deməkdir. Bu gün mövcud olan və güclənməkdə davam edən Türk Dövlətləri Təşkilatı Heydər Əliyevin bir zamanlar söylədiyi bu fikrin də reallığa çevrildiyinin təsdiqidir”.

Həmsöhbətimiz onu da dedi ki, Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Qazaxıstanda və Özbəkistanda baş verən gərgin hərbi-siyasi hadisələr zamanı Siyasi Büro səviyyəsində qazax və özbək xalqlarının mənafelərini müdafiə etməsi bütün tərəfləri ilə bir sırada həm də onun ortaq türk köklərinə bəslədiyi yüksək münasibətin ifadəsi idi: “Ulu öndərin türk xalqlarına münasibəti müasir dövrün siyasi hadisələrindən ortaq folklor abidələrinə qədərki geniş mənaları əhatə edirdi. Türk dünyasının ortaq dəyərlərinə xüsusi ehtiram bəsləmiş dahi şəxsiyyətin "Kitabi-Dədə Qorqud", “Manas”, “Koroğlu” kimi folklor abidələrinə böyük ehtiramla yanaşması nəticə etibarilə onun ortaq türk köklərinə inamının və etibarının ifadəsi idi. Ulu öndər Heydər Əliyevin Türk dünyası ilə əlaqələri ortaq köklərə malik olan xalqlar arasında siyasi etimad, qarşılıqlı əməkdaşlıq, ədəbiyyatlar və mədəniyyətlər arasında dialoq və sair kimi istiqamətlərdə artıq tarixə çevrilmiş hadisələrdən geniş şəkildə bəhs etməyə imkan yaradır. 

Hazırladı: Etibar Seyidağa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR