İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan SENSASİON YAZI: "Zəfərimizin həqiqi müəllifini söyləyəndə Ərdoğanın nüfuzunu..."

44 günlük müharibə günlərində qlobal erməniçiliyin və Ermənistanın himayədarlarının ölkəmizə qarşı apardığı genişmiqyaslı hibrid savaşın birinci tezisi Azərbaycan ordusunun qazandığı uğurları Yaxın Şərqin muzdlu hərbi birləşmələrinə bağlamaq idi. Böhtanları yüksək tribunalardan səsləndirən dövlətlər, siyasətçilər indi Rusiya-Ukrayna savaşında döyüşən on minlərlə beynəlmiləl silahlı qüvvələri “görmürlər”. Ötən 4 ildə  aparıcı dövlətlərin kəşfiyyat dosyelərində, Bellingcat və digər platformalarda, məxfi xidmət orqanlarının tribunasına çevrilən Lindsey Snell və onlarla digər jurnalistin bizi hədəf seçən gündəlik dezinformasiylarında sözügedən iddialar təsdiqini tapmadı.  

İkinci istiqamət, Türkiyə ordusunun generaliteti və instruktorları ilə bağlı tüğyan edən, hətta bir-biri ilə hazırda düşmən Amerika-Rusiya və Qərb mediasında  Qarabağın döyüş meydanlarında Azərbaycan ordusu ilə yanaşı, türk hərbi qüvvələrinin iştirakına dair gündəlik rejimdə aparılan çirkli kampaniya idi. Xatırlayırsınızsa, pandemiyanın pik vaxtında hətta Mərkəzi Kəşfiyyat İdarəsinin belə ölkəmizin ermənilərin təxribatına cavab olaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlayacağına inanmadığına dair şübhə doğurmayan mövqeləri yayıldı, Ağ Evə belə dosyelərin verilmədiyi haqda mötəbər məlumatlar dərc olundu. “Qafqazda fırtına” adlı əsərdə  nüfuzlu beynəlxalq ekspertlər vurğulayırdılar ki, Azərbaycan nəinki hərbi və iqtisadi cəhətdən düşməndən bir neçə qat güclüdür, o cümlədən, savaşa atılmaq üçün seçdiyi xaxt və dünyada mövcud geosiyasi konyunkturanı düzgün nəzərə alması Qələbənin başlıca səbəblərindən olub.

Silsilə iftiralardan biri də döyüş meydanlarında ermənilərin ardıcıl məğlubiyyətini, çətin coğrafi şəraitdə  milli ordumuzun qəhrəmanlıqlarını inkar edib, müharibəni qlobal razılaşmaların, yaxud Türkiyə, Rusiya və Azərbaycan arasında strateji sövdələşmənin nəticəsi kimi qələmə vermək idi. Göründüyü kimi, dövlətimizin uzun illər Ermənistanı iqtisadi, mədəni, siyasi, diplomatik, informativ  və güclü ordu quraraq, sonda düşməni hərbi məğlubiyyətə uğratdığını inkar edən qlobal şəbəkənin əsas məqsədi Qələbəmizi əlimizdən almaq, onu 2-ci və ya 3-cü dövlətlərin xidmətinə yazıb özgəninkiləşdirmək və nəticədə, xalqımızın tarixi Zəfərini mənimsəmək istəyirdilər. Ermənilərin 30 il əzrində apardığı dünyəvi kampaniya və mif quruculuğu-Qafqazın güclü ordusu və  dünya millləti nəzəriyyəsini ayaqda saxlamaq, onu puç olmağa qoymamaq üçün ən müxtəlif dövlətlərin qeyr-rəsmi səfərbərliyi ortadadır.

 

28 uyulda Rəcəb Tayyib Ərdoğanın AKP-nin Rizə toplantısında səsləndirdiyi “Qarabağa və Liviyaya girdiyimiz kimi, bunun bənzərini onlara da edə bilərik”, bəyanatının əsas hədəfi fələstin xalqı  ilə həmrəylik və antiİsrail mövqeyi olsa da uzun illər, “Qələbəni Azərbaycan qazanmayıb”,  deyən və “1 milyonluq türk ordusu qarşısında biz nə edə bilərdik”, təbliğatçıları dirildilər,  iki qardaş ölkənin münasibətlərinə çoxdan zərbə vurmaq istəyənlər, bölgədə geosiyasi inqilabi qəbul etməyib sülh danışıqlarında moderator adı ilə sərhəddə müşahidə missiyasi libasında kəşfiyyat qrupu yerləşdirən NATO dövlətləri inhisarlarında olan media quruluşları ilə son 3 gündə fəal şəkildə  Türkiyə rəhbərinin açıqlamasını müharibənin nəticələrinin təftişi istiqamətində istismar edirlər.

 

Sual etdiyiniz “Azərbaycan qəzeti”nin təhlil yazısının əsas məqsədi 4 il əvvəl apardığımız müharibədə iki dövlətin hərbi-siyasi  rolunu nəinki aydınlaşdırmaq, yaxud Zəfərimizi qardaşlarımızdan qorumaq, iki liderin birincisinə-öz milli lderimiz İlham Əliyevə üstünlük qazandıraraq digərinə aşağı yer vermək və beləliklə, düşmənlərə arqument qazandırmaq deyil, tam  əksinə, bütün tezisləri parlaq, 21-ci əsrdə hələ ki, tək olan Qələbəmizi haqlı olaraq, Ulu öndərin adı ilə bağlı olan kursa, Ali Baş Komandanın liderliyi ilə millətimizin hər bir sıra nəfərini və ordumuzu müqəddəs müharibəyə 17 ildə hazırlamağa, 3 əsrlik məğlubiyyət silsiləsini durdurmağa, qaçqınlıq və köçkünlük sindromuna  son qoymağa, eləcə də bizə o dövrdə mənəvi-siyasi dəstək verən dövlətlərə, Türkiyə və Azərbaycan arasında son bir əsrdə tale və can birliyinə son dərəcə qədirbilən, təvazökar şəkildə və haqqımızı başa vurmadan, obyektiv, balanslı nəzərə salmaqdan ibarət olub. Ona görə də ermənilər belə təhlilləri “ura” ilə qarşılayıb, birliyə zərbə vurduqlarından sevinməsinlər.

Zəfərimizi hifz etmək, keşiyində durmaqda iqtidar və müxalifət ayrıseçkiliyi olmamalıdır. “Nə qədər müasir silahlara sahib olsaq da, bayrağı sancan, torpağı azad edən əsgərdir”, deyən İlham Əliyevin hətta özünün qlobal liderliyini, bütün beynəlmiləl savaşlara yol vermədən, son 4 ildə regional və beynəlxalq təhlükələri düzgün dəyərləndirib bölgəmizdə hərbi toqquşmalara yol vermədən, Qarabağ üzərində tam və qəti qələbə qazanması müstəsna olaraq, Azərbaycan dövlət başçısının, millətimizin və ordumuzun xidmətidir. Əgər bizim iradəmizdən kənarda belə polemikalara cəlb olunmuşuqsa, bütün ölkəmizi bürüyən türk və pakistanlı bayraqlarını kimsə döyüş meydanlarında canını verən azərbaycanlı şəhidlərdən uca yerdə göstərməsin. Məgər gerçəkləri söyləyəndə, haqlı mövqeyimizi Ankarada, Bişkekdə, Astanada, yaxud bütün islam paytaxtlarında kimsə kədərlə qarşılayıb deməlidilər ki, nədən həqiqəti öz adı ilı çağırırsınız? Qardaşlıq qan, din  və mədəni bağlardan çox, ilk növbədə, haqqın, ədalətin üzərində inşa olunan birlikdir.  Bizim qələbəmiz azadlıq tərəfdarı olan bütün xalqların və dövlələrindir, lakin canını və qanını verənlərin mərtəbəsi və haqqı mənəvi səngərdə olanlardan  Ucadır.  

50-dən artıq dövlətin 300 milyard dollardan artıq hərbi, maliyyə, humanitar yardımı ilə Rusiya qarşısında hələ də ağır torpaq və fiziki itkilər verən qəhrəman Ukrayna xalqının acı  taleyi sübut edir ki, lider amili və milli ordunun savaşını heç bir dünya hökmdarı, jandarm dövləti, müttəfiq qüvvəsi, legioner birləşməsi və hərbi ittifaqı əvəz etmir.

Türkiyə dövlət başçısının  açıqlamasından tutarqa kimi, “görürsünüz azərbaycanlılar bizə döyüş meydanında qalib gəlməyiblər”, deyə nəticə çıxaran militarist ermənilər növbəti faciəyə can atırlar. 90-cı illərdə Azərbaycana əl uzatmağa risq etməyən Süleyman Dəmirəl və digər türk liderlər 2020-ci ildə sağ olsaydılar, tərəddüdsüz ölkəmizin müharibədə müdafəsinə qalxardılar.  Çünki 24 milyard dollardan artıq investisiyanı qardaş ölkəyə yatıran, strateji layihələrlə Türkiyəni gücləndirən və onlarla regional-beynəlxalq gərginlik zamanı Ankaranın əsil siyasi qoruyucusu olan Azərbaycan dövləti qazandığı hərbi Qələbələrlə bütün türk dünyasının beynəlxalq gücünü və siyasi çəkisini artırıb. Kim belə uğura şərik olmaqdan imtina edər? Biz Zəfərimizin həqiqi müəllifini söyləyəndə Ərdoğanın, Tokayevin, Caparovun, yaxud Orbanın nüfuzunu azaltmırıq, əksinə artırırıq. Lakin 30 il əvvəlki işğala heç kəs sahib olmaq istəməz. Son 20 ildə  bir ölkənin prezidenti millətini toparlayıb ordusu ilə qalibiyyətə gətiribsə, Qələbənin birinci, müstəsna və şəriksiz müəllifi odur. Müharibə 17 il üstəgəl 44 gündə baş verib. Ona görə bütün tribunalardan deməliyik- Konrad Adenauerin kiçik nailiyyətlərlə əsasını qoyduğu və soyuq savaşı qazanıb birləşən Almaniyadan fərqli olaraq, Azərbaycan hərbi meydanlarda qan tökərək bütövləşib.

Biz müasir silahları, təyyarələri peşəkarlqıla idarə edən, Şuşanı və Xankəndi zirvəsini döyüş əməliyyatları ilə qazanan oğullarımızın yanında Türk Dövlətləri Birliyinin əsgərlərinin, Qərb qoşunlarının, yaxud Kollektiv Müqaviləçilərin olmasına yol verməyərək, 3-cü dünya savaşından yayına bilmişiksə, bunu yalnız alqışlamaq gərəkdir. Ona görə prezident “qlobal layları tərpətmişik”, deyir.

İndi azad torpaqlara  Marşal planı elan edib milyardlarla yardım göstərən türk-islam birliyini gerçəkdən yanımızda görmək istərdik. Bəli, məhz dinc quruculuqda. Erməni zəlzələsinə 30 ildir məruz qalan ərazilərə bizim kimi təkcə bir ölkə 100 milyon dollarlıq yardım göstərsəydi, beynəlxalq donor konfrasları keçirib bütün dünyadan kömək almaq olardı. Təəssüf ki, onlar  yoxdur, bir məktəbə görə millətəmizin üstünə kimsə haqq qoymaz. 1.2 trilyon dollarlıq ÜDM-ə, 152 milyonluq əhaliyə malik bir coğrafiya Belarus dövləti qədər açıq və prinsipial şəkildə Qələbəmizin beynəlxalq legitimliyinə dəstək verməlidir.

Uzaq Afrikaya daxil olan türk ordusu qlobal savaş səbəbindən hələ də bütöv və vahid Liviyaya nail ola bilmir. Ölkənin güclü lideri olmayanda  və etnik, siyasi, hərbi parçalanmadan əziyyət çəkəndə Tripolidə bir, Benqazidə başqa rəhbər hökmranlıq edəcək.

Qardaş ölkənin müharibədən sonra Ağdamda Monitorinq Mərkəzində olmasını yüksək qiymətləndirməklə bərabər, Cənubi Qafqazda yaratdığımız yeni qüvvələr nisbəti ilə yanaşı, bir daha tarixə qayıdaraq, deyək ki,  Çanaqqala savaşında və Bakının azadlığı uğrunda şəhid olanların  şərəfli qəhrəmanlıq salnaməsi 44 günlük  savaşda məhz Azərbaycan ordusu tərəfindən Qarabağda təkrarlanıb. Ona görə də ümidvarıq ki, türk dünyasında Qələbəməzin öz adı ilə tarixə düzgün yazılmasında, dərsliklərə və ədəbiyyata daxil edilməsində hamı obyektivlik göstərəcək.

zahiddd.jpg (129 KB)

Zahid Oruc,
Milli Məclisin deputatı,
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR