İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: ”Müharibə və münaqişə insan alverçilərinə çeşidli istismar imkanları yaradır”

"İki gün öncə Ulu öndərin anadan olmasının 100 illiyi xalqımız tərəfindən yüksək təntənə ilə qeyd edildi.Yaranma tarixi müstəqil dövlətçiliyimizlə bir vaxta düşən Azərbaycan Daxili İşlər orqanlarının keçdiyi inkişaf yolu, Heydər Əliyevin suveren hüquq-mühafizə siyasətinin birbaşa nəticəsidir. Azərbaycan son onilliklər daxili təhlükəsiliyin və sabitliyin yüksək səviyyədə qorunduğu ölkələr sırasındadır. Müzakirəsinə toplaşdığımız “İnsan Alverinə qarşı mübarizəyə dair İllik Məruzə-Məlumat müstəqillik illərində ardıcıl inkişaf edən DİO-larının, qanunvericilik və icra siyasətinin parlament səviyyəsində qiymətləndirilməsi deməkdir".

Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc səsləndirib.

Zahid Orucun çıxışının tam mətnini təqdim edirik:

"1992-ci ildə BMT tərəfindən , 14 transmilli cinayət növünün—terrorozm, qanunsuz silah alveri, quldurluq və s.-lə yanaşı, onların sırasına insan alveri və insan orqanları ilə alver də daxil edildi. BMT-nin İnsan Hüquqları Komissiyası 60-cı sessiyasında 2004/110 saylı qərar qəbul etdi və bu qərara əsasən, üç il müddətinə İnsan Alveri, Xüsusilə də Qadın və Uşaq Alveri Üzrə Xüsusi Məruzəçinin təyin edilməsi barədə qərar qəbul etdi.

Beləliklə, İnsan alveri üzrə Məruzəçi həm beynəlxalq səviyyədə, həm də ölkəmizdə, yeganə və çox önəmli beynəlxalq insan hüquqları mexanizmidir. Bu mandat qlobal olmaqla yanaşı, yerli vətəndaş cəmiyyəti ilə geniş vəhdət təşkil edilir. Ona görə də bir neçə gün əvvəl Milli Məclisin iki komitəsində İllik Məlumatın hərtərəfli müzakirəsi 10-a qədər QHT təmsilçisinin iştirakı və millət vəkillərinin sənədə qiymət verməzdən əvvəl DİN yanında sığınacağı ziyarət etmələri, yüksək standartlara cavab verən şəraitlə tanışlığı müsbət məqamlar kimi dəylərləndirilə bilər.

Bildiyiniz kimi, İnsan alveri transmilli bəladır və ona qarşı effektiv mübarizə Azərbaycannın bir neçə səviyyədə: milli, Avropa və BMT səviyyəsində iştirakı zəruridir. BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) çərçivəsində Azərbaycan İnsan alverinə qarşı mübarizənın təmin edilməsinə öz töhfəsini verir. İnsan alveri çərçivəsində istismarın bir neçə forması var: cinsi istismar, məcburi əmək, məişət köləliyi, orqan alveri, məcburi cinayət və dilənçilik.

Qlobal mənzərə. Reytinqlərdə yerimiz:

Beynəlxalq “Qlobal köləlik indeksi”nin ( Global Slavery İndex)189 ölkədə apardığı sorğunun 2021-ci il üçün nəticələrinə görə bu gün 49,6 milyon insan müasir köləlik şəraitində yaşayır. Bu da Niderland və Polşanın birlikdə götürülən əhalisinə bərabər olub, 2017-ci illə müqayisədə 10 milyon nəfər çoxdur. Davamlı İnkişaf Məqsədləri proqramına görə bu dünyada hər 150 nəfərdən biri deməkdir.

İnsan alveri kimi ictimai təhlükə törədən cinayətin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin mühüm bir qismini profilaktik və maarifləndirmə tədbirləri təşkil edir. Çünki insan alveri həm də mürəkkəb sosial hadisədir. İnsan istismarının xarakteri yoxsulluğun yayılması, əmək bazarında seqreqasiya, əhalinin çoxsaylı kontingentlərinin səmərəli məşğulluq, təhsil, sosial müdafiə və digər resurslara çıxışının məhdudlaşdırılması ilə sıx əlaqəlidir.

Təqdim edilən Məlumatda, bu sahədə dövlət siyasətinin beynəlxalq səviyyədə tanınan insan alverinin qarşısının alınması və ona qarşı mübarizə siyasətinin təşviqi üzrə 4 istiqamət üzrə fəaliyyət və tədbirləri özündə əks etdirir: 1) bu fenomenin qarşısının alınması; 2) qurbanlara yardım və müdafiə; 3) cinayətkarların təqibi və 4) bu fenomenin transmilli olduğunu nəzərə alaraq beynəlxalq əməkdaşlıq.

Təqdirəlayiq hadisədir ki, insan alveri sahəsində qlobal indeks və reytinqlərdə Azərbaycan bu cinayətkarlıqla mübarizənni dəyərləndirilməsində ardıcıl olaraq irəliləyən indikatorlara malikdir. Məs, Qlobal Mütəşəkkil Cinayətkarlıqla bağlı beynəlxalq indeksində (Global Organised Crime İndex) qonşu dövlətlər: İran və MDB-dən bir çox ölkələr arzuolunmaz sıralarda yer alsa da, Azərbaycan orada yoxdur. https://ocindex.net/rankings/human_trafficking

Yaxud, Uşaq alveri ilə bağlı -- Child Trafficking by Country 2023--son qlobal indexdə də vəzyyət ürəkaçandır. https://worldpopulationreview.com/country-rankings/child-trafficking-by-country

BMT-nin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) 2009-cu ildən başlayaraq, “İnsan Alverinə dair Qlobal Hesabat”- “Global Report on Trafficking in Persons”lar hazırlayır.

https://www.unodc.org/documents/data-and-analysis/glotip/2022/Eastern_Europe_and_Central_Asia.pdf

Ötən 2022-ci illə bağlı son Hesabatda Ermənistan bu sahədə görülən işlərlə bağlı səhifə demək olar ki, boş qalıb. Sitat:
- Ermənistan. İnsan alveri ilə bağlı fəaliyyətlər, istintaq və axtarış tədbirləri”-bölümündə yazılır:
Araşdırma və cinayətkarların təqibi:

2017-2020-ci illər arasında Ermənistan hakimiyyəti tərəfindən insan alveri ilə bağlı araşdırma və ya təqiblər barədə heç bir məlumat verilməyib. 2017-2019-cu illər arasında insan alverinə görə heç bir məhkumluq olmayıb.

Qurbanlar :2017-2020-ci illər arasında Ermənistan hakimiyyəti tərəfindən insan alveri qurbanları barədə heç bir məlumat verilməyib. Hesabatda Mənbə kimi: Ermənistan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti-göstərilib.

BMT-nin Hesabatında əlifba sırası ilə sonra gələn Azərbaycanla bağlı səhifələrdə isə illər üzrə tam statistik-infoqrafik məlumatlar yer alıb. Azərbaycanla bağlı bütün hesabatlar yerləşdirlib.

BMT-nin sözü gedən Hesabatlarında daha bir məqam diqqəti cəlb edir: https://reliefweb.int/report/world/global-report-trafficking-persons-2022

Belə ki, İnsan Alverinə dair Qlobal Hesabat da xüsusi olaraq vurğulanır ki, sitat: müharibə və münaqişənin insan alverçilərinə çeşidli istismar imkanları yaradır. Hazırda gedən Ukraynadakı müharibə məcburi köçkünlər üçün insan alveri riskini artırıb. Münaqişələr nəticəsində yaranan qurbanların əksəriyyəti Afrika və Yaxın Şərq ölkələrindən gəlir və insan alverinə məruz qalır.

Bu o deməkdir ki, Azərbaycan-Vətən müharibəsində Zəfər qazanmaqla dünyanın ən uzunmüddətli münaqişəsinə son qoymaqla, həm regionda və dünyada insan alveri ilə mübarizəyə çox böyük töhfələr verib.

Hörmətli həmkarlar! İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair" 2022-ci illə bağlı Məlumatı-8 bölmədən ibarətdir.

Bölmələrdə müasir qlobal problemin-insan alveri ilə mübarizənin əsas istiqamətləri: “ Qanunvericilik”, “Profilaktika və maarifləndirmə, təlim və treninqlər” , “Beynəlxalq əməkdaşlıq” , “Məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər”, “Cinayət təqibi və qurbanlarla iş”, “Qarşıda duran vəzifələr”, “İnsan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəricilər” adlı ən mühüm fəaliyyətlərin nəticələri yer alıb.

Sahədə mövcud olan vəziyyətlə bağlı ətraflı və sistemli mənzərə təqdim edilib. Hesabatın son illərdə daha da genişləndirilən, keyfiyyət əsaslı təhlili və statistik əlavələrdən ibarət infoqrfikalarla müşayiət edilməsi hər kəsə bu sahə ilə bağlı tenedensiyları qiymətləndirməyə imkan verir, mötəbər məlumat bazası kimi çıxış edir.

Beynəlxalq dəyərləndirilmələrdə xüsusi diqqət yetirilən “Cinayət təqibi və qurbanlarla iş” bölməsində isə, milli səlahiyyətli strukturlarımızın öz üzərinə düşən vəzifələri bütün əhatəliyi ilə yerinə yetirməsini görmək olar. Xüsusi vurğulayaq ki, ötən il xüsusi İdarələrarası Komissiyasının yaradılması sahəsində mühüm qanunverici addımlar atıldı. Lakin əsas ağırlıq Daxili İşlər nazirliyinin üzərindəndir. Nazir hörmətli Vilayət Eyvazonun on illər ərzində Milli Koordinator kimi həm daxili, həm də beynəlxalq təcrübəni yaxşı bilməsi mühüm hakimiyyət orqanları, o cümlədən parlamentlə və vətəndaş cəmiyyyəti institutları ilə yüksək səviyyəli əməkdaşlıqda mühüm rol oynayır.

Sitat: “Görülən işlərin nəticəsi olaraq ölkəmizdə insan alveri və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektivliyi həm ABŞ Dövlət Departamentinin 2021-ci ildə yayımladığı illik hesabatda, həm də, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (QRETA) və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərində xüsusi vurğulanmış və 1-ci qrup ölkələr siyahısında yer almaq imkanı əldə etmişdir”.

Tövsiyə xarakterli məsələ yeni mübarizə formaları və mexanizmlərinin yaradılması ilə bağlıdır. Məs. dünya təcrübəsində rayon və yerli komitələrdən dəstək qrupları/ İşçi qrupları mübarizə aparmaq üçün hərəkətləri koordinasiya etməyin təsirli bir vasitəsidir.

• Daha bir məsələ, məcburi əmək və uşaq əməyi istismarı ilə bağlı bu sahədə çalışan QHT-lərin passivliyi ilə bağlıdır.

• Qarşıdakı ildə Koalisiyanın işinin yenidən qurulması, onlara maliyyə yardımının artırılması və fəaliyyət formatının yenilənməsi QHT-lərin fəallığa təkan verərdi.

• Eyni zamanda, beynəlxalq təcrübədə “qurbanlarn müdafiəsinin insan haqları çərçicəsində həlli”, “qurban” anlayışından, “cinayət dəhşətlərni yaşayan və ona qarşı mübarizə aparan fəal şəxs” vəziyyətinə keçid baş verib. Yəni, “hər hansı qurbanın aşkar edilməsi, hüquqlarının müdafiəsi mərhələsindən onun özünün İnsan alverinə qarşı mübarizə sıralarında fəala çevrilməsi”- mübarzinənin fefektivliyinin artırılmasında mühüm bir yenilikdir. Beləliklə, bu həyatı yaşayanlar insan alverinə qarşı qəti mübarizlərə çevrilirlər. Hər il ABŞ Dövlət departamenti dünya üzrə bu cür 10 fəal aşkarlayır, onları mükafatlandırır və ölkələrin mövqeyini irəliyə çəkirlər. Qazaxstan, Moldova və s-dən belə fəallar təqdim olunub. Sual yaranır? Məgər Azərbaycanda belə nümunələr yoxdurmu, yaxud onları dünyaya təqdim etmək mümkün deyilmi? Hesab edirik ki, bu məsələdə yenə də Vətəndaş Cəmiyyətinin passivliyi özünü göstərir və bunun tezliklə aradan qaldırılacağına ümid edirik.

Yekun olaraq qeyd edək ki, vətəndaşlarımızın sabit və təhlükəsiz şəraitdə yaşamasının, cinayət əməllərindən qorunmasının təmin edilməsi sahəsində bütün əsas beynəlxalq hüquqi sənədlərə qoşulan, dünyada sabitliyin qorunması sahəsində ən öncül sırada duran Azərbaycan güc strukturları insan alveri sahəsində də öz işini ildən ilə təkmilləşdirməkdədir. Bu nəticələr Məlumatı müsbət və qənaətbəxş sənəd kimi dəyərləndirməyə imkan verir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR