İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanın Müdafiə Nazirliyi Türkiyənin “Meteor” almaq istəyindən narahatdır  

 

Yunanıstanın milli müdafiə naziri Nikos Dendias Fransa səfiri Laurens Auerdən Türkiyəyə mümkün “Meteor” raketlərinin satışı ilə bağlı izahat istəyib.

Musavat.com xəbər verir ki, nazir bu barədə X-da məlumat verib.

N.Dendias fransalı səfir Laurens Auer ilə Xarici İşlər Nazirliyində görüşdüyünü və ondan Fransanın iştirak etdiyi konsorsium tərəfindən Türkiyəyə “Meteor” raketlərinin satışı ilə bağlı rəsmi məlumat istədiyini yazıb.

Nazir Fransanın Afinadakı səfirindən alınan məlumatdan sonra Yunanıstanın “Meteor” raketlərinin Türkiyəyə satışına qəti etirazını ifadə edib. “Mən Fransa səfirinə Yunanıstanın bu ehtimala kəskin etirazını bildirdim. Bu, iki ölkə arasında mükəmməl strateji münasibətlərə uyğun gəlmir”, - nazir deyib.

Qeyd edək ki, “Meteor” MBDA (Matra BAE Dynamics Aérospatiale) tərəfindən Avropanın ən güclü ortamənzilli hava raketlərindən biri kimi hazırlanıb. İngiltərə, Fransa, Almaniya, İtaliya, İspaniya və İsveçin birgə istehsalı olan raket xüsusilə “Eurofighter Typhoon” və “Rafale” döyüş təyyarələri üçün əhəmiyyətli üstünlük təmin edir.

Son vaxtlar Türkiyənin 40 “Eurofighter Typhoon” döyüş təyyarəsinin “Meteor” raketləri ilə təchiz edilməsi şərti ilə alındığı iddia edilir. Fransanın “La Tribune” qəzetinin yazdığına görə, bu tələb Afina ilə Paris arasındakı münasibətləri ciddi şəkildə sınaqdan keçirə bilər.

Bununla belə, “Meteor” raketlərinin ixracı konsorsiuma üzv ölkələrin razılığı ilə mümkün ola bilər. Türkiyə Böyük Britaniya və İtaliyanın razılığını alıb, lakin Fransanın veto hüququ kritik rol oynayır. Paris, mümkün satışın 2021-ci ildə Yunanıstan ilə imzalanan qarşılıqlı müdafiə əməkdaşlığı müqaviləsinə təsirini qiymətləndirir. Yunanıstan hökuməti isə Fransanın bu satışı təsdiqləyəcəyi təqdirdə Afina-Paris müdafiə əməkdaşlığına ciddi zərbə vuracağını düşünür. Buna görə də diqqət Fransanın verəcəyi son qərara yönəlib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR