Onlayn ictimai-siyasi qəzet
Düz 200 il əvvəl Rusiya hərbçiləri Qarabağa girəndir, hələ də çıxmayıblar. Onlar İran üzərinə buradan gediblər, İrəvanı, Zəngəzuru, Qarabağı “rus torpaqları”na qatıblar və ilişib qalıblar.
200 ildə Qarabağda yüzlərlə rus generalı, polkovniki at oynadıb, burada daha böyük rütbə alaraq, daha yüksək vəzifələrə gediblər.
Axırıncı dəfə Rusiyanın hərbçilərinin Qarabağa girməsi 2 il 10 ay 10 gün öncə olub. O vaxtdan bəri Qarabağdan 5 rus general-komandan gəlib-keçib: Rüstəm Muradov, Mixail Kosobokov, Gennadi Anaşkin, Andrey Volkov və Aleksandr Lentsov... İndi 6-cı gəlir - Kiril Kulakov.
Sanki Qarabağ bölgəsi rus generallar üçün sürgün yeridir, onları bura şərtlə göndərirlər, “5-6 ay dişinizi sıxın, sonra sizi başqa yerə dəyişərik” deyirlər.
Əslində isə Qarabağ rus hərbçilər üçün yaylaqdır, kurort zonasıdır, burada onların həyatına təhlükə yoxdur, necə deyərlər, yeyib-içib şellənirlər. Bir az məsuliyyətləri, bir az da səksəkələri var. Necə olmasa da, iki silahlı qüvvə arasında bufer olmaq asan deyil. Fəqət düşmən tərəflərin ikisi də aradakı hərbi qüvvələrə hələlik düşməncəsinə yanaşmır.
Qafqazda hərbi qüvvə, canişin saxlamaq, özünə loyal və itaətkar kadrlar kolonu formalaşdırmaq Rusiyanın 200 il öncədən başlayaraq yeritdiyi siyasətdir. İstənilən işğalçı dövlət belə edir.
Rusiya hələ də hesab edir ki, harada hərbi qüvvəsi varsa, o yerlərə ona məxsusdur. Ancaq Kreml onu da başa düşür ki, Qafqazdakı mövqeyi 50, 100, 150 il əvvəlki kimi möhkəm deyil, o, burada tam hökmranlıq etmək imkanını itirib. Yoxsa soyadı “yumruq” mənası verən Kulakovu “dəmir yumruq”un qarşısında durmaq üçün göndəriblər?
Hətta tərifli sovet dövründə belə Rusiya işğal edərək “xalqlar həbsxanası”na döndərdiyi, SSRİ adı qoyduğu imperialist dövlətin tərkibində olan müttəfiq respublikalara, muxtar qurumlara münasibətdə çar dövrünün üsul-idarəsini təbiq edirdi.
Çar dövründə hər regiona rus canişinlər təyin edildiyi kimi, sovet dövründə də hər respublikanın birinci və ikinci ən yüksək postuna, eləcə də dövlət təhlükəsizliyi komitələrinə, başqa strateji strukturlara mütləq slavyan mənşəli birini, yaxud sınaqdan çıxmış, qeyri-millətdən olan şəxsləri rəhbər təyin edir, yerli kadrlara etimad göstərmirdilər.
Məsələn, 1920-ci ildən 1933-cü ilə qədər Azərbaycan sovet respublikasının rəhbəri olan 11 nəfərdən cəmi 2-si azərbaycanlı, 9-u isə qeyri millətlərdən olub. Bunlar aşağıdakılar idi: Mirzə Davud Hüseynov (1894–1938), Viktor Naneyşvili (1878–1940), Yelena Stasova (1873–1966), Vladimir Dumbadze (1879–1934), Qriqori Kaminski (1895–1938), Sergey Kirov (1886–1934), Ruhulla Axundov (1897–1938), Levon Mirzoyan (1897–1939), Nikolay Gikalo (1897–1938), Vladimir Polonski (1893–1937), Ruben Rubenov (1894–1937).
Göründüyü kimi, bu qədər rəhbər kadrın cəmi biri - Yelena Srasova 1940-cı ildən sonranı görə bilib, qalan hamısı 1934-40-cı illər arasında güllələnib.
Maraqlı və olduqca utancverici detaldır ki, 1920-ci ilin oktyabrından 21-ci ilin iyuluna qədər Azərbaycana, ölkənin “odlu-alovlu”, “leninçi”, Müsavat hökumətini devirmiş kommunistlərinə rəhbərlik edən Qriqori Kaminskinin cəmi25 yaşı olub. Təəsvvür edin, günümüzdə 25 yaşlı, ali təhsilli, hətta xaricdə bakalavr və magistr təhsili almış, yerin altını-üstünü bilən müasir gəncləri ən aşağı pillədən işə götürürlər. Kaminski isə Azərbaycana 10 ay rəhbərlik edib. Nəriman Nərimanov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov, Ayna Sultanova, Çingiz İldırım, Ruhulla Axundov, Dadaş Bünyadzadə, Səmədağa Ağamalıoğlu və başqaları kimi yaşlı və təcrübəli inqilabçılar 25 yaşlı Kaminskiyə tabe imişlər.
Bu, o dərəcədə həqarətli durum olub ki, 1932-ci ildə Mərkəzi Komitənin birinci katibinin Vladimir Polonski, Nazirlər Sovetinin sədri Mircəfər Bağırov olduğu vaxt bir toplantıda Azərbaycan şairi, milli kadr Zülfüqar Əhmədzadə söz alaraq deyib: "Azərbaycan Kommunist Partiyasına uzun müddətdir ki, rubenlər, polonskilər, mirzoyanlar başçılıq edirlər. Mərkəzi Komitədə cəmi 9% azərbaycanlı işləyir, qalanı erməni, rus, yəhudi və gürcülərdir. Azərbaycanım məgər elə bir oğlu, kadrosu yoxmudur ki, rəhbər işləsin? Üstəlik, Qasımovu da bəyənmirsiz...”
Sonradan üstünə “xalq düşməni” adı qoyulmuş, həbs edilmiş, məruz qaldığı işgəncə və çəkdiyi iztirablardan sürgündə vəfat etmiş Z.Əhmədzadə sonuncu cümləni ona görə dilə gətirib ki, Bağırovla Polonski birləşərək Mərkəzi Komitənin ikinci katibi Yusif Qasımovun torbasını tikmək istəyirmişlər. Onlar bu məqsədlərinə çatır, Qasımovu güllə qabağına göndərirlər, amma Stalin edam siyahısında cüzi bir dəyişiklik edərək Y.Qasımovun cəzasını 20 illik həbslə əvəz edir.
1933-cü ildən sonra, nəhayət, Azərbaycana rəhbərlikdə M.Bağırovun simasında milli kadrlar bir az çoxalsa da, ölkənin ikinci ən yüksək vəzifə (Azərbaycan KP MK-nın ikinci katibləri) tutan şəxsləri yenə əsasən slavyan mənşəli olublar. 1930-cu illərdən ta 1991-ci ilə qədər aşağıdakı şəxslər ölkəmizdə rus canişini rolunu oynayıblar: Aleksey Aqrba, Pyotr Çeplakov, Dmitri Yakovlev, Andrey Malyutin, Vladimir Semiçastnı, Pyotr Yelistratov, Sergey Kozlov, Yuri Puqaçov, Vasili Konovalov, Viktor Polyaniçko.
İndi şükür, Moskvanın göndərdiyi siyasi canişinlərdən canımız qurtarıb, amma general-qubernatorlarla üzülüşə bilmirik. Biri gedir, biri gəlir.
Sonuncu rus hərbçi də Qarabağı, Azərbaycanın hüdudlarını tərk edəndən sonra bu regionda sülh və əmin-amanlıq olacaq.
P.S. Yazıda adı keçən Zülfüqar Əhmədzadə satirik şairimiz və bir sıra ymoristik tamaşaların ssenari müəllifi olan mərhum Rüfət Əhmədzadənin atası, jurnalist-yazar Zülfüqar Rüfətoğlunun babasıdır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ