Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsinin siyasi və ictimai düşüncəsində illərlə hökm sürən stereotipləri sarsıdan sensasion bəyanatla çıxış edib. O, erməni cəmiyyətinin Türkiyə türkləri və azərbaycanlılar haqqında illər boyu daşıdığı düşmən obrazının Rusiya tərəfindən formalaşdırıldığını açıq şəkildə etiraf edib.
“Biz deyirik ki, ‘türk heç vaxt dəyişmir’, amma Türkiyədə də eyni şeyi ermənilər haqqında deyirlər. Biz deyirik ki, ‘Azərbaycana necə etibar edə bilərik?”, onlar da eyni sualı ermənilər barədə verirlər. Biz deyirik ki, ‘biz tarixdən heç nə öyrənməmişik’, onlar isə cavab verirlər: ‘Siz tarixdən heç nə öyrənməmisiniz, əgər ermənilərlə sülh istəyirsinizsə. Biz KQB agentləri tərəfindən formalaşdırılmış bu düşüncə tərzindən azad olmalıyıq”.
Paşinyanın bu sözləri Ermənistanın postsovet təfəkkürünə, rus yönlü siyasi manipulyasiyalara və milli kimlik üzərində Erməni Kilsəsi vasitəsi ilə qurulmuş qorxu siyasətinə birbaşa zərbə kimi dəyərləndirilir. Baş nazir açıq şəkildə bildirir ki, erməni cəmiyyətinin türklərə qarşı nifrəti, qorxusu və inamsızlığı Moskva tərəfindən illər boyu “psixoloji silah” kimi formalaşdırılıb. Bu, indiyədək heç bir erməni liderinin dilə gətirmədiyi dərəcədə sistemli və ideoloji etirafdır.
Qeyd edək ki, Paşinyan artıq bir ildən çoxdur ki, öz çıxışlarında xalqının beyninə yeridilmiş “türk düşmənçiliyi” konsepsiyasının Moskva mənşəli olduğunu bu qədər açıq şəkildə dilə gətirir. Bu etiraf, nə qədər riskli olsa da, Cənubi Qafqazda sülh və rasional siyasət üçün yeni üfüqlər açır.
Onu da qeyd edək ki, aylar öncə baş nazir saxta “erməni soyqırımı” məsələsinin də Stalin dövründə, Türkiyəyə qarşı təzyiq elementi olaraq ortaya atıldığını bildirmişdi.
Bəs niyə məhz indi? Bu kimi cəsarətli demarşlar rəsmi Moskvanı nə dərəcədə ona qarşı qəzəbli və aqressiv edə bilər? Kremlin cavabı nə ola bilər?

Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan ümumiyyətlə xüsusilə son iki ildə ölkəsinin dövlət siyasətinin ideologiyası ilə bağlı çox cəsarətli mülahizələr yürüdür: “İlk növbədə o, virtual utopik Ermənistan ideologiyasına qarşı real Ermənistan ideologiyasını meydana çıxardı və erməni cəmiyyətində çoxlarını inandıra bildi ki, Ermənistan dövlətini hansısa qonşu dövlətlərin torpaqlarında yox, hazırda əlində olan 29 min kvadrat kilometrlik çərçivədə axtarmaq lazımdır. Bu, öz dövrü üçün çox cəsarətli fikir idi. Ondan sonra Paşinyan qondarma erməni soyqırımının ideoloji əsasları ilə bağlı erməni cəmiyyətində şok yaradan ideya irəli sürdü ki, “erməni soyqırımı” ilə bağlı şüarlar, ideologiya bizim cəmiyyətimizə Stalin tərəfindən ikinci dünya müharibəsindən sonra yeridilib. Çünki ikinci dünya müharibəsindən sonra NATO-nun cənub cinahında Türkiyənin SSRİ-nin əsas düşməni olduğuna görə, Türkiyəyə qarşı “erməni soyıqırımı” ideologiyası süni şəkildə körükləndi. Paşinyanın isə qeyd etdiyimiz iki cəsarətli ideyası indi erməni cəmiyyətində qəbul olunmaqdadır. Paşinyan özünün cəsarətli ideyalar silsiləsində növbəti ideyanı verib. Bu da ondan ibarətdir ki, erməni cəmiyyətini və Ermənistan dövlətini qonşulara qarşı yönəldən şüarlar və ideyalar əsasən KQB tərəfindən, sovet ideoloqları və SSRİ kəşfiyyatı tərəfindən ortalığa atılıb. Paşinyanın bu fikirləri tamamilə həqiqətə uyğun olan bir fikirdir. Dağlıq Qarabağ problemi də 1988-ci ildə məhz SSRİ KQB-sinin qeyd olunan ideologiyasının təsiri altında alovlanmağa başladı. Nikol Paşinyan isə bu gün erməni cəmiyyətini qonşularla normal münasibətlərdə olmağa təşfiq edən yeni bir ideologiya ortaya qoyur. Paşinyan bununla həm də erməniləri sülh sazişinə və sazişdən sonrakı dövrə hazırlayır”.
A.Quliyev dedi ki, Nikol Paşinyan Rusiyanın onun irəli sürdüyü yeni ideyaya müsbət yanaşmayacağı bəllidir: “Bunu erməni baş nazir özü də yəqin ki, bilir. Lakin göründüyü kimi Rusiyanın qəzəbini göz önünə alaraq mövqeyini ortaya qoyur. Paşinyanın bu fəaliyyəti Kremlin xoşuna gəlməyəcək. Paşinyanın “Ermənilərin Türkiyə türkləri və azərbaycanlılar haqqında illər boyu daşıdığı düşmən obrazı Rusiya tərəfindən formalaşdırılıb” fikrinə qarşı Mariya Zaxarovanın dərhal reaksiya verməsi də dediyimizə sübutdur. Zaxarova açıq şəkildə bildirdi ki, Ermənistanda siyasətçilərin “soyqırımı” ideologiyasından imtina etməsi Rusiya üçün çox təəccüblüdür. Sanki Zaxarova ermənilərdən daha çox “erməni soyqırımı”nın təəssübünü çəkməyə başlayır. Paşinyanın yeni ideyası Ermənistanı və şəxsən onun özünü Rusiya ilə yeni problemlərlə üz-üzə qoya bilər. Bunun da günahı Paşinyanda deyil, vaxtıilə zərərli ideologiyanı erməni xalqının beyninə yeridən Kreml ideoloqlarındadır”.

İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Ermənistanda baş nazir Nikol Paşinyan düşüncə inqilabını həyata keçirir: “O, erməni cəmiyyətində illərlə qatlaşmış, kök atmış streotipləri, mənasız ideologiyanı darmadağın edir, erməni cəmiyyətində düşünən bilən insanların, siyasi təfəkkürə malik adamların dilə gətirə bilmədiyi fikirləri Ermənistanın xilası naminə açıq şəkildə ifadə edir. Bu, düşüncə inqilabını tədricən həyata keçirməkdir. Əslində Nikol Paşinyanın dedikləri o fikirlərdə gizli heç nə yoxdur, o fikirlərin həqiqi olduğuna da şübhə yoxdur. Paşinyan olanları sadəcə olaraq dilə gətirir. Bu fikirlərin hazırkı vəziyyətdə dilə gətirilməsi baş nazir üçün bir sıra təhdidlər formalaşdıra bilər. Xüsusilə, nəzərə almaq lazımdır ki, Ermənistanda çox ciddi həlledici mərhələ başlayır. Növbəti ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək və Nikol Paşinyanın və komandasının, eləcə də Ermənistanın müqəddəratı həll olunacaq. Belə bir həssas və taleyüklü dövrdə Paşinyanın uzun illər boyu formalaşdırılan süni ideologiyaya qarşı həmin fikirləri səsləndirməsi nə qədər riskli olsa cəmiyyətin düzgün yola yönləndirilməsi üçün çox önəmlidir. Ermənistan cəmiyyəti dəyişməlidir, islah olunmalıdır, sülhə hazır olmalıdır. Paşinyan cəmiyyəti risklər bahasına olsa da buna hazırlamaq istəyir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ