İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yolu düzəltdilər, amma səkini unutdular” - Sahil qəsəbəsindən şikayət

Ötən ay Qaradağ rayonu, Sahil qəsəbəsində, Məhərrəm Seyidov küçəsində təmir aparılıb. Bir neçə gün davam edən təmirdən sonra bu günlərdə yolun nişanlanması işləri də həyata keçirilib. Lakin işin natamam aparılması qəsəbə sakinlərinin narahatlığına səbəb olub. Belə ki, küçə boyu səkilər salınmayıb. Nahamar səkilərdə hərəkət edə bilməyən sakinlər xüsusilə uşaqlar üçün narahatdırlar. Çünki səki olmaması üzündən uşaqlar yolun kənarı ilə getməyə məcburdurlar. Asfalt örtüyü yeniləndikdən sonra avtomobillər də demək olar ki, sürət rejiminə əməl etmirlər. Bu da yol kənarı ilə getməyə məcbur olan sakinlərə təhlükə yaradır.

Qəsəbə sakini Anar Mövsümov “Yeni Müsavat”a bildirdi ki, payız ayları olduğunu nəzərə alaraq, işlərin tez yekunlaşmasına ehtiyac var:

“Oktyabr ayıdır. Bu gün-sabah yağış yağacaq. Hər yer palçıq olacaq. Səkilər bərbad vəziyyətdədir. Yol da sürüşkən olacaq. Bu da əlavə təhlükə yaradacaq. Sağ olsunlar, yolu düzəldiblər, amma səkiləri də təcili səliqəyə salsınlar”.

Zemfira Orucova isə nəvələri üçün narahatdır:

“Hər gün nəvələrimə deyirəm ki, səki ilə getsinlər. Amma səkilər daşlı, çınqıllıdır. Təmirdən sonra daha da pis vəziyyətə düşüb. Bir də maneə qoyulmadığından bəzi sürücülər avtomobili səkidə saxlayır. Nəvələrim də məcbur olub yolun kənarına çıxmalı olurlar. Yolu düzəldəndən sonra maşınlar sürətlə hərəkət edir. Uşaqdır, hər an hər şey ola bilər. Qorxuruq. Bu işi tam görsünlər. 1 aydır yolu düzəldiblər, amma səkini düzəltmirlər”.

Hər gün bu yoldan istifadə edən sürücülər də narazıdır. Faiq Vəliyev yol örtüyü ilə bağlı narazılığını bildirdi:

“Təmir təzə yekunlaşmışdı. Liseyin yanındakı dördyolda, dayanacağın yanında əsas yola bitişik yerdə çuxur qalmışdı. Belə deyək, digər yol təmirsizdir. Ona görə əsas yola keçiddə bir boruluq yer var idi. Hər gün təkərlər ora düşürdü. Şikayət etdik, düzəltdilər. İndi də başqa problem yaranıb. Səkilər narahat olduğu üçün piyadalar yola çıxırlar. Qınamıram, düz yolda rahat getmək istəyirlər, amma bu təhlükəlidir axı?! Onlara da, bizə də problemdir. Hadisə olanda bir dəfə olur. Yağış yağsa, palçıq olacaq, o da başqa cür problem yaradacaq. Xahiş edirik, bu işə bir əncam çəksinlər”.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ötən ayın əvvəlində verdiyi rəsmi məlumatında qeyd olunub ki, Qaradağ rayonunun Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsinin təmiri yekunlaşmaq üzrədir:

“Küçənin uzunluğu 3200, ortalama eni 14 metrdir.

Təmir çərçivəsində:

-köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi,

-zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması,

-əks-dolğu,

-küçənin profilə salınması işləri görülüb.

Hazırda ərazidə mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.

Cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19.6 km təşkil edir. Artıq bir çox küçədə təmir işləri yekunlaşıb”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR