İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yol terroru” 9 ayda 627 can aldı - səbəblər, çıxış yolu

Ekspert: “Təsirli layihələr icra olunmalı, sürücülərin təkmilləşdirilməsi məsələsinə baxılmalıdır”

2023-cü ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Statistika Komitəsindin məlumatında deyilir. Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2 faiz azalaraq 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb. Hadisələrin 43,6 faizi gündüz, 39,6 faizi gecə, 16,8 faizi isə toran vaxtı baş vermiş, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məlumata görə, yol-nəqliyyat hadisələrinin 87,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 454 nəfər, yaralananların sayı isə 1,1 faiz azalaraq 981 nəfər olub.

Həmçinin hesabatda bildirilib ki, bu ilin ilk 9 ayında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən 18 hadisə baş verib ki, nəticədə 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 15-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Xatırladaq ki, ötən il 1668 yol nəqliyyat hadisəsi qeydə alınmışdı ki, onlardan 843 nəfəri həlak olmuşdu. Bu isə 2021-ci illə müqayisədə 1,2 faiz çox deməkdir.

Beləliklə, ildən-ilə ölkədə yol qəzalarının, həmçinin qəzalarda həlak olanların sayı artmaqdadır. Bəs “yol terroru”nun əsas səbəbləri nədir? Bəzi ekspertlərin fikrincə qəzaların böyük əksəriyyətinə səbəb yol hərəkəti qaydalarına düzgün əməl edilməməsidir.  Qəza zamanı sürücülər piyadaları, piyadalar isə sürücüləri günahlandırır. Qeyd edək ki, iki gün öncə yol qəzasında həlak olan tanınmış alim Arif Acaloğlunun piyadaların keçidi üçün nəzərdə tutulmayan ərazidən yolu keçərkən qəzaya tuş gəldiyi məlum olub.

Elməddin Muradlı - Turkic World

Elməddin Muradlı

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a danışıb:

“Bəli, son vaxtlar yol qəzalarının sayı artıb. Vəziyyətə nə qədər nəzarət edilməyə çalışılsa da görünəni odur ki, hadisələrin qarşısını almaq çətindir.

Artıq dövr dəyişib, informasiya texnologiyaları əslində müxtəlif layihələr, olmalıdır, təsirli layihələr icra olunmalı, sürücülərin təkmilləşdirilməsi məsələsinə baxılmalıdır.

Bu gün avtonəqliyyat vasitəslərinin sayı durmadan artır. Yol polisi də qəzaların sayının artmasının onunla əlaqələndirir ki, əvvəllər nəqliyyat vasitələrinin sayı az idisə, indi həddindən artıq çoxdur. Alimin ölümü ilə nəticələnən yol qəzası da onu göstərdi ki, savadlı, ziyalı insanlar da bu cür qəzalarda həlak olur və yaxud qəza törədir. Bu bir siqnaldır və bunun qarşısı  mütləq şəkildə ciddi tədbirlərlə alınmalıdır. Sözlərdən ciddi əməllərə keçmək dövrü gəlib çatıb".

Ekspert qeyd edib ki, son vaxtlar piyadalarla bağlı da vəziyyət çox pisləşib:

“Əsas təhlükələr də məhz piyadalarla bağlı olur. Əvvəllər maşınlar insanları bir-bir vururdusa, indi 2-3 nəfəri birdən vurur, çünki piyadalar məsuliyyətsiz davranır. Məsələn, görürük ki, ana yanında övladı ilə yüksək sürətli yoldan keçməyə çalışır, bununla da həm özünün, həm də övladının həyatını təhlükə altına atır. Və yaxud görürük ki, piyada əlində telefon piyada keçidindən deyil, bir neçə zolağı olan yoldan keçir. Bu zaman qəza törədən sürücünü məsuliyyətə cəlb etmək nə dərəcədə obyektivdir?

Yol hərəkəti təhlükəsizliyi səthi yanaşmanı sevmir. Bu məsələyə ciddi yanaşılmalıdır. Əvvəllər piyadalarla  bağlı ciddi cərimələr tətbiq olunurdu. Biz gördük ki, bununla bağlı nəticə etibarı ilə müəyyən dəyişikliklər oldu, ümumən gördük ki, piyadalar özlərində bir məsuliyyət hissi keçirir, qəzalara səbəb olmurlar. Yəni, onların üzərində mütəmadi nəzarət var idi. Amma son vaxtlar bu məsələdə bir boşluq yaranıb, ona görə də piyadalar ilə bağlı qəzaların sayı artıb".

Bəs piyadanın səhlənkarlığına görə baş verən qəzada sürücü cinayət məsuliyyətindən azad oluna bilərmi?

Hüquqşünas Ramil Süleymanovun fikrincə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa görə, piyada zolağı olmayan yerlərdə, yaxud tənzimlənməyən yol ayrıclarında piyadalar digər yol nəqliyyat iştirakçılarına nisbətdə üstünlük hüququna malikdirlər.

“Əgər avtonəqliyyat hadisəsi zamanı piyadanın sağlamlığına ziyan vuran, yaxud ölümü ilə nəticələnən hal baş verərsə, araşdırmanı aparan təhqiqatçı bu barədə suala özü birbaşa cavab verə bilməz. Çünki bu birbaşa məhkəmə avtotexnixi ekspertizasının aydınlaşdıracağı sualdır. Əgər sürücünün qəzanın qarşısını almaq üçün texniki imkanları olduğu sübuta yetirilərsə, iş birbaşa məhkəməyə göndərilir. Bu məsələ ilə bağlı hakimlər öz daxili inamlarına və sübutlara əsaslanaraq qərar verirlər”, - deyə hüquqşünas qeyd edib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR